“ABŞ-nin hərbi-siyasi rəhbərliyi elə zənn edirdi ki, İranla müharibə qısamüddətli olacaq və Tehran hökuməti devriləcək”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
Onun sözlərinə görə, Amerikada düşünürdülər ki, İranın əsas infrastrukturuna əsaslı zərbələr endirməklə bu ölkəni sıradan çıxarmaq mümkün olacaq. Ona görə də ABŞ rəhbərliyi tez-tez İran üzərində əldə edəcəyi qalibiyyətdən danışırdı:
“Amma belə olmadı. İranın silahları tükənməyib. ABŞ-nin siyasi elitası artıq etiraf edir ki, 1 ay ərzində onlar İranın raket arsenalının üçdə birini məhv edə biliblər. Ancaq bu da bir iddiadır. İranın işlək vəziyyətdə olan raket sistemlərinin daha çox olduğu da bildirilir”.
Müsahibimizə görə, məsələ ondadır ki, ABŞ və İsrailin İrana qarşı hücumları davam etsə də, İranın müqavimətinin həcmi heç də azalmır. Dediyinə görə, əksinə, İrandan atılan raketlərin İsrail ərazisinə daxil olur və gücləndirilmiş hava hücumundan müdafiə sistemlərini aşır. İranın kənar ölkələrdə proksi qüvvələri də mövcudluğunu qoruyur.
İ.Vəlizadə qeyd edib ki, narahatlıq doğuran digər məsələ isə İranın Körfəz ölkələrində ABŞ-yə məxsus infrastrukturları hədəf alması, dağıtmasıdır. Bu da öz növbəsində dünya bazarında çaxnaşmaya, qiymətlərin artmasına, etirazların yaranmasına səbəb olur. Sıravi insanlar da bu müharibənin ziyanını görürlər.

İlqar Vəlizadə: ABŞ və İsrailin hücumları davam etsə də, İranın müqaviməti azalmır
Politoloq əlavə edib ki, müharibə davam etsə də, ABŞ və İsrail öz hədəfinə nail ola bilmir:
“Bu da imkan vermir ki, onlar öz ictimaiyyətlərinə real və konkret nəticələr göstərsinlər. Ona görə də etizların miqyası genişlənir”.
Onun sözlərinə görə, mühüm məqamlardan biri də odur ki, müharibə nəticəsində neft daşımalarının axsaması, tankerlərin, enerji infrastrukturlarının hədəf olması neftin qiymətlərini də artıracaq:
“Gübrə daşımalarının qeyri-mümkün olması kənd təsərrüfatını ciddi ziyana uğradacaq. Bu da bahalaşmaya yol açacaq. Sıravi adamlar bu suala cavab tapa bilmirlər ki, müharibə ABŞ-yə nəyə görə lazımdır?! Avropa ölkələri də son 4-5 ildir böhranlı vəziyyətdədir. Üstəlik, İranla müharibə vəziyyəti daha da qəlizləşdirib. Avropa cəmiyyətlərinin öz hökumətlərinə haqlı etirazları da bununla bağlıdır”.
Aydın Baxış
Bakı 












