Ömrün ən qayğısız, duyğulu və bir o qədər də şirin məktəb illəri hər il iyunun 14-də 11-ci siniflər üçün “Son zəng” sədaları altında bitir. Bu gün ölkəmizin bütün ümumtəhsil müəssisələrində olduğu kimi, Bakı şəhər Nəsimi rayon 247 nömrəli məktəbdə də “Son zəng” çalındı.
Bakıvaxtı.az olaraq özəl gündə məktəb direktorunun, müəllimlərin və məzunların təəssüratlarına şərik olduq.
247 nömrəli məktəbin direktoru Sitarə Abbasova: “Bu gün məzunlarımızın günüdür. Onlara verilən bilik və bacarıqları, öyrədilən dostluğu, səmimiyyəti, dürüstlüyü müstəqil həyata qədəm qoyduqlarında tətbiq edəcəklərinə inanclıyam. Məzunlarımız yeni həyata addım atırlar. Onlara sağlam can, valideynlərinə layiqli övlad olmalarını arzulayıram. Arzu edirəm ki, hansı peşəyə yiyələnsələr də, əsl insan olmağı bacarsınlar, Azərbaycan bayrağını daim yüksəklərə ucaltsınlar və biz müəllimlərini unutmasınlar”.
Sitarə Abbasova bu il 247 nömrəli məktəbdən 46 şagirdin məzun olduğunu bildirib: “Bu il “a” və “b” olmaqla, məktəbi iki 11-ci sinif bitirir. Ümumilikdə 46 məzunumuzun böyük əksəriyyəti ali məktəbə qəbul olmaq üçün sənəd verib. Qeyd etmək istəyirəm ki, onların çoxu birinci imtahanda yüksək nəticə göstərib. Vətənimizin işıqlı sabahları gənclərimizdən asılıdır. Məktəbimizin on birincilərinin timsalında bütün məzunları təbrik edirəm”.
Məktəb direktoru bu il 247 nömrəli məktəbin seçilən məktəblər siyahısına daxil olduğunu da qeyd edib: “Bu tədris ilində məktəbimiz bir sıra uğurlara imza atdı. STEAM festivalında şagirdlərimiz respublika ikinciliyi və üçüncülüyünü tutdular. Bundan əlavə, “Sabahın alimləri” 10-cu müsabiqəsində respublika ikinciliyini götürən şagirdimiz oldu. “Şuşa ili” çərçivəsində şagirdlərimiz müxtəlif layihələrdə iştirak etdi. Qeyd edim ki, məktəbimiz bu il ən yaxşı məktəblər siyahısına daxil oldu. Tədris ilinin sonunda bu xəbər 247 nömrəli məktəbin müəllim və şagirdlərinə süpriz oldu. Hazırda məktəb heyəti olaraq həm də bu şad xəbərin sevincini yaşayırıq. Ümid edirik ki, bu uğurlarımız daimi, davamlı olacaq. Çalışacağıq ki, məktəbin uğurları hər il məzun yola saldıqc daha da artsın”.
11 A sinif şagirdi Nuray Əsədova: “Bu gün həm kədərliyəm, həm də sevincliyəm, məktəbə əlvida deyirik. Sinif yoldaşlarım başda olmaqla, bütün məzunlara uğur arzu edirəm. Allah hər birinin yolunu açıq etsin. İnşallah, hər bir məzun istədikləri ali məktəblərəqəbul olarlar”.
Eyni sinifin məzunlarından olan Amil Səlimov: “Məktəbdən ayrılmaq kədərli hissdir. Lakin müstəqil həyata qədəm qoyduğumuz üçün də sevincliyik. Hazırda əsas məqsədimiz ali məktəblərə qəbul olmaqdır. Sinif yoldaşlarım da daxil olmaqla, bütün məzunlara istədikləri peşəyə yiyələnmələrini arzulayıram”.
11A sinfinin rəhbəri Püstə Quliyeva: “Mən öz sinfimin uşaqlarını, ölkəmizin bütün məzunlarını ürəkdən təbrik edirəm. Hər birinə yeni həyat yollarında uğurlar arzu edirəm. Həmişə şagirdlərimin xoş sədalarını eşitməyi də özümə arzu edirəm. Məzunlarımızın adları ölkənin ən qabaqcıl ali məktəblərinin auditoriyalarında çəkilsin”.
Və... “Son zəng” çalınır. Bu gün orta məktəbi bitirməyinizi bildirən bu zəng sizə yeni uğurlu yollar açsın, əziz məzunlar.
Bakıvaxtı.az olaraq bütün məzunlarını səmimi qəlbdən təbrik edir, Vətənə, millətə layiqli övlad, uğurlu kadr olmalarını arzu edirik. Səsiniz zirvələrdən gəlsin!
Nuranə Daxilqızı
Fotolar: Rəvan Baxışlı