• Bakı 22° C

    6.3 m/s

  • USD - 1.7

    EUR - 2.0154

    RUB - 2.043

Sülhün izləri: Vaşinqtondan Cənubi Qafqaza yeni bir başlanğıc
SİYASƏT
18 Sentyabr 2025 | 09:55

Sülhün izləri: Vaşinqtondan Cənubi Qafqaza yeni bir başlanğıc

Cənubi Qafqazın geosiyasi və geoiqtisadi mənzərəsi 8 avqust 2025-ci ildə Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında imzalanmış birgə bəyannamə ilə yeni bir mərhələyə qədəm qoymuşdur.

Bu bəyannamə, uzun illər boyu davam edən gərginliklərdən sonra, regionda sülh və sabitliyin təmin olunması istiqamətində atılmış mühüm bir addım olaraq tarixə düşəcəkdir. Eyni zamanda, Zəngəzur dəhlizinin açılması və "Tramp marşrutu"nun gündəmə gəlməsi ilə Cənubi Qafqazın iqtisadi və geosiyasi xəritəsi dəyişəcək, bölgə xalqlarına yeni imkanlar yaradılacaqdır.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Milli Məclisin deputatı Günay Ağamalı bildirib ki, Azərbaycan və Ermənistan arasında 8 avqust 2025-ci ildə Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə imzalanmış birgə bəyannamə regionda yeni geosiyasi və geoiqtisadi reallıqların formalaşmasında mühüm mərhələ kimi dəyərləndirilə bilər. Bu sənəd Cənubi Qafqazda sülhün və sabitliyin təmin olunması istiqamətində atılmış addımların ardıcıllığını göstərməklə yanaşı, dövlətlərarası münasibətlərin normallaşmasına da ciddi töhfə verəcək: 

"Xüsusilə Zəngəzur dəhlizinin açılması, beynəlxalq mediada işlədilən ifadə ilə “Tramp marşrutu”nun gündəmə gətirilməsi regionun iqtisadi və geosiyasi xəritəsini dəyişdirəcək hadisədir. Bu dəhlizin reallaşması Azərbaycanın qərb bölgələrindən birbaşa Naxçıvana, oradan isə Türkiyəyə və Avropaya çıxışını təmin etməklə yanaşı, Ermənistan üçün də yeni imkanlar açacaq. İki ölkə arasında iqtisadi münasibətlər və qarşılıqlı etimadın yaranması sülh prosesini möhkəmləndirəcək, bölgədə davamlı əməkdaşlıq mühiti formalaşdıracaq".

Günay Ağamalı: Azərbaycan dövləti hər zaman sülhə, əməkdaşlığa və qarşılıqlı hörmət əsasında münasibətlərin qurulmasına tərəfdar olub

Onun sözlərinə görə, əsas məsələlərdən biri Birləşmiş Ştatların qarabtorluğudur ki, bu situasiya normallaşma prosesinə təkan verən detaldır: 

"Eyni zamanda digər vacib məqam Ermənistan rəhbərliyinin yeni reallıqlar əsasında müəyyən dəyişiklikləri etməkdə sərgiləyəcəyi qərarlığdır. Çünki, Azərbaycan irəliyə doğru hesablanmış istənilən müsbət tendensiyalara hazırdır və Vaşinqton görüşü kimi tarixi əhəmiyyətli hadisəyə zəmin yaratmaq bu prinsipiallığın təcəssümüdür. Prinsip etibarilə, Donald Trampın sözügedən görüş zamanı dostluq anlayışını xüsusi vurğulaması, ABŞ-nin vasitəçi roluna verdiyi önəmi əks etdirir. Rəsmi Vaşinqtonun bu prosesdə fəallığı bir tərəfdən regionda sabitliyin qorunmasına beynəlxalq təminat gətirir, digər tərəfdən isə Ermənistanı daha konstruktiv mövqe sərgiləməyə təşviq edir".

Parlamentin üzvü əlavə edib ki, ABŞ-nin siyasi dəstəyi həm tərəflərə etimad mühitini gücləndirir, həm də bəyannamədə nəzərdə tutulan razılaşmaların icrasına beynəlxalq zəmanət xarakteri daşıyır:

"Azərbaycan dövləti hər zaman sülhə, əməkdaşlığa və qarşılıqlı hörmət əsasında münasibətlərin qurulmasına tərəfdar olub. İmzalanmış bəyannamə, Zəngəzur dəhlizinin açılması ilə bağlı perspektivlər və ABŞ-nin bu istiqamətdəki rolu, bölgənin gələcəyinin məhz sülh, inkişaf və tərəqqi üzərində qurulacağını önə çəkir. Cənab Prezident İlham Əliyevin qətiyyətli liderliyi və uzaqgörən siyasəti nəticəsində Azərbaycan regionda sülh və əməkdaşlıq gündəliyinin aparıcı tərəfinə çevrilmişdir. Bu, təkcə Azərbaycan və Ermənistan üçün deyil, bütün region xalqları üçün sabitlik və rifah deməkdir".

Əli Hüseynov


SON XƏBƏRLƏR

17 Sentyabr 2025