Son illərdə Azərbaycanda kosmetik və cərrahi əməliyyatlarla bağlı narazılıqlar, uğursuz nəticələr və xəstə hüquqlarının pozulması halları artmaqda davam edir. Bir çox vətəndaş əməliyyat sonrası ciddi sağlamlıq problemləri, maddi və mənəvi zərərlə üzləşir, habelə psixoloji basqı və təhqirlərlə qarşılaşır. Hüquqi və tibbi nəzarətin zəif olduğu belə hallarda, xəstələr tez-tez öz şikayətlərini açıq şəkildə ifadə etməyə məcbur olurlar.
Belə nümunələrdən biri Kərimli Günay Nizami qızının yaşadığı iki uğursuz əməliyyat və sonrakı problemlərdir.
Belə ki, şikayətçinin Bakıvaxtı.az-a bildirdiyinə görə, iki uğursuz əməliyyatdan sonra psixoloji, fiziki və maddi zərərə məruz qalıb.
Günay Kərimli bildirir ki, 2022-ci ildə "Kəpəz Hospital"da həkim Səkinə Xudiyevaya 15 min manat ödəniş edərək əməliyyat olunub. Lakin onun iddiasına görə, əməliyyat uğursuz olub.
2024-cü ildə "Badam Medical Center"də eyni həkim tərəfindən təkrar 15 min manat ödəniş etməklə əməliyyat etdirib və yenə uğursuz nəticə əldə edib.
Şikayətçi iddia edir ki, əməliyyatların uğursuz olmasına baxmayaraq, həkim və klinika tərəfindən düzgün revizyon təklif edilməyib:
"Həkim hazırda Özbəkistanda çalışır və köməkçiləri vasitəsilə Azərbaycanda gizli əməliyyatlar həyata keçirir".
Günay Kərimli əməliyyatlar nəticəsində sinə vəzlərinin çıxarılması, göbək altı kista, sol qolunda sinir zədəsi, bağırsaqda spayk, varikoz genişlənməsi və ürəkdə atar damar problemləri yaşayıb.
O, həmçinin uzun müddət anemiya və hipoksiya ilə üzləşib, çoxlu qan və plazma köçürülməsi alıb.
Şikayətçi bildirir ki, hazırda heç bir cərrah əməliyyata getmək istəmir, mövcud vəziyyət isə onun psixoloji vəziyyətini pisləşdirib, subay qadın kimi şəxsi həyatını qurmasına mane olub. Həmçinin şikayətçi klinika rəhbərliyi tərəfindən də psixoloji basqı və təhqir edildiyini iddia edir.
O iddia edir ki, ona həm maddi, həm mənəvi, həm də fiziki zərər vurulub və Azərbaycan qanunları çərçivəsində bütün hüquqlarının pozulmasına görə "Badam Medical Center"in baş həkimi Leyla Feyzullayeva, direktor Fuad Məmmədov, direktor müavini Zeynal Bayramlı, Səkinə Xudiyeva, Mahir Aslanov və Nemət Bəşirovdan şikayətçi olduğunu açıqlayıb.
O, həmçinin məsələnin qanuni yollarla araşdırılmasını və tezliklə cavab verilməsini tələb edib.
Məsələ ilə bağlı qarşı tərəf olaraq adı keçən qurumlar və şəxslərin mövqelərini işıqlandırmağa hazırıq.
Əli Hüseynov
Bakı 




