Türkiyəli tanınmış müğənni Simge Sağın ilə bağlı aparılan narkotik araşdırmasında yeni detallar üzə çıxıb. Ötən həftə saxlanıldıqdan sonra məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılan ifaçının tibbi ekspertiza nəticələri açıqlanıb.
Bakıvaxtı.az xəbər verir ki, müğənninin vəkili Eda Salman açıqlamasında bildirib ki, aparılan analizlər nəticəsində Simge Sağının narkotik və ya hər hansı stimullaşdırıcı maddə istifadə etmədiyi qəti şəkildə təsdiqlənib. Onun sözlərinə görə, bu nəticə əvvəl verilən açıqlamalarla da üst-üstə düşür və sənətçinin ittihamlarla əlaqəsinin olmadığını göstərir.
İfaçı isə ifadəsində qeyd edib ki, sevgilisi İlkay Şencanın narkotik istifadə etdiyindən xəbəri olmayıb. O bildirib ki, çantasında aşkar edilən maddədən də xəbərsiz olub və özü heç vaxt narkotik istifadə etməyib.
Xatırladaq ki, İstanbul şəhərində keçirilən istintaq çərçivəsində Simge Sağın aprelin 7-də saxlanılmış, ondan qan və saç nümunələri götürüldükdən sonra ifadəsi alınmışdı. Daha sonra məhkəmənin qərarı ilə onun barəsində ölkədən çıxış qadağası tətbiq olunaraq sərbəst buraxılmışdı./Milli.Az
Bakı 




