• Bakı 15° C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

“Xankəndi bütövlükdə mühasirədədir” - Deputat

SİYASƏT

10 Noyabr 2021 | 14:29

“Xankəndi bütövlükdə mühasirədədir” - Deputat

Xəbər verdiyimiz kimi, Ermənistan müdafiə naziri icazəsiz olaraq Azərbaycan ərazilərinə daxil olub, qanunsuz erməni birləşmələri ilə görüşlər keçirib və onların döyüş hazırlığı barədə fikirlər səsləndirib.

Azərbaycan Müdafiə Nazirliyinin bəyanatında bildirilib ki, Ermənistanın müdafiə nazirinin bu təhrikçi səfəri qəsdən Azərbaycan Respublikası, Rusiya Federasiyası prezidentləri və Ermənistan baş nazirinin 10 noyabr 2020-ci ildə imzaladıqları üçtərəfli bəyanatın ildönümü ərəfəsində həyata keçirilmişdir.

Azərbaycan tərəfi bu təxribat məqsədli addıma qarşı necə hərəkət etməlidir?

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Bakıvaxtı.az-a bildirib ki, ötən bir il ərzində Azərbaycanın hərbi qələbəsi davam etdirilib:

“Bu dönəmdə gördüyümüz hər bir tədbirlər – Kəlbəcərdən Zəngilanadək Azərbaycanın silahlı qüvvələrinin hər bir növünün, istər Sərhəd Qoşunlarının, Müdafiə Nazirliyinin təmsilçilərinin, eləcə də Gorus-Qafan yolunda Dövlət Gömrük və polis orqanlarının nümayəndələrinin, bilavasitə, Azərbaycanın suveren hüquqlarını möhkəmləndirməsi öz-özlüyündə sübut edir ki, atılan hər bir addım, Bakının qələbədən sonra özünün hərbi zəfərinin davam etdirmək, möhkəmlənmək, onu informativ, siyasi, diplomatik müstəvidə də qoruyub saxlamaq gücünü göstərir. Lakin buradaca qeyd edək ki, indi erməni cinahında, xüsusilə də İrəvanda Bakıdan atılan addımların hər birinə indekslənmiş, yönəlmiş müxtəlif reaksiyaları görməkdəyik. Cənab Prezident ona görə də, haqlı olaraq vurğulayır ki, Ermənistan gündəlik Azərbaycanın addımları hesabına formalaşır. Bu, çox önəmli bir məsələdir. Yəni, adətən, biz 26 sentyabr 2020-ci ilə qədərki dövrdə müxtəlif beynəlxalq, regional qüvvələrin, diplomat və siyasətçilərin bu əraziyə icazəsiz gəlmələrini görərdik. Bu fonda bizim verilən bəyanatlarımız, hansısa tərtib olunan qara siyahılar, ən sonda xüsusi bir nəticələr doğurmurdu. İndiki gerçəklikdə dövlət rəhbəri dəfələrlə qeyd edib ki, Rusiya sülhməramlı qüvvələri bizim tam etirazlarımızı qəbul etməlidirlər. Azərbaycanın sərhədlərini icazəsiz keçib gələn hər hansı qüvvələr, hökumət üzvü və ya üçüncü bir dövlət nümayəndəsinin olması fərq etmir, ümumən götürdükdə, bu, həm 10 noyabr 2020-ci il razılaşmasına ziddir, həm də Azərbaycanı müxtəlif formada sərt addımlar atmağa sövq edə bilər. Bu üzdən, dövlət rəsmiləri, analitik institutlar bu dönəmdə 8 noyabr Zəfər günümüzlə bağlı hansı təxribatlar həyata keçirilə bilər, deyə, bu prizmadan müxtəlif ehtimallarını irəli sürürdülər”.

Sədr bildirib ki, bu təxribatlar içərisində Azərbaycan insanlarını bu və ya digər formada qələbə ruhundan çıxarmağa xidmət edən cəhdləri proqnozlaşdırmaq mümkün idi:

“Zənn  edirəm ki, ən sonda onlar bu meydanı tapmadıqlarından, yeganə olaraq, KİV-də Ermənistan müdafiə nazirinin Xankəndinə gəlişi ilə bağlı məlumat yaydılar. Dərhal Azərbaycan Müdafiə Nazirliyi məsələyə çox sərt reaksiya verdi. Amma bu, yalnız informasiya döyüşü deyildi. Həmin günlərdə Qarabağda 4 erməni mülki yaşayan ermənilərə qarşı, guya bizim təxribat törətməyimizlə bağlı bütün erməni informasiya məkanını hərəkətə gətirmək yönündə addımlar atıb. Bu addımlar bizə qarşı deyil, Paşinyan hakimiyyəti devirmək istiqamətində atılan addımlar idi.

İndiki gerçəklikdə hər hansı nazirin orada gəlib görüşlər aparması hərbi-siyasi baxımından yeni nəticələr doğurası deyil. Xankəndi bütövlükdə Azərbaycanın bütün tədbirləri, inzibati, coğrafi , iqtisadi, real həyata keçirilən landşaft tədbirləri, yeni yol şəbəkələri, infrastruktur layihələri hesabına bütövlükdə mühasirədədir. Xankəndinin belə bir mühasirə durumunda keçmişdə işğal elədikləri 20% ərazi üzərində saxta dövlət qura bilməyənlər, indiki gerçəklikdə sadəcə bizim emosiyalarımıza, qələbə ruhumuza təsir göstərmək və bu xarakterdə müxtəlif addımları görməkdəyik.

Paşinyan son bir ildə bir dəfə də olsun, “Qarabağ Respublikası” terminini dilə gətirməyib. Paşinyan axrıncı dəfə də Araik Hartyunyanla görüşlərində simvolikaların olması fonunda erməni cəmiyyətində hadisələri qabartmaq istəyən qüvvələri, məhz onun əleyhinə çevirdilər. Amma Azərbaycandan da bu məsələyə də xüsusi bir reaksiya yox idi.

Ona görə də, zənn edirəm ki, biz 26 sentyabr 2020-ci ilə qədərki sindromu ictimai həyatımızdan, siyasi məkandan silib atmalıyıq.

Əgər doğurdan da, erməni müdafiə naziri Qarabağa gəlibsə, bu istiqamətdə Azərbaycanın elə tədbirləri olacaq ki, ermənilər növbəti dəfə o marşurut üzrə hərəkət etməyi özlərinin ilk növbədə təhlükəsizliyinə zərbə sayacaqlar.

Bu məsələlərə hər bir səviyyədə etirazlar önəmlidir. Lakin biz daha artıq dərəcədə reaksianist davranışları deyil, qabaqlayıcı, dominantlıq kəsb edən addımları atmalıyıq ki, o fonda regionda arzu etdiyimiz siyasi perspektivləri formalaşdıra bilək”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026