• Bakı 14° C

    1.67 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 2.1118

Zelenski Zalujnını niyə dəyişdi?

DÜNYA

09 Fevral 2024 | 12:58

Zelenski Zalujnını niyə dəyişdi?

Prezident Volodimir Zelenskinin Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Zalujnını vəzifəsindən azad etməsi Ukrayna, Rusiya və dünya mediasında böyük rezonansa səbəb olub.

Bakıvaxtı.az xəbər verir ki, 27 iyul 2021-ci ildən sözügedən hərbi vəzifəyə rəhbərlik edən Valeri Zalujnı ilə Volodimir Zelenski arasında “soyuq küləklər”in əsməsinə səbəb isə ötən il Zalujnının “The Economist”ə müsahibəsində cəbhədəki döyüşlərin dalana dirəndiyi etiraf etməsi faktı idi.

Bundan sonra Ukrayna cəmiyyətində bir-birinin ardınca partlayan bombalar artıq Zelenski-Zalujnı qarşıdurmasının yeni pərdəyə keçdiyini göstərirdi. Sabiq Baş Qərargah rəisinin köməkçisi Gennadi Çastyakovun ad günündə qumbara ilə ehtiyatsız davranması nəticəsində ölməsi bir çox siyasi analitiklər tərəfindən Zelenskinin Zalujnıya “hədiyyə”si kimi qiymətləndirilmişdi. Ukrayna Ali Radasının keçmiş deputatı İlya Kivanın bu iddianı ortaya atması isə vəziyyət bir xeyli gərginləşdirmişdi.

Qərb mətbuatının 2023-cü ilin sonlarına yaxın yayımladığı informasiyalar, o cümlədən hesabatlara əsasən, reytinqi düşən Zelenski hakimiyyəti mütləq şəkildə kimisə “günah keçisi” olaraq təqdim etməli idi. Bəzi iddialara görə isə vəzifəsindən azad edilən Zalujnı Zelenskinin “ayağına dolaşmasın” deyə hakimiyyət onu səfir göndərmək niyyətindədir. Beynəlxalq analitiklərin fikrincə, Qərbdəki bir çox dairələr tərəfindən post-Zelenski dövrü üçün əsas namizəd seçilən Zalujnının “vurulması”, ən yaxşı halda isə Böyük Britaniyaya səfir göndərilməsi Ukrayna hakimiyyətinin müharibəni yeni fazaya keçirmək niyyətlərini özündə ehtiva edir.

Zalujnının yerinə təyin edilən və əslən rus olan Aleksandr Sırski isə Ukrayna cəmiyyətində “qəssab” və “ət maşını” kimi tanınır. Kiyevin müdafiəsi və Xarkovətrafı ərazilərin azad edilməsində böyük rol oynayan Ukrayna Quru Qoşunlarının komandanı olan Sırski Zalujnıdan fərqli olaraq müharibəyə başqa tezislərdən baxır. Ukrayna hərbi elitasında reytinqi zəif olan Sırskinin Zelenski ilə oxşar tərəfi isə müharibəni davam etdirmək ehtirasından vaz keçməməsidir.

Zalujnının Ukrayna ordusuna rəhbərlik etdiyi dövrləri şərh edən siyasi təhlilçilər isə qeyd ediblər ki, Zalujnı rus hərbi doktrinasını əla bilən bir generaldır. Çünki o, bir çox rus generalları ilə bir yerdə təhsil alıb. Ehtimallardan biri isə budur ki, Zalujnı müdafiəni əldə olan imkanlar daxilində rusları tanıdığından pis-yaxşı bu günə qədər qura bilmişdi. Lakin hazırkı resurslar baxımından keçən ilin yayı üçün planlaşdırılan əks-hücumu edə bilməmişdi.

Məhz hücum potensiallarının kasad olmasına görə də Zelenski hərbi istiqamətində Zalujnıdan fərqli düşünən Aleksandr Sırskini sözügedən vəzifəyə təyin etdi. Hazırda Ukrayna cəmiyyətində müharibənin qələbə ilə yekunlaşacağını iddia edənlər sayı günü-gündən azalır. Bundan əlavə, Qərbdən Kiyevə olan münasibətlərin kəskin surətdə dəyişməsi, eləcə də Rusiya prezidenti Vladimir Putinin reytinqini yüksəltməsi Ukraynanın adıçəkilən müharibədə dalana dirəndiyi sübuta yetirmiş oldu. Hətta amerikalı jurnalist Taker Karslona müsahibə verən Rusiya lideri Qərbi Ukrayna məsələsində ittiham edərək Moskvanın “qələbə” üçün əlindən gələcəyini etiraf etmişdi.

İkinci illiyi yaxınlaşan Ukrayna böhranı isə faciəvi şəkildə dalana dirənib. Hadisələrin yekun nəticəsi, yaxud müharibənin bitmə ehtimalları isə sual altındadır.

Rafi Müslümov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR