Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində magistral su kəmərində baş vermiş qəza aradan qaldırılıb.
Bakıvaxtı.az xəbər verir ki, bunu “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr sektorunun rəhbəri Anar Cəbrayıllı bildirib.
O qeyd edib ki, hazırda kəmərin su ilə doldurulması və qazılmış ərazidə yol yatağının bərpası işləri aparılır:
“Bu müddətdə mərkəzi və məhəllədaxili anbarlardakı su ehtiyatı hesabına əhali normal qaydada içməli su ilə təmin olunub”.
***18:00
Məlumat verildiyi kimi, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən magistral su kəmərində baş vermiş qəza nəticəsində ətrafı basmış suyun çəkilib kənarlaşdırılması məqsədilə əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.
FHN-dən Bakıvaxtı.az-a verilən məlumata görə, görülmüş tədbirlər sayəsində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması işi sona çatdırılıb.
11:35
Bakıda magistral su kəmərində qəzanın baş verdiyi ərazidə asfalt və səkilər yuyulur.
Bu barədə Bakıvaxtı.az-a Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) məlumat verilib.
Qeyd olunub ki, paytaxtın Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən 1400 mm-lik magistral su kəmərində baş vermiş qəza ilə bağlı səhər saatlarından etibarən BŞİH-in xüsusi təyinatlı texnikası, həmçinin Bakı şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin əməkdaşları əraziyə gedib və hazırda ərazidə təmizlik işləri aparılır.
Bildirilib ki, hadisə baş vermiş ərazidə asfalt və səkilər əməkdaşlar tərəfindən yuyulub təmizlənir, işlər hələ də davam edir.
10:58
"Bakının Yasamal rayonunda magistral su kəmərində baş vermiş qəza nəticəsində ərazidə suçəkmə işləri iki saat ərzində yekunlaşa bilər".
Bakıvaxtı.az xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Yasamal Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi, polkovnik Rəşad Nəsirov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, qəza səbəbindən ərazidə olan yaşayış binasının, təxminən, 1500 metrlik ərazisində bir metr dərinliyində su olub.
Nazirlik rəsmisi bildirib ki, hazırda suyun miqdarı 60 sm azalaraq 30 sm-ə enib.
O, obyektə nə qədər ziyan dəyməsi ilə bağlı dəqiq informasiyaya sahib olmadığını vurğulayıb: "Çünki hazırda suçəkmə işləri ilə məşğuluq. İki saat ərzində işlər yekunlaşa bilər".
R.Nəsirov bildirib ki, suçəkmə prosesinə FHN-in üç avtomobili və digər vasitələri cəlb olunub.
10:10
Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən 1400 mm-lik magistral su kəmərində baş vermiş qəza ilə bağlı xəttə suyun verilməsi dayandırılıb, ərazidəki su çəkilib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə yerində Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri, “Azərsu” ASC-nin və Yasamal Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin əməkdaşları çalışır.
Hazırda ərazidə su qalmayıb və ərazinin təmizlənməsi işləri aparılır. /Report
08:43
"Azərsu" ASC Bakını su ilə təmin edən irihəcmli su xəttlərindən birində baş verən qəza ilə bağlı açıqlama yayıb.
Qurumdan Bakıvaxtı.az-a bildirilib ki, "+ 152 Alatava" və "+ 82 Qərb" mərkəzi su anbarlarını əlaqələndirən 1400 mm-lik magistral su kəmərində bu gün səhər saatlarında qəza baş verib.
"Dərhal "+ 52 Alatava" su anbarında nasosların fəaliyyəti dayandırılıb. Hadisə yerinə Bakı Sukanal və Yasamal rayon Sukanal idarələrinin qəza briqadaları, xüsusi texnika cəlb olunub".
Qeyd olunub ki, magistral kəmərdə qəza ilə əlaqədar Yasamal və Səbail rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
İşin gedişi ilə əlaqədar əlavə məlumat veriləcək.
***
08:34
Yasamal rayonunda su borusu partlayıb, ərazidən keçən avtobusların hərəkətində gecikmələr yaşanıb.
Bakı Nəqliyyat Agentliyindən Bakıvaxtı.az-a bildirilib ki, Əsəd Əhmədov küçəsində su borusunun partlaması səbəbindən həmin ərazidən keçən 211, 77, 194 nömrəli marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib.
Hal-hazırda qeyd olunan marşrtlar üzrə avtobuslar alternativ küçələr ilə hərəkət etməkdədirlər.
***
08:30
Bakı Şəhər Yeni Yasamal ərazisində su borusu partlayıb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Yeni Yasamalda yerləşən "Günəş petrol"un yaxınlığında baş verib.
Hadisə anının videosu sosial şəbəkədə yayılıb.
Sözügedən videonu təqdim edirik:
Nuranə Daxilqızı


jpg-1666792810.jpg)




















