"Tehranla saziş bağlamaq üçün Vaşinqton əvvəlcə İran xalqının etimadını qazanmalıdır".
Bakıvaxtı.az "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bu sözləri İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf deyib.
Onun sözlərinə görə, ABŞ birtərəfli hərəkətlərdən imtina etməli və dialoqa yanaşmada öz iradəsini zorla qəbul etdirmək cəhdlərini dayandırmalıdır.
"Ümumilikdə, danışıqlarda irəliləyiş əldə etmişik, lakin hələ də çoxlu boşluqlar və bəzi fundamental məqamlar qalır. ABŞ İran xalqının etimadını necə qazanacağına qərar verməlidir. Bu, Vaşinqtonun atmalı olduğu ən vacib addımdır", - deyə Məhəmməd Baqir Qalibaf bildirib.
Parlament sədri Tehranın tədrici addımlar siyasətinə sadiq qaldığını da vurğulayıb.
"Bu o deməkdir ki, saziş bağlanacağı təqdirdə hər iki tərəf öhdəliklərini sinxron şəkildə yerinə yetirməlidir. İranın addımı ABŞ-nin addımı ilə müşayiət olunmalıdır. Bir tərəfin öhdəliklərini yerinə yetirib, digər tərəfin bunu etməməsi qəbuledilməzdir", - deyə o izah edib. /Oxu.az
Bakı 












