• Bakı 10° C

    8.05 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.171

Azərbaycan-Türkiyə-Şimali Kipr deputatları görüşdü
SİYASƏT
09 Aprel 2026 | 16:06

Azərbaycan-Türkiyə-Şimali Kipr deputatları görüşdü

Bu gün Mili Məclisdə Azərbaycan-Türkiyə-Şimali Kipr Parlamentlərarası əlaqələr üzrə işçi qruplarının 3-cü iclası keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan, Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərinin işçi qruplarının birgə görüşündə deputatlar ölkələr arasında qarşılıqlı münasibətlərin, türk dünyasının birliyi və parlamentlərarası əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparıblar.

İclasa sədrlik edən Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov bildirib ki, iki ölkə arasındakı əməkdaşlıq və dostluq əlaqələri hər zaman yüksək səviyyədədir. O qeyd edib ki, Azərbaycanın bütün çətin günlərində Türkiyə qardaşlarının dəstəyi önəmli olmuş, qardaşlıq və dostluq əlaqələrinin möhkəmliyini nümayiş etdirmişdir.

Əmiraslanov vurğulayıb ki, Şuşa bəyannaməsi ölkələr arasındakı qardaşlıq və əməkdaşlığın rəmzidir və bu münasibətlər gələcəkdə də inkişaf etdiriləcəkdir.

O həmçinin Azərbaycanın Türk qardaşlarına dəstək verməyə daim hazır olduqlarını və parlamentlərarası işçi qrupunun bu istiqamətdə fəaliyyətini davam etdirəcəyini qeyd edib.

Şimali Kipr Türk Respublikası Məclisinin sədri, Şimali Kipr Türk Respublikası - Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Ziya Öztürklər çıxışında Şimali Kipr Türk Respublikasının Türk Dövlətləri Təşkilatına tamhüquqlu üzv olması üçün Azərbaycan və Türkiyənin böyük dəstəyi olduğunu və bu dəstəyin onların mübarizə əzmini gücləndirdiyini qeyd edib:

"İnanırıq ki, Azərbaycan və Türkiyə parlamentləri, o cümlədən Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əməkdaşlığımız gücləndiriləcək. Türk dünyasının gücü eyni dili, dini və soyu paylaşdığımız türk dünyası ilə aramızda əsrlik tarixi və mədəni bağların olmasından qaynaqlanır".

Türkiyə Böyük Millət Məclisi - Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Milli Məclisdə keçirilən Azərbaycan, Türkiyə və Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərinin işçi qruplarının birgə görüşü zamanı etdiyi çıxışında yalnız Azərbaycanla Ermənistan arasında sülh, uzunmüddətli barış baş tutduğu halda Türkiyə-Ermənistan sərhədlərinin də açılacağını vurğulayıb.

O qeyd edib ki, Türk dövlətləri arasında təhsil, enerji, təhlükəsizlik məsələləri, mədəni tədbirlərin gücləndirilməsi çox önəmlidir.

"Türk Dövlətləri Təşkilatı təkcə əməkdaşlıq platforması deyil, həm də ortaq tarixin, mədəniyyətin və gələcəyin institusional təminatıdır", - Ayrım deyib.

Dostluq qrupunun rəhbəri bildirib ki, Azərbaycan və Türkiyə arasında parlamentlərarası əməkdaşlıq həm regional, həm də türk dünyasında strateji əhəmiyyət daşıyır. O qeyd edib ki, son dövrlərdə İran və ABŞ arasında baş verən gərginliklər fonunda Azərbaycan və Türkiyənin koordinasiyalı hərəkətləri bölgədə stabilliyin qorunmasında vacib rol oynayır.

Şamil Ayrım vurğulayıb ki, enerji, təhlükəsizlik və ticarət sahələrində Azərbaycanın rolu, Türkiyənin enerji keçid mərkəzi kimi strateji mövqeyi yalnız iqtisadi deyil, həm də regional təhlükəsizlik baxımından önəmlidir. O əlavə edib ki, Aralıq dənizindəki gərginliklər və Kipr məsələsi bu strateji əhəmiyyəti daha da artırır və bölgədə daimi barışın təmin edilməsi üçün birgə əməkdaşlıq vacibdir.

O həmçinin Azərbaycan və Türkiyə prezidentlərinin dəstəyini qeyd edərək, parlamentlərarası dostluq qurumlarının bu əməkdaşlığı gücləndirmək və türk dünyasında birgə fəaliyyətin inkişafına töhfə vermək üçün vacib olduğunu bildirib.


SON XƏBƏRLƏR