1920-ci il Azərbaycan Xalq Cümhuriyyəti üçün pis başlamadı. Yanvarın 11-də Paris sülh konfransı Azərbaycanın müstəqilliyini de-fakto tanımaq barədə qərar qəbul etdi. Bu xəbər Bakıda böyük coşquyla qarşılandı, özüylə müsbət gözləntilər gətirdi.

Yanvarın 13-də Moskvanın «Novaya jizn» qəzetində çıxan yazıda isə Azərbaycanın gələcək mənzərəsi ayrı cür görünürdü: qəzetə görə, «Bakı inqilabi Rusiya təqviminə əsasən oktyabrqabağı günlər yaşayır».
3 ay 5 gün sonra Azərbaycan Xalq Cümhuriyyəti artıq mövcud deyildi.
Demokratik Avropa ona bəslənən ümidləri doğrultmadı və ən çətin tarixi məqamda cümhuriyyəti tək buraxdı.
İnqilabi Rusiya nəşrinin siyasi öncəgörməsinin də yüzdə yüz düz çıxdığını demək olmaz, çünki 28 aprel hadisəsinin zərurət, yoxsa təsadüf, sosial inqilab və silahlı üsyan, yoxsa xarici hərbi müdaxilə olduğu hələ də ciddi elmi mübahisə mövzusudur.
Hər halda, cümhuriyyətin süqutunu labüd edən obyektiv səbəblər çox idi. İlk növbədə, o dövrün beynəlxalq vəziyyəti qətiyyən milli hökumətin xeyrinə deyildi. Birinci dünya müharibəsindən çıxmış Avropa ölkələri öz hayındaydılar və Cənubi Qafqaza görə Sovet Rusiyası ilə vuruşmaq istəmirdilər. Rusiya isə keçmiş müstəmləkəsinin, özü də Azərbaycan kimi yağlı bir tikənin itirilməsi ilə barışmaq fikrində deyildi. Rus-bolşevik işğalının qabağını ancaq xarici hərbi qüvvənin köməyi ilə almaq olardı. İngilis qoşunları Bakıdan gedəndən sonra Azərbaycan Xalq Cümhuriyyətinə hərbi yardım göstərmək üçün səlahiyyət verilən İtaliya öz qoşunlarını bura yeritməyə axıracan ürək etmədi. Yaxın qonşulardan İranın «Şimal ayısı» ilə kəllə-kəlləyə gəlməyə nə istəyi, nə gücü vardı, Türkiyə öz mövcudluğu uğrunda ölüm-dirim savaşı aparırdı və bu mübarizədə onun ən yaxın müttəfiqi məhz qırmızı Rusiya idi. Azərbaycan milli hökumətinin dəstək gözlədiyi Qərb dövlətləri isə Şərqdə baş qaldıran milli-azadlıq hərəkatlarına, o cümlədən Mustafa Kamalın başçılığıyla aparılan istiqlal savaşına düşmən münasibət bəsləyirdilər. Nəticədə Türkiyənin rəhbər hərbi-millətçi dairələri, habelə Bakıda və Moskvada məskunlaşan kommunist və kamalçı türk mühacirləri və Azərbaycan hökuməti yanındakı türk hərbi müşavirləri rus və azərbaycanlı kommunistlərlə işbirliyinə gedərək Azərbaycanın sovetləşməyinə misilsiz xidmət göstərdilər. Yerli əhali arasında milli qüvvələri gözdən salan, hökumətin guya qardaş türk xalqına kömək göstərmək məqsədilə Azərbaycandan keçib Anadoluya getmək istəyən 11-ci Qızıl Orduya imkan verməməsi şaiyəsini də məhz onlar dövriyəyə buraxmışdılar.

