• Bakı 12° C

    12.45 m/s

  • USD - 1.7

    EUR - 1.8297

    RUB - 0.0185

Zəngəzur dəhlizinə qarşı canfəşanlıq edənlər: ABŞ-Rusiya arasında ciddi qarşıdurmanın şahidi olacağıq

SİYASƏT

26 Aprel 2024 | 09:31

Zəngəzur dəhlizinə qarşı canfəşanlıq edənlər: ABŞ-Rusiya arasında ciddi qarşıdurmanın şahidi olacağıq

"Ermənistan ətrafında elə ölkələr var ki, onlar birbaşa olaraq Azərbaycanın layihələri ilə əhatələniblər. Belə olan təqdirdə Ermənistanın "Sülh kəsişməsi" layihəsi Azərbaycan və Türkiyə ilə əməkdaşlıq olmadan, münasibətlər qurulmadan mümkün deyil".

Bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.

Ekspert bildirib ki, Ermənistan Azərbaycan və Türkiyənin razılığı olmadan Gürcüstanla hər hansı layihəni də reallaşdıra bilməz:

"Ermənistanın "Sülh kəsişməsi" layihəsi ilə bağlı dəstəyi ABŞ və Avropa İttifaqı Brüsseldə bəyan etmişdi. ABŞ Dövlət katibi Antoni Blinken öz çıxışında bunu xüsusi vurğulamışdı və nədənsə Zəngəzur dəhlizini unutmuşdu. Əslində düşünmürəm ki, Zəngəzur dəhlizi ilə bağlı Ermənistan daxilində ciddi ziddiyyət var. Sadəcə olaraq, dəhliz komponenti və s. məsələlər sual altındadır. Bu isə daha çox qlobal oyunçular arasında mübarizədən qaynaqlanır”.

Dünyanın ayrı-ayrı kommunikasiya xətlərində ciddi şəkildə problemlərin olduğunu görürük. Kommunikasiya xətləri uğrunda anqlosakson dünyası, Fransa, Hindistan, Çin, Rusiya bir-biri ilə kəskin mübarizə aparır:

“Bu kəsişmələrdən biri Ukrayna idi və indiki vəziyyət hamıya məludmur. Digər nəqliyyat kəsişməsi Süveyş kanalı ilə bağlıdır. Süveyş kanalı ətrafında da ciddi problemlər mövcuddur. Çinlə Rusiyanın müəyyən maraqları toqquşur. Cənubi Qafqazda da eyni problemləri yaratmaq istəyirlər. Zəngəzur dəhlizinin reallaşması istiqamətində problemlər var".

Zaur Məmmədov: Zəngəzur dəhlizi ilə bağlı Ermənistan daxilində ciddi ziddiyyət var

Z.Məmmədov vurğulayıb ki, Zəngəzur dəhlizinin mühafizəsinin üçtərəfli bəyanatda Rusiyaya həvalə olunması ilə bağlı konkret müddəa var:

"Əslində bizim üçün fərq etmir, orada beynəlxalq mexanizm də ola bilər. Amma əsas odur ki, Zəngəzur dəhlizi ətrafındakı bölgə hərbiləşdirilməsin. Ermənistanın Fransa və Hindistan silahları ilə təchiz olunması göstərir ki, proses ona doğru gedir. Həmçinin, Avropa İttifaqının Ermənistandakı missiyasına kanadalılar da qoşulub. Bir müddət sonra amerikalılar da gələcək. Görünən odur ki, qarşıdakı dönəmdə Zəngəzur dəhlizinin açılmasını deyil, ABŞ-Rusiya arasında ciddi qarşıdurmanın şahidi olacağıq".

Qeyd edək ki, Prezident İlham Əliyev “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışı zamanı Zəngəzur dəhlizindən danışıb. Dövlət başçısı deyib ki, onun üçün böyük sual olaraq qalır ki, nəyə görə onlar Zəngəzur dəhlizinə qarşı bu cür canfəşanlıqla çıxırlar:

"Nəyə görə onlar bunu təhlükə kimi görürlər? Onlarda bir növ fobiya var və mən bunun izahını bilmirəm. Onlar hətta “dəhliz” sözünə qarşı çıxırlar. “Düşünürlər ki, dəhliz suverenliyin pozulması deməkdir. Biz Azərbaycan ərazisindən keçən Şimal-Cənub Nəqliyyat Dəhlizindən danışanda, bizdə belə fobiya yoxdur. Dəhliz yaxşı məlum olan beynəlxalq sözdür və onlar Zəngəzur dəhlizinin adını eşitdikcə sanki ağıllarını itirirlər. Bir sözlə, bu, çox qəribədir. Lakin bir daha qeyd etmək istəyirəm ki, biz gələcək haqqında düşünməliyik”.

Aydın Baxış


SON XƏBƏRLƏR

06 May 2024