Ukraynanın paytaxtı Kiyevin Qolosiyevski rayonunda baş verən silahlı hücum nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat yayıb.
Ukraynanın daxili işlər naziri İqor Klimenkonun “Telegram”da yaydığı məlumata görə, hücum edən şəxs Qolosiyevski rayonunda yerləşən supermarketdə gizlənib və xüsusi təyinatlı dəstə tərəfindən keçirilən əməliyyat zamanı zərərsizləşdirilib.
Nazir bildirib ki, hüquq-mühafizə orqanları əvvəlcə hadisəni törədən şəxslə danışıqlar aparmağa çalışıb, lakin o, girov götürdüyü şəxsləri buraxmayıb və saxlanılarkən polis əməkdaşına atəş açıb. Bundan sonra mağazaya hücum təşkil olunub.
Kiyev meri Vitali Kliçkonun məlumatına görə isə, hadisə nəticəsində azı 10 nəfər xəstəxanaya yerləşdirilib. Yaralılar arasında bir uşağın da olduğu qeyd edilir.
"Unian" yazır ki, silahlı şəxs əvvəlcə Kiyevin Demeevka ərazisində küçədə insanlara atəş açıb.
Daha sonra o, supermarketə daxil olub. Polis əməkdaşları onu təslim olmağa çağırsa da, bu cəhdlər nəticəsiz qalıb. Yerli mənbələr hücumdan əvvəl şəxsin yaşadığı mənzili yandırdığını da qeyd edir.
Mediada yayılan məlumatlara görə, hücum edən şəxs 58 yaşlı Moskva əsilli Dmitri Vasilyeviç Vasılçenkovdur. Qeyd olunur ki, o, əvvəlcə Donetsk vilayətinin Baxmut şəhərində yaşayıb, daha sonra isə Kiyevin Qolosiyevski rayonuna köçüb.
Hadisə ilə bağlı araşdırma aparılır.
***
19:55
Kiyevdə insanları girov götürən şəxs xüsusi təyinatlılar tərəfindən əməliyyat zamanı öldürülüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər naziri İqor Klimenko özünün Telegram kanalında məlumat verib.
"Kiyevdə atıcı həbs olunarkən zərərsizləşdirilib. Xüsusi təyinatlılar hücumçunun olduğu mağazaya basqın ediblər", - deyə o yazıb.
Klimenko hücum edən şəxsin həbs zamanı insanları girov götürdüyünü, polis əməkdaşlarına atəş açdığını və onunla danışıqların nəticəsiz qaldığını bildirib.
İlkin məlumatlara görə, atışma nəticəsində iki nəfər ölüb, 10 nəfər isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Bakı 




