Bu gün, demək olar, bütün universitetlərdə payız semestrinin qış imtahanı var. Ancaq hava şəraitinə görə tələbələrin əksəriyyətin imtahana qatıla bilməyib. Belə olan halda, universitetlər həmin tələbələrə güzəştləri tanıyacaqmı?
Bakı Dövlət Universitetindən (BDU) Bakıvaxtı.az-a bildirilib ki, bu gün 2022-2023-cü tədris ilinin payız semestrinin qış imtahanında iştirak etməli olan 4827 tələbədən 4742-si imtahanda iştirak edib, 85-i isə hava şəraiti və digər səbəblərə görə imtahana gəlməyib.
Məlumata görə, imtahanda iştirak etməyən tələbələrə müvafiq qaydalara uyğun olaraq münasib vaxtda imtahan vermələri üçün imkan yaradılacaq.
"Qış imtahan sessiyasında imtahanlar iki növbədə (bakalavriat səviyyəsi üzrə yazılı imtahanlar saat 10:00-13:00-dək, şifahi və magistratura səviyyəsi üzrə imtahanlar saat 14:00-17:00-dək) keçirilir. Bakalavriatura səviyyəsində ümumilikdə 20 mindən çox, magistratura səviyyəsində isə 1975 tələbə imtahan verəcək", -deyə BDU-dan bildirilib.
Qərbi Kaspi Universitetinin mətbuat katibi Vüsal Məmmədov Bakıvaxtı.az-a bildirib ki, bu ali təhsil müəssisəsində bu gün imtahanlar təşkil olunub: “Ancaq hava şəraiti ilə bağlı imtahana gələ bilməyən tələbələr üçün əlavə imtahan təşkil olunacaq”.
Azərbaycan Dillər Universitetinin mətbuat katibi Cavid Zeynallı Bakıvaxtı.az-a açıqlamasında qeyd edib ki, ADU-da hava şəraiti ilə əlaqədar imtahanlarda iştirak edə bilməyən tələbələr üçün növbəti günlərdə yenidən imtahan təşkil ediləcək: “Gecikən tələbələrə isə güzəşt edilir”.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin mətbuat katibi Cavid Hüseynov Bakıvaxtı.az-a bildirib ki, Pedaqoji Universitet imtahanlarda iştirak edə bilməyən tələbələrə yenidən imtahan vermək imkanı yaradacaq:
“Azərbaycan Dövlət Pedaqoji Universitetində qış imtahan sessiyasının imtahanları qrafik üzrə davam edir. Hazırda ölkə ərazisində və paytaxt Bakı şəhərində müşahidə olunan qarlı hava şəraiti ilə bağlı imtahanların təşkilində hər hansı problem yoxdur.
Bununla belə, Pedaqoji Universitet rəhbərliyi bildirir ki, kəskin hava şəraiti ilə bağlı yarana biləcək problemləri nəzərə alaraq, imtahanlarda iştirak edə bilməyən və ya imtahana gecikən tələbələr üzürlü hesab olunacaq və onlara əlavə vaxt təyin edilərək iştirak edə bilmədikləri və ya gecikdikləri imtahanlara yenidən qatılma imkanı yaradılacaq”.
Azərbaycan Dövlət İqtisad Universitetinin mətbuat katibi Elnarə Məmmədova Bakıvaxtı.az-a açıqlamasında qeyd edib ki, bu gün keçirilən imtahanlarda bütün tələbələr iştirak edib: “Hava şəraiti ilə əlaqədar olaraq, tələbələrin imtahanlarda iştirakı ilə bağlı problem yaranarsa, müraciətlərə baxılaraq, müvafiq qərar veriləcək”.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin mətbuat katibi Nicat Abdullayevin Bakıvaxtı.az-a dediyinə görə, hava şəraiti ilə əlaqədar AzMİU-nun rəhbərliyinin qərarı ilə hava şəraiti ilə əlaqədar imtahana gecikən tələbələrə yenidən imtahan vermək imkanı yaradılacaq. Onun sözlərinə görə, imtahan qrafikinin təmin olunması üçün əvvəl 30 dəqiqə gecikən tələbələr imthana buraxılmırdılar, amma bu gün hava şəraiti ilə əlaqədar bu qərar verilib: "Nə qədər gecikməsindən asılı olmayaraq, gün ərzində gələn tələbələr imtahana buraxılırlar. Ümumiyyətlə, imtahana gələ bilməyən tələbələr üçün isə həftəsonları şərait yaradılacaq. Bu, imtahan sessiyası olduğuna görə, bəzi tələbələr regionlarda, uzaqda yaşayırlar, üzürlü səbəblərdən gələ bilmirlər. Onlar üçün bu, yaxud da növbəti həftəsonu imtahan vermələri üçün şərait yaradılacaq”.
N.Abdullayev deyib ki, ümumilikdə AZMİU-da hazırda imtahan sessiyasında aktivlik yüksək səviyyədədir: "Çox az sayda tələbə imtahana gecikib, onlar üçün də şərait yaradılıb”.
Aytac Aslan














jpg-1675849107.webp)

