• Bakı 17° C

    2.87 m/s

  • USD - 1.7

    EUR - 1.9802

    RUB - 2.3836

İranın Hörmüz planı qlobal bazarları iflic edir: Azərbaycan sahibkarlarını nə gözləyir?

İQTİSADİYYAT

02 Iyun 2026 | 12:40

İranın Hörmüz planı qlobal bazarları iflic edir: Azərbaycan sahibkarlarını nə gözləyir?

Yaxın Şərqdə gərginlik pik həddə çatır: İran regionda geosiyasi tarazlığı tamamilə alt-üst edəcək radikal addıma hazırlaşır. “Tasnim” agentliyinin mənbələrə istinadən yaydığı məlumata görə, rəsmi Tehran İsraili və onun tərəfdarlarını cəzalandırmaq üçün Hörmüz boğazını tamamilə bağlamaq və digər cəbhələri, o cümlədən Bab əl-Məndəb boğazını aktivləşdirmək qərarına gəlib.

Bəs qlobal enerji təhlükəsizliyinin əsas şah damarı hesab olunan Hörmüzün tamamilə qapadılması qlobal iqtisadiyyata və dünya neft bazarına hansı sarsıdıcı təsirləri göstərə bilər?

Mövzuyla bağlı Bakıvaxtı.az-a danışan iqtisadiyyatçı Xalid Kərimli bildirib ki, Hörmüz boğazı artıq bir neçə aydır, faktiki olaraq qapalı vəziyyətdədir və bunun mənfi təsirləri Azərbaycanda da müxtəlif istiqamətlərdə qabarıq şəkildə hiss olunur. Onun sözlərinə görə, ilk növbədə, dünya bazarında neftin qiyməti kəskin yüksələrək hazırda 100 dollar ətrafında qərarlaşıb. Müharibə riskləri başlamazdan və boğaz qapanmazdan əvvəl isə qiymətlər təxminən 60 dollar civarında idi:

"Göründüyü kimi, blokada neftin qiymətini birbaşa yuxarı qaldırdı. Problemlər bununla bitmir; qlobal miqyasda qaz, gübrə və metal da bahalaşıb, həmçinin logistik daşıma xərcləri kəskin artıb. Hazırda heç bir tərəf Hörmüz boğazından sərbəst istifadə edə bilmir. Regionda tam bir blokada mühiti hökm sürür və İran yalnız özünün icazə verdiyi qüvvələrə selektiv şəkildə keçid imkanı tanıyır".

Müsahibimiz qeyd edib ki, rəsmi Tehranın boğazı tamamilə bağlamaq addımı, böyük ehtimalla, aparılan siyasi danışıqlarda öz mövqeyini gücləndirmək məqsədi daşıyır. Onun fikrincə, bu, gələcəkdə boğazın qapalı qalması və ya tamamilə İranın nəzarətinə keçməsi üçün irəli sürülən bir təhdid rıçağıdır.

Xalid Kərimli: Bu alternativlər daşıma xərclərini qat-qat artırır

Bu böhranın Azərbaycana təsirlərinə gəlincə, ekspertin sözlərinə görə, enerji daşıyıcılarının bahalaşması ilkin amildir. Digər tərəfdən, yerli sahibkarlar artıq bir neçə aydır ki, ciddi çətinliklərlə üzləşirlər. İş adamları təkcə neft-qaz qiymətlərinin deyil, həm də daşıma xərclərinin artmasının fəsadlarını yaşayırlar:

"Məsələn, əvvəllər Çindən mal idxal edənlər İran üzərindən keçən daha ucuz marşrutdan istifadə edirdilərsə, indi məcburi olaraq digər istiqamətlərə - Orta Dəhlizə və Gürcüstan marşrutuna yönəliblər. Bu alternativlər isə daşıma xərclərini qat-qat artırır. Təbii ki, sahibkarların çəkdiyi bu əlavə xərclər yaxın gələcəkdə zəncirvari reaksiya ilə Azərbaycan alıcısına da qiymət artımı olaraq təsir edəcək".

X.Kərimli bildirib ki, vəziyyəti daha da qəlizləşdirə biləcək növbəti addım Qırmızı dənizin çıxışında yerləşən Babül-məndəb boğazının da bağlanması ola bilər:

"Hörmüz boğazı strateji olaraq əsasən neft-qaz ticarəti və neft-kimya sənayesi məhsulları üçün həyati əhəmiyyət daşıyırsa, Babül-məndəb boğazının qapadılması artıq digər bütün istehlak mallarının qlobal hərəkətində ciddi iflic yaradacaq. Lakin qarşı tərəfin bu boğazı da bağlamağa hərbi və siyasi gücünün nə dərəcədə çatacağı hələlik açıq qalan başqa bir sualdır".

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR