• Bakı 12° C

    1.13 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0902

Orta Dəhliz ön plana çıxır: TDT ölkələri üçün yeni imkanlar
SİYASƏT
01 Aprel 2026 | 17:07

Orta Dəhliz ön plana çıxır: TDT ölkələri üçün yeni imkanlar

“Türk Dövlətləri Təşkilatı (TDT) daxilində koordinasiyanın artması Mərkəzi Asiya–Qafqaz məkanında vahid siyasi-iqtisadi blokun formalaşmasına ciddi təsir göstərir. Bu proses regiondakı ənənəvi təsir mərkəzlərini - Rusiya, İran və Çini cəlb edir və yeni geosiyasi dinamika yaradır”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında siyasi şərhçi Elmir Səftərov deyib.

Onun sözlərinə görə, eyni zamanda, regionda alternativ tranzit marşrutlarının formalaşması iqtisadi və strateji baxımdan yeni imkanlar açır:

“Bu, TDT ölkələri arasında koordinasiyanın güclənməsinə, siyasi dinamikanın artmasına və iqtisadi hərəkətliliyin genişlənməsinə səbəb olur. Ona görə də təşkilata üzv dövlətlərin çoxvektorlu diplomatiyası güclənir və balanslaşdırma strategiyaları daha effektiv şəkildə həyata keçirilir. Bu isə ölkələrin seçim imkanlarını artırır və onların beynəlxalq mövqelərini möhkəmləndirir”.

Müsahibimiz bildierib ki, xüsusilə Orta Dəhliz bu baxımdan mühüm rol oynayır. Bu marşrut daha sürətli və siyasi baxımdan daha təhlükəsiz alternativ tranzit xətti kimi ön plana çıxır. TDT ölkələrinin fəal iştirak etdiyi bu dəhliz gələcəkdə daha effektiv və rəqabətqabiliyyətli logistika xəttinə çevrilə bilər.

E.Səftərov qeyd eib ki, Orta Dəhlizin real şəkildə genişlənməsi TDT ölkələrinin tranzit gəlirlərini artırmaqla yanaşı, onları qlobal ticarətdə daha əhəmiyyətli oyunçuya çevirə bilər:

“Ümumilikdə, logistika imkanları nə qədər inkişaf etmiş və gəlirli olarsa, bu, dövlətlərin siyasi təsir imkanlarını da bir o qədər artırır. Bu baxımdan TDT ölkələri logistika və təhlükəsizlik sahələrində daha koordinasiyalı siyasət formalaşdırmağa çalışırlar.

Bununla yanaşı, TDT-nin tam formalaşmış güclü geosiyasi aktora çevrilməsi üçün hələ də müəyyən problemlər mövcuddur və bu sahədə əlavə addımların atılması zəruridir”.

Həmsöhbətimizə görə, xüsusilə Azərbaycanın son illərdə artan regional rolu fonunda TDT daha fəal platformaya çevrilib. Təşkilat artıq yalnız iqtisadi və mədəni əməkdaşlıq çərçivəsi ilə məhdudlaşmır, eyni zamanda, strateji koordinasiya mərkəzi kimi çıxış etməyə başlayır. Bu da üzv ölkələr arasında balansın güclənməsinə xidmət edir və TDT-ni zamanla real geosiyasi güc blokuna daha da yaxınlaşdırır:

“Bu baxımdan, Türk Dövlətləri Təşkilatına  üzv dövlətlərin baş nazirlərinin Bakıda keçirilən görüşü xüsusi əhəmiyyət daşıyır. Görüşün Azərbaycanda təşkil olunması təsadüfi deyil. Azərbaycan regionda əsas hərəkətverici ölkələrdən biri kimi həm iqtisadi, həm də geosiyasi proseslərdə aktiv rol oynayır”.

Elmir Səftərov: TDT ölkələrinin baş nazirlərinin Bakı görüşü xüsusi əhəmiyyət daşıyır

Siyasi şərhçi bildirib ki, bu toplantı çərçivəsində yeni geosiyasi çağırışların müzakirə olunması, mövcud problemlərə birgə yanaşmaların formalaşdırılması və onların həlli istiqamətində addımların müəyyənləşdirilməsi mümkündür. Eyni zamanda, tərəflər arasında yeni razılaşmaların əldə olunması və qarşıya qoyulan hədəflərin yenilənməsi də gözləniləndir.

“Müasir dünyada güc balansı sürətlə dəyişir. Yeni geosiyasi reallıqlar formalaşır, iqtisadi və təhlükəsizlik məsələləri yenidən nəzərdən keçirilir, logistika sahəsində isə alternativ marşrutlara maraq artır. Bu dəyişən şəraitdə TDT ölkələrinin koordinasiyalı fəaliyyəti daha da vacib xarakter alır.

Məhz bu səbəbdən Bakıda keçirilən bu görüş yalnız formal toplantı deyil, həm də regionun gələcək siyasi və iqtisadi istiqamətlərini müəyyənləşdirən mühüm platforma kimi qiymətləndirilə bilər”, - deyə Elmir Səftərov əlavə edib.

Murad Məmmədli


SON XƏBƏRLƏR