Azərbaycan Xalq Cümhuriyyətinin sosial bazasını günbəgün daraldan başqa bir amil ölkədəki sosial-iqtisadi vəziyyət idi. Rusiya ilə iqtisadi-ticari əlaqələrin kəsilməsi səbəbindən dərinləşən sənaye böhranı şimal qonşusuna bağlı dairələrin dilini uzun – təbliğatını kəsərli etmişdi. Elan edilən torpaq islahatının gecikdirilməsi kəndli sinfini narazı salırdı. Bütün ölkəni bürüyən ictimai sabitsizlik əhalinin ağır güzəranından qaynaqlanırdı. Azərbaycandakı sol qüvvələrin sosial məzmunlu populist şüarları onların sıralarını azərbaycanlı fəhlə, kəndli və ziyalıların, habelə xırda sahibkarların hesabına genişləndirir və möhkəmləndirirdi. Üç kommunist təşkilatının – Bakı komitəsi, «Hümmət» və «Ədalət» partiyalarının 1920-ci ilin fevralında vahid mərkəzdə birləşməsi və hakimiyyətə qarşı silahlı üsyan qaldırmaq barədə yekdil qərar qəbul etmələri onların təbliğat-təşviqat işini və təxribatçı fəaliyyətini qat-qat asanlaşdırdı.

Əks cəbhədə isə parçalanma meylləri güclənirdi. «Müsavat», «Əhrar», «İttihad», sosialistlər və bitərəf siyasi qruplar arasında münasibətlər son həddə qədər kəskinləşmişdi. Hətta hakim partiya olan «Müsavat»ın içində sağ və sol qanadlar bir-biriləri ilə mübarizə aparırdılar. Bu açıq və gizli qarşıdurmaların nəticəsiydi ki, ölkədə permanent hökumət böhranı yaşanırdı, 5 dəfə kabinet təşkil olunmuşdu.

Ermənilərin Moskva ilə məxfi razılaşma əsasında 1920-ci ilin martında Qarabağ və Gəncəbasarda qaldırdığı qiyam milli hökumətin hərbi və siyasi manevr imkanlarını xeyli məhdudlaşdırdı. Azərbaycan ordusunun əksər hissələrinin qiyam bölgələrinə göndərilməsi ölkənin şimal sərhədlərini əslində müdafiəsiz saxlamışdı. Odur ki, Bakıya qədərki əraziləri 5 günə işğal etməyi düşünən 11-ci Qızıl Ordu komandirləri cəmi 48 saat sonra Bakıda qələbə raportu qəbul ediblərsə, buna təəccüblənmək lazım deyil: onların 70 minlik hərbi gücünün qarşısına Azərbaycanın 2-3 minlik jandarm və sərhəd qüvvələri çıxmışdı. Cümhuriyyət rəhbərliyi şimal sərhədlərini və nəticədə öz hakimiyyətlərini qorumaq üçün erməni cəbhəsindəki hissələri geri çağırmaqdan qəti imtina etdi və düzgün olaraq bildirdi ki, bu, Qarabağın birdəfəlik itirilməsi demək olacaq. Açıq-aşkar xarici hərbi təcavüzlə üz-üzə qalan, layiqli müqavimət təşkil etmək imkanından məhrum olan milli parlament aprelin 27-də yerli kommunistlərin ultimatumunu – təxminən 10 saatlıq gərgin müzakirələrdən sonra – səs çoxluğuyla qəbul etdi. Parlamentin son iclasında iştirak edən bir türk bu faciəvi mənzərəni: «Hürriyyətə, müstəqilliyə aşiq kiçik məmləkətin ümidsizlik içində qıvrılmasının ülvi bir lövhəsi», - deyə təsvir edirdi. Hakimiyyət rus ordusunun Bakıya girmədən birbaşa Türkiyəyə yollanması, ölkənin istiqlalının və ərazi bütövlüyünün qorunması, milli ordunun saxlanması, siyasi azadlıqlara toxunulmaması, keçmiş rəhbərlərin təqib olunmaması və orta səviyyəli məmurların öz vəzifələrində saxlanması və hakimiyyətin idarəçilik formasının azad təyin olunması şərtləri ilə Azərbaycan kommunistlərinə təhvil verilirdi.

Beləcə Azərbaycan xalqının tarixində misilsiz rol oynamış Xalq Cümhuriyyətinin varlığına son qoyuldu.
Aprel çevrilişindən 2 il sonra formal müstəqilliyini də itirib müttəfiq respublika şəklində Zaqfederasiyanın, az sonra Sovet İttifaqının tərkibinə daxil olan Sovet Azərbaycanı 71 il yaşadı.
Seymur Şahbazzadə
Bakivaxti.az
















