“ABŞ prezidenti Donald Trampla Ukrayna lideri Volodimir Zelenski arasındakı qarşıdurma kifayət qədər ciddi və bənzərsiz qalmaqaldır”.
Bunu siyasi şərhçi Abutalıb Səmədov Trampla Zelenskinin məlum görüşünü Bakıvaxtı.az-a şərh edərkən deyib.
Onun sözlərinə görə, çox nadir hallarda iki ölkə lideri arasında mətbuata açıq formada bu cür qarşıdurma yaşanır:
"Əvvəldən məlum idi ki, Trampla Zelenski arasında kifayət qədər baxış fərqi var. Son bir ayda verilən qarşılıqlı bəyanatlar da göstərir ki, tərəfləri ağır danışıqlar gözləyir. Üstəlik, Zelenski ABŞ-Ukrayna arasında mineralların istifadəsi ilə bağlı sazişi iki dəfə rədd etmişdi. Bu da problem yaradan amil idi”.
Müsahibimiz qeyd edib ki, eyni zamanda Zelenski görüşə gecikdi və Ağ Ev rəhbəri bunu özünə qarşı böyük hörmətsizlik kimi gördü:
“Digər yandan Ukrayna rəhbərliyinə əvvəldən xəbərdarlıq edilmişdi ki, Vaşinqtona hansı formada gəlsin, yəni rəsmi geyim tələb edilirdi. Ukrayna nümayəndə heyətinin üzvlərinin bəziləri kostyumda gəlmişdi. Ancaq Zelenski göstərmək istədi ki, onu heç kim idarə edə bilməz və o "döyüş paltarı"ndadır. Hətta ABŞ kimi bir ölkə rəhbərinin tələbləri belə onun fərqli addım atmasına səbəb deyil. Zelenski müharibə başlayandan bu yana bir dəfə də olsun konstyum geyinməyib. Qarşılanma zamanı Zelenski maşından düşəndə Tramp ona sataşdı. Dedi ki, "çox gözəl formada gəlmisiz". Danışıqların gedişində də gərginlik özünü açıq göstərməyə başladı. Zelenski Avropanın yardımı məsələsində mübahisə etdi. Çünki Tramp söylədi ki, Ukraynaya ən çox yardımı ABŞ edib, Avropa isə az yardım göstərib. Ukrayna rəhbəri buna etirazını bildirdi".
Abutalıb Səmədov: Bu yanaşma Zelenskiyə yaraşan davranış tərzi deyildi
Analitik əlavə edib ki, Zelenski Trampın bütün fəaliyyətinə tənqidi yanaşdı. Aydın şəkildə ifadə etdi ki, belə şəraitdə Rusiya ilə sülh qeyri-mümkündür:
"Tramp hardasa 40 dəqiqəyə kimi səssiz qaldı, amma Ukrayna liderinin "arada okean var, siz hələ müharibənin nə olduğunu hiss etmirsiniz, amma hiss edəcəksiniz" sözlərini hədə-qorxu kimi qəbul etdi. Ondan sonra qarşılıqlı söz atışması başladı”.
A.Səmədova görə, əslində bu yanaşma Zelenskiyə yaraşan davranış tərzi deyildi. Ən əsası əvvəlcədən görüş belə planlaşdırılmamışdı:
“Açıqlamalar mətbuat konfransında verilməliydi, mübahisə düşən yerdə sadəcə fotolar çəkdirib qalxmalı idilər. Nəticədə baş verən qarşıdurma ABŞ-nin imicinə ciddi mənada mənfi təsir göstərdi, Ağ Evin digər dövlət rəhbərlərinə münasibətini də ortaya qoydu".
Qeyd edək ki, Ağ Evdə ABŞ və Ukrayna liderləri Donald Trampla Vladimir Zelenski arasında baş tutan görüş olduqca gərgin keçib və tərəflər ictimaiyyət önündə mübahisə ediblər. Daha sonra qapalı davam edən görüş də yarımçıq kəsilib, Zelenski Ağ Evi erkən tərk edib, birgə mətbuat konfransı və Ukrayna ilə təbii sərvətlərlə bağlı hazırlanmış sazişin imzalanması ləğv edilib.
Aydın Baxış