Mayın 30-da Rusiyanın Şimali Osetiya bölgəsində yerləşən Dzuarikau–Arxon avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, saat 14:00 radələrində baş verən qəzada 19 yaşlı sürücünün idarə etdiyi “Lada Priora” markalı avtomobil qarşı hərəkət zolağına çıxaraq “VAZ 21053” markalı nəqliyyat vasitəsi ilə toqquşub.
“Priora” markalı avtomobilin sürücüsünün 2006-cı il təvəllüdlü, digər avtomobilin sürücüsünün isə 1992-ci il təvəllüdlü olduğu qeyd edilib.
Qəza nəticəsində 5 nəfər hadisə yerində ölüb, daha iki nəfər isə xəstəxanaya yerləşdirilib. Ölənlərdən 3 nəfərin Azərbaycan vətəndaşı olduğu bildirilir. Onların şəxsiyyəti dəqiqləşdirilir.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır.