Açıq havada satılan qida məhsulları ilə bağlı dəfələrlə deyilsə də, yazılsa da, buna əncam çəkilmir. Xüsusilə maşınların və insanların çox olduğu ərazilərdə heç bir qoruyucu vasitə olmadan açıq şəkildə şirniyyatlar, peraşkilər satılır. Təbii ki, əksəriyyət də nəticəsnin necə olacağını, həmin məhsulların hansı şəraitdə hazırlandığının fərqinə varmadan alır.
Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov Bakıvaxtı.az-a bildirib ki, bu işlətə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət etməlidir: “Mən də Azad İstehlakçılar Birliyinin sədri olaraq AQTA-də İctimai Şuranın üzvüyəm. Çox təəssüflər olsun ki, AQTA hələ bir çox sahəni əhatə edə bilməyib. Əsasən, kasıb təbəqənin belə yerlərdə qidalanması, əlbəttə, yolverilməzdir. Təhlükəli qidalar belə yerlərdə olur. Həmin qidaların üzərinə tozlar qonur, məişət çirklənməsi baş verir”. E.Hüseynovun sözlərinə görə, AQTA lazımi monitorinqlər aparmır, cəmiyyət də buna kömək etmir deyə, bu kimi çoxlu problemlər yaşanır.
“Bunlar təhlükəli qidalardır” deyən AİB sədri bildirib ki, əsasən də, peraşkilər bir neçə dəfə eyni yağda qızardılır: “Onlar artıq konstragen bir təhlükəli maddəyə çevriliblər, xərçəng xəstəliyinin əmələ gəlməsinə böyük rəvac verə bilərlər”. İstehlakçılara müraciət edin E.Hüseynov, belə hallar olanda “1003” qaynar telefon xətti vasitəsilə AQTA-ya məlumat versməyi xahiş edir.
“Əfsuslar ki, AQTA öz funksiyalarını yerinə yetirmək üçün təkbaşına hərəkət edir. Onlar gərək bələdiyyələrlə sıx əməkdaşlıq şəraitində işləsinlər ki, bələdiyyələrin olduğu ərazilərdə bu halların qarşısı alınsın”, - deyə Eyyub Hüseynov vurğulayıb.
Aytac Aslan
Bakı 




