Xəbər verdiyimiz kimi, Bakı-Sumqayıt yolunda iki avtobus toqquşub.
Bakıvaxtı.az xəbər verir ki, qəza Bakı-Quba yolunun 29-cu kilometrliyində qeydə alınıb
Məlumata görə, 42 nömrəli marşrut avtobusu ilə Bakı-Sumqayıt istiqamətində hərəkət edən avtobusun toqquşması nəticəsində 1 nəfər ölüb, 18 nəfər isə yaralanıb.
Qeyd edək ki, bu, son 5 gün ərzində baş verən 3-cü avtobus qəzasıdır.
Belə ki, avqustun 1-də "Xaliq Faiqoğlu" MMC-yə məxsus avtobus qəzaya uğrayıb.
Avtobus qarajdan işə başlamaq üçün gedərkən yük maşınının qarşısında qəfil manevr etməsi səbəbindən qəza baş verib. Qəza zamanı avtobus boş olub.
Bundan başqa, iyulun 30-da metronun “Ulduz” stansiyasının yaxınlığında avtobus qəzası baş verib.
36 və 38 saylı marşrut avtobuslarının toqquşması nəticəsində 2 nəfər xəsarət alıb.
Avtobusların qəzalarının artmasına səbəb nədir?

Aslan Əsədov, nəqliyyat eksperti
Bu barədə Bakıvaxtı.az-a açıqlama verən nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, avtobusların qəza riski iki səbəbdən ola bilər.
Onun sözlərinə görə, birinci səbəb avtobusun texniki nasazlığı, manevr etmə qabiliyətinin zəif olması, əyləc sistemi, sükan, mexanizmi və s. kimi problemlərin olmasıdır və artıq bu halda sürücü onun texniki parametlərinə görə idarəetmədə çətinlik çəkə bilər, yəni qəza riski qaçılmazdır.
Digər səbəb nəqliyyat vasitəsini idarə edən şəxsin idarəetməsində olan problemdir:
“Çünki nəqliyyat vasitələrinin idarə olunmasının əsas parametrlərinə görə idarə edən şəxsin və ya şəxslərin üzərinə böyük bir məsuliyyət düşür. Yəni “Nəqliyyat vasitəsini necə idarə edirəm” sualı aktual olmalıdır və bu sual daim sürücünü müşayiət etməlidir”.
A.Əsədov Bakı, Sumqayıt, Abşeron yarımadası əraziləri üzrə təxminən 2 milyon sərnişinə xidmət edən nəqliyyