Avropa İttifaqı (Aİ) yaxın gələcəkdə Rusiyaya qarşı sanksiya rejimində dəyişikliklər etmək, həmçinin ölkə banklarının SWIFT sisteminə qoşulmasına icazə vermək niyyətində deyil.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Euractiv” portalı Avropa diplomatlarına istinadən məlumat yayıb.
"Sanksiyaların növbəti dəfə uzadılmasına qədər (2025-ci ilin iyul ayı) heç nə dəyişməyəcək və biz heç bir dəyişikliyin olmaması üçün çalışırıq. Çünki nə Rusiyanın özü, nə də onun məqsədləri dəyişməyib", - Aİ-dəki mənbə bildirib.
Aİ Ukraynada hərbi əməliyyatların dayandırılmasını və Rusiya qoşunlarının tam çıxarılmasını sanksiya rejiminin yenidən nəzərdən keçirilməsi üçün əsas hesab edir.
Qeyd olunub ki, mənzil-qərargahı Belçikada yerləşən SWIFT Avropa qaydalarına və Aİ-nin sanksiyalar haqqında qanunvericiliyinə tabedir.
Qara dənizdə atəşkəs sazişinin işə salınması məqsədilə hər hansı anti-Rusiya sanksiyalarını ləğv etmək üçün Tramp administrasiyasına Aİ-nin razılığı lazım olacaq.
Vaşinqtonun Rusiya bankları ilə əməliyyatlar aparmaq üçün onların SWIFT-ə qoşulmasını tələb etməyən alternativ yola əl ata biləcəyi istisna edilmir.