Azərbaycan növbəti dəfə qlobal enerji gündəminin mərkəzində yer aldı. İyunun 1-də Bakı Enerji Həftəsinin açılışında Prezident İlham Əliyevin səsləndirdiyi mesajlar ölkənin təkcə enerji ixracatçısı deyil, həm də regional və qlobal enerji təhlükəsizliyinin formalaşmasında aparıcı aktora çevrildiyini göstərdi.
Prezident çıxışında Azərbaycanın son 30 ildə keçdiyi inkişaf yolunu, enerji strategiyasının nəticələrini, Avropanın enerji təhlükəsizliyində oynadığı rolu və yaşıl enerji sahəsində qarşıdakı hədəfləri diqqətə çatdırdı. Dövlət başçısı vurğuladı ki, bu gün Azərbaycan qazı 16 ölkəyə çatdırılır, onların 10-u Avropa İttifaqı üzvüdür və ölkənin enerji siyasəti artıq yeni mərhələyə qədəm qoyur. Həmçinin Azərbaycanın xarici borcunun ÜDM-in cəmi 6 faizi səviyyəsində olması, strateji valyuta ehtiyatlarının borcu 18 dəfədən çox üstələməsi və enerji gəlirlərinin ölkənin sosial-iqtisadi inkişafına yönəldilməsi xüsusi qeyd olundu.
Bu həftə keçirilən Bakı Enerji Həftəsi həm də geosiyasi baxımdan mühüm əhəmiyyət daşıyır. Yaxın Şərqdə enerji marşrutları ətrafında qeyri-müəyyənliklərin artdığı, Avropanın alternativ enerji mənbələri axtardığı bir dövrdə Azərbaycan etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir. Prezident İlham Əliyevin çıxışında Cənub Qaz Dəhlizi, Zəngəzur dəhlizi, Qara dəniz enerji kabeli və Mərkəzi Asiya ilə yaşıl enerji əməkdaşlığı kimi layihələrin vurğulanması göstərir ki, Bakı artıq yalnız enerji istehsalçısı deyil, həm də Avrasiya məkanında strateji bağlantı mərkəzinə çevrilir.
Mövzuyla bağlı Bakıvaxtı.az-a danışan siyasi şərhçi Alim Nəsirov bildirib ki, Prezident İlham Əliyevin çıxışı əslində Azərbaycanın son 30 illik inkişaf modelinin təqdimatı idi. Onun sözlərinə görə, burada əsas mesaj ondan ibarət idi ki, enerji resursları yalnız iqtisadi gəlir mənbəyi deyil, dövlət quruculuğu və milli təhlükəsizlik vasitəsidir:
“Azərbaycanın enerji strategiyası ölkəyə iqtisadi sabitlik, siyasi müstəqillik və regional təsir imkanları qazandırıb. Prezidentin vurğuladığı kimi, enerji gəlirləri sosial layihələrə, infrastrukturun qurulmasına və güclü ordunun formalaşdırılmasına yönəldilib”.
Müsahibimiz bildirib ki, bu gün Azərbaycanın beynəlxalq nüfuzu da məhz həmin strateji yanaşmanın nəticəsidir. Çıxış Azərbaycanın enerji diplomatiyasının növbəti mərhələsinə keçdiyini nümayiş etdirdi.
Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sayının 16-ya çatmasının ölkənin beynəlxalq mövqeyinə təsirinə gəlincə, siyası şərhçi bildirib ki, bu göstərici Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaş olduğunu göstərir. Dediyinə görə, xüsusilə Avropa İttifaqına üzv 10 ölkənin Azərbaycan qazı alması Bakının strateji əhəmiyyətini artırır. Enerji əməkdaşlığı siyasi münasibətlərin də möhkəmlənməsinə səbəb olur.
A.Nəsirov qeyd edib ki, bu gün bir çox Avropa ölkəsi Azərbaycanı etibarlı və proqnozlaşdırılan tərəfdaş kimi qiymətləndirir. Bu isə Azərbaycanın beynəlxalq danışıqlardakı mövqeyini gücləndirir. Nəticə etibarilə enerji ixracı artıq yalnız iqtisadi deyil, həm də siyasi təsir alətinə çevrilib.

Alim Nəsirov: Yaşıl enerji layihələri Azərbaycanın beynəlxalq investisiya cəlbediciliyini artırır
“Dünya enerji bazarında yaşıl keçid prosesi sürətlənir və Azərbaycan bu tendensiyadan kənarda qalmır” deyən həmsöhbətimizə görə, prezidentin açıqladığı rəqəmlər göstərir ki, ölkə yaxın illərdə bərpaolunan enerji istehsalını əhəmiyyətli dərəcədə artıracaq:
“Bu, həm daxili enerji balansının optimallaşdırılmasına, həm də əlavə qaz həcmlərinin ixracına imkan verəcək. Digər tərəfdən, yaşıl enerji layihələri Azərbaycanın beynəlxalq investisiya cəlbediciliyini artırır. Qara dəniz enerji kabeli və Mərkəzi Asiya ilə planlaşdırılan layihələr Azərbaycanın regional enerji habı statusunu gücləndirir. Beləliklə, neft-qaz dövrü ilə yaşıl enerji dövrü arasında balanslı keçid təmin edilir”.
“Bakı Enerji Həftəsinin keçirildiyi bir vaxtda Azərbaycanın regional liderlik mövqeyini necə xarakterizə etmək olar” sualını cavablandıran Alim Nəsirov burğulayıb ki, Azərbaycan artıq yalnız enerji istehsalçısı deyil, həm də regional əməkdaşlıq platformalarının təşəbbüskarıdır. Bakı-Tbilisi-Ceyhan, TANAP, TAP və Cənub Qaz Dəhlizi kimi layihələr bunun ən bariz nümunələridir. Bu layihələr müxtəlif dövlətləri vahid iqtisadi və siyasi əməkdaşlıq məkanında birləşdirib. “Prezident İlham Əliyevin çıxışında vurğulanan Zəngəzur dəhlizi və yeni enerji kabeli layihələri də həmin siyasətin davamıdır. Azərbaycan Şərqlə Qərb arasında strateji körpü rolunu daha da gücləndirir. Məhz buna görə Bakı bu gün Avrasiyanın enerji və nəqliyyat xəritəsində əsas qərarverici mərkəzlərdən biri kimi çıxış edir”, - deyə Alim Nəsirov əlavə edib.
Zülfü Məmmədov
Bakı 




