Bu il mayın 28-də Qazax rayon Daş Salahlı kənd Şəhid Şahin Cəbiyev adına 2 saylı tam orta məktəbin 2006-cı il məzunlarının 20 illik tədbiri baş tutub.
Bakıvaxtı.az xəbər verir ki, şəhid Fidat Məmmədovun oğlu Ülvi Məmmədov da 2006-cı il buraxılışının məzunudur.
Bu mənada Daş Salahlı kəndinin mərkəzində F. Məmmədovun xatirəsinə ucaldılmış abidənin ziyarəti ilə start götürən tədbir kənd qəbiristanlığında 2006-cı il buraxılışının mərhum məzunları Vəhdi İsayev və Nicat Eyyubovun, eləcə də mərhum müəllimlər Qumru İsmiyeva, Süleyman İsayev və başqalarının qəbirlərinin ziyarəti ilə yekunlaşıb.

Bundan sonra, 2006-cı il məzunları mərhum sinif yoldaşları- V.İsayev və N.Eyyubovun əziz xatirəsinə toxutduqları görkəmli xalçaları onların ailələrinə təqdim ediblər.


Ardınca, məzunlar Şahin Cəbiyev adına 2 saylı tam orta məktəbi ziyarət ediblər.


Məktəbin direktoru Rəna Bayramovanın məzunları isti, həlim qarşılaması, onlara könül xoşluğu ilə qucaq açması məzunlara daha kövrək anlar yaşadıb.


Məzunlar öz siniflərində əyləşib, müəllimlərinin müşayiəti ilə dərslərdə iştirak ediblər, xoş xatirələr ərz edilib.

V. Süleymanov və N. Eyyubov xatirəsinə kənd və rayon ictimaiyyətinin istirahəti üçün nəzərdə tutulan “Qara su” adlı füsünkar gölün ətrafında inşa edilmiş söhbətgahın açılışı baş tutub, bu söhbətgah rayon və kənd sakinlərinin, eləcə də turistlərin istifadəsinə verilib.

Daha sonra tədbirin bədii hissəsi olub. Tədbirdə şəhidlərin, mərhum müəllim və məzunların ruhu bir dəqiqəlik sükutla yad edilib və dövlət himni səslənib.
Bu buraxılışın oxuduğu dönəmdə sözügedən məktəbin direktoru vəzifəsində çalışmış Ulduz Mancanov başda olmaqla bütün müəllimlər səhnəyə dəvət ediliblər. Onlar da 2006-cı il məzunlarına öz arzularını, xoş münasibətlərini ifadə ediblər. Məzunlarla bağlı ən şirin, yaddaqalan xatirələrini bölüşüblər.

Ardınca “A” sinfinin nümayəndələrindən DİN əməkdaşı Qara Həsənov, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Regional Su Meliorasiya Xidmətinin Qarabağ Regional Su Kanal İdarəsinin rəisi Müşfiq Adıgözəlov, Azər-Türk bankın bölmə rəhbəri Sərxan Omarov və digər dəyərli şəxslər Nadir İsgəndərov, Arzu Məmmədov çıxış edərək, arzularını çatdırıblar.


Bundan başqa “B” sinfinin nümayəndələri Əmək və Əhalinin Sosial Müsafiəsi nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun MMŞMMF-nın departament müdiri İnqilab Mansurov, Məmmədoğulları QSC-nin direktor müavini, Planlama və Təchizat Departamentinin müdiri Aqil İbrahimov və başqaları çıxışlar edərək, tədbirə təşrif buyurduqları üçün müəllimlərə təşəkkür ediblər:
“Biz bu gün kim olmuşuqsa, burada müəllimlərimizin əməyi, zəhməti və verdiyi tərbiyə böyük rol oynayır. Əziz müəllimlərimiz, siz bizə yalnız dərs keçmədiniz, həyata hazır olmağı, insan olmağı, böyüklərə hörmət etməyi, dostluğu və vətəni sevməyi öyrətdiniz. Bunun üçün hər birinizə sonsuz təşəkkürümüzü bildiririk”.

Bundan başqa, “C” sinfinin nümayəndələrindən Azərbaycan Memarlıq və İnşaat Universitetinin dekan müavini, “Azərbaycan Mətbuatının 150 illiyi” medalı ilə təltif edilmiş, Azərbaycan Dillər Universitetinin doktorantı, gənc alim Ayyət Əhməd, Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 saylı orta məktəbin müəllimi Lamiyə Məşədiyeva, eləcə də digərləri - Zəminə Pərzadova, Günel Eyyubova, Firudin Vəliyev, Elnur Allahverdiyev, Elmar Eyyubov çıxış edərək, onların formalaşmasında müəllimlərin danılmaz fəaliyyətinin olduğunu vurğulayıblar. Bildiriblər ki, dünyada müəllimlikdən müqəddəs peşə yoxdur. Çünki yeganə peşə sahibləri müəllimlərdir ki, öz ömürlərini şam kimi əridib, vətən övladlarının gələcəyinə işıq saçırlar, güzgü tuturlar.
Bundan sonra tədbir ən nümunəvi rəqs havaları və rəqs nümunələri ilə davam edib. 2006-cı il buraxılışlarının birlikdə "Yallı" oynaması və ümumilikdə məzunların bir-birinə isti münasibəti görüşü daha unudulmaz və ecazkar edib.


Sonda tort kəsilib və xatirə fotoları çəkilib.
Məlumat üçün bildirək ki, bu ənənə 1 əsrə yaxındır davam edir. Hər yubley ilində məzunlar bu sayaq əlamətdar tədbirlər gerçəkləşdirirlər. Bu təbdirin ana xəttini məzunların illərdən sonra bir araya gələrək hər kəs üçün əziz olan uşaqlıq xatirələrinə yenidən nəfəs vermək təşkil edir.
Hazırladı: Ayyət Əhməd
Bakı 












