Valideynlər əksər hallarda uşaqda ürək-damar sistemi xəstəliyi simptomlarının olduğuna lazımi diqqət yetirmir və həkimə yalnız xəstəlik dərinləşdiyi zaman müraciət edirlər. Bəzən isə bu, çox gec olur…
Tibb elmləri doktoru, əməkdar həkim, professor İbrahim İsayev Bakıvaxtı.az-a bildirib ki, son illərdə dünya əhalisi arasında ürək-damar xəstəlikləri erkən əlillik və erkən ölümün səbəbinə görə birinci yeri tutur: “Bu səbəbdən Ümumdünya Səhiyyə Təşkilatı dünyanın bir çox ölkələrində geniş miqyaslı tədqiqat işlərinin aparlmasına başlayıb və sübuta yetirilmiş təbabətin köməyilə ürək-damar xəstəliklərinin risk amillərini müəyyən edib. Əsas risk amilləri kimi qanda xolesterinin səviyyəsinin yüksəlməsi, arterial qan təzyiqinin artması, tütündən istifadə, yaş, cinsiyyət, hipodinamiya, irsi meyllik, artıq çəki, psixoemosional gərginlik, metabolik dəyişiklər, qlükozaya tolerantlığın pozulması öz təsdiqini tapıb. Aparılan tədqiqatlar göstərib ki, bu risk amillərinin əsası uşaq yaşlarında qoyulur, vaxtında aşkar edimədiyindən sonrakı illərdə proqressivləşir”.

İbrahim İsayev: "Aparılan tədqiqatlar göstərib ki, risk amillərinin əsası uşaq yaşlarında qoyulur"
Həkimin sözlərinə görə, son illərdə uşaq yaşlarından ürək-damar xəstəliklərinin sayının artmasının ilkin səbəblərindən biri kimi məhz böyüklərdə yuxarıda qeyd olunan risk amillərinin dəqiqləşdirilməsilə əlaqədar olaraq uşaqlarda həmin faktorların yoxlanılmasına diqqətin artması və xəstəliyin əlamətlərinin erkən aşkarlanmasının çoxalmasıdır.
İ.İsayev bildirib ki, hal-hazırda kardiologiyada çox yüksək informativliyə və həssaslığa malik olan texnoloji avadanlıqların, diaqnostik instrumental və laborator müayinə üsullarının əlçatanlığının olmasını göstərmək olar: “Yuxarıda qeyd olunan risk amilləri ilə yanaşı qadınların hamiləlik dövründə müxtəlif zərərli təsirlərə (dərman, kosmetika, şüalanma və s.), südəmər dövrdə uşaqların qidalanmasında daha çox süni qida qarışıqlarından istifadə, kiçik yaşlardan onların psixoemosional (yaşa uyğun olmayan zehni yükləmə) və informasiya (sosial şəbəkələr) gərginliyinə aşırı məruz qalmalarıdır. Uşaqlarda ürək-damar xəstəliklərinin qarşısının alınması üçün böyüklərdə olduğu kimi ÜST-nin müvafiq tövsiyələrinə əməl edilməlidir. Hamilə qadında fetal kardioloji çekap müayinə, uşaq anadan olduğu ilk 3 ay ərzində EKQ və EXOKQ müayinəsi aparılmalıdır. Ailəsində ürək damar xəstəsi olan valideynlər mütləq mənada uşqlarında xəstəliyin risk amillərini aşkarlamaq məqsədilə kardioloji çekap yoxlamasından keçirməklə onu daimi nəzarətdə saxlamalı, yaşa uyğun fiziki və psixoemosional yükləməyə fikir verməli, sağlam qida və həyat tərzi stereotipi yaratmağa çalışmalıdır”.
Aytac Aslan
















