ABŞ-nin şərqində yerləşən Pensilvaniya, cənubunda isə Texas və Oklahoma ştatlarını güclü fırtına vurub.
Bakıvaxtı.az bu barədə xarici KİV-ə istinadla xəbər verir.
Məlumata görə, Oklahoma və Texasda bəzi bölgələrdə intensiv yağıntılar küçələrin su altında qalmasına səbəb olub.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, Oklahoma ştatında iki nəfər avtomobillərinin sel sularına düşməsi nəticəsində həyatını itirib. Lexington şəhərində isə suyun səviyyəsinin artması səbəbilə sakinlərin bir qismi evlərindən təxliyə edilib. Çox sayda sürücü isə xilasetmə qrupları tərəfindən sel sularından çıxarılıb.
ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) məlumatına əsasən, güclü fırtına Dallas Love Field və Dallas-Fort Worth beynəlxalq hava limanlarında hava nəqliyyatı əməliyyatlarının dayanmasına, yüzlərlə uçuşun ləğv olunmasına səbəb olub.
Pensilvaniya ştatında isə güclü külək nəticəsində ağaclar və elektrik dirəkləri aşıb. Hadisə nəticəsində 4 nəfər həyatını itirib. Ştatda 400 mindən çox ev və iş yeri elektrik enerjisiz qalıb.
Nuriyyə Musayeva