Avropa Komissiyası Rusiya vətəndaşlarına yeni çoxdəfəlik vizaların verilməsinə tam qadağa qoyub. Avropa Komissiyasının bəyanatına əsasən, Rusiya vətəndaşlarından hər dəfə Avropa İttifaqına səfər etməyi planlaşdırdıqda yeni viza üçün müraciət etmələri tələb olunacaq.
Avropa Komissiyası Rusiyaya qarşı bu qərarı rusların Avropa ölkələrinə marağını azalda bilərmi? Hesab etmək olarmı ki, Avrokomissiya bu qərarla Rusiyanı daha da sıxışdırmağa çalışır və bu addım effektiv təsirə malik olacaqmı?
Mövzu ilə bağlı politoloq Kamran Məmmədli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Avropa Komissiyasının çoxdəfəlik vizaları tam dayandırması siyasi qərardır. Bu addım Rusiya ilə münasibətlərdə sərt xəttin davamıdır:
"Məqsəd yalnız turist axınını tənzimləmək deyil, həm də siyasi mesaj göndərməkdir. Avropa istəyir ki, Rusiyanın Ukraynana təcavüzü və bunun yaratdığı müharibəni sadə rus vətəndaşları da öz gündəlik həyatlarında hiss etsinlər. Bu qərarla Avropa Rusiyaya təzyiq mexanizmi kimi istifadə etmək istəyir. Çünki bu, rus vətəndaşlarının Avropa ilə davamlı sosial, biznes və mədəni əlaqələrini qoruyan əsas amillərdən biri idi. Onların məhdudlaşdırılması və ya gələcəkdə tamamilə bağlanması, xüsusilə orta təbəqəli rusiyalılara təsir edəcək".

Kamran Məmmədli: Bu qərar iqtisadi və ya siyasi baxımdan böyük nəticələr doğuracaq dərəcədə güclü deyil
K.Məmmədli qeyd edib ki, bu addım Rusiyanı strateji baxımdan sıxışdırmaq cəhdi kimi görünür, lakin təsirin miqyası daha çox psixoloji və praktiki məhdudiyyətlərlə bağlıdır.
"Ona görə ki, bu qərar iqtisadi və ya siyasi baxımdan böyük nəticələr doğuracaq dərəcədə güclü deyil", - deyə Kamran Məmmədli vurğulayıb.
Gülşən Şərif
Bakı 



