ABŞ-İsrail və İran arasında əldə olunan atəşkəs ilk baxışda “hər iki tərəfin qələbə elan etdiyi” klassik situasiyanı xatırladır. Lakin münaqişənin gedişi və nəticələrinə daha soyuq analizlə baxdıqda aydın olur ki, tərəflərdən heç biri ilkin maksimalist tələblərinə tam nail ola bilməyib.
Bu isə onu göstərir ki, əldə olunan razılaşma qələbədən çox, qarşılıqlı məcburiyyətlər və risklərin idarə olunması nəticəsində formalaşmış bir “operativ fasilə”dir. Müharibənin başlanğıc mərhələsində səsləndirilən sərt siyasi və hərbi şərtlər son mərhələdə ya yumşaldılıb, ya da qeyri-müəyyən şəkildə gələcək danışıqlara ötürülüb.
Hərbi aspektdən baxdıqda ABŞ və İsrailin əsas hədəfi İranın strateji imkanlarını zəiflətmək idi. Bu istiqamətdə müəyyən nəticələr əldə olunduğu görünür: İranın hərbi infrastrukturu, xüsusilə proksi şəbəkələri və bəzi nüvə obyektləri ciddi zərbələr aldı. Bununla belə, İranın nə nüvə proqramından, nə də raket potensialından imtina etməsi baş vermədi. Əksinə, Tehran bu sahələri danışıqlar mövzusuna çevirsə belə, onları strateji təhlükəsizlik elementi kimi qorumağa çalışır. Bu isə onu göstərir ki, hərbi əməliyyatlar İranı geri çəkilməyə yox, daha çox taktiki uyğunlaşmaya məcbur edib.
Siyasi müstəvidə isə vəziyyət daha mürəkkəbdir. ABŞ və İsrailin irəli sürdüyü “rejim dəyişikliyi” kimi maksimalist məqsəd reallaşmadı. İran daxilində hakimiyyət strukturu qorunub saxlanıldı və bu, Tehranın özünü daxili sabitlik baxımından qalib kimi təqdim etməsinə imkan verir. Lakin bu sabitlik zahiri xarakter daşıyır. Müharibə İranın həm hərbi, həm iqtisadi, həm də beynəlxalq mövqelərini zəiflətdi və onu daha çox danışıqlara açıq vəziyyətə gətirdi. Digər tərəfdən, ABŞ administrasiyası da münaqişəni genişmiqyaslı regional müharibəyə çevirmədən dayandırmaqla öz strateji risklərini məhdudlaşdırdı və qlobal enerji bazarındakı təzyiqi nəzarətdə saxladı.
Bu kontekstdə Hörmüz münaqişənin əsas düyün nöqtəsinə çevrildi. Müharibə göstərdi ki, bu boğaz təkcə enerji daşımalarının yolu deyil, həm də siyasi və hərbi təzyiq alətidir. İran üçün Hörmüz bir növ “strateji çəkindirmə rıçağıdır”. Yəni, müharibə vəziyyətində qlobal bazara təsir etmə imkanından söhbət gedir. Lakin eyni zamanda bu rıçağın istifadəsi İranın özünü beynəlxalq təzyiq altına salır. Hüquqi baxımdan boğaz üzərində tam nəzarət iddiası beynəlxalq dəniz hüququ ilə ziddiyyət təşkil edir, siyasi baxımdan isə bu cəhd İranı təkcə ABŞ-la deyil, enerji idxal edən bütün dövlətlərlə qarşı-qarşıya qoya bilər. Bu səbəbdən Tehran Hörmüzü daha çox birbaşa nəzarət vasitəsi kimi deyil, danışıqlarda təsir aləti kimi istifadə etməyə çalışacaq.
Atəşkəsdən sonra yaranan yeni reallıq ondan ibarətdir ki, tərəflər açıq müharibədən daha çox “uzadılmış qarşıdurma” mərhələsinə keçirlər. Bu mərhələdə birbaşa hərbi toqquşma yerini iqtisadi təzyiqə, diplomatik manevrlərə və regional təsir uğrunda mübarizəyə verir. ABŞ və İsrail üçün əsas məqsəd İranın təsir imkanlarını sistemli şəkildə məhdudlaşdırmaq və alternativ enerji-logistika marşrutlarını gücləndirməkdir. İran isə öz növbəsində tam təcrid olunmamaq üçün həm müqavimət xəttini qorumağa, həm də selektiv güzəştlərlə danışıqlarda mövqeyini saxlamağa çalışacaq.
Nəticə etibarilə, bu qarşıdurmada “tam qalib” anlayışı nisbidir. ABŞ və İsrail hərbi-texniki üstünlük və strateji təşəbbüsü qoruyub saxlayır, lakin siyasi məqsədlərinin hamısını reallaşdıra bilməyib. İran isə rejimini qoruyub və müəyyən çəkindirmə imkanlarını saxlayıb, amma əvvəlki sərt ritorikasını praktik siyasətdə davam etdirmək gücündə deyil. Ən mühüm nəticə isə budur ki, münaqişə regionda yeni balans yaradıb: artıq Hörmüz boğazı və enerji marşrutları qlobal geosiyasətin mərkəzi məsələlərindən birinə çevrilib və bu xətt üzrə rəqabət yaxın dövrdə daha da dərinləşəcək.
Züriyə Qarayeva
Bakı 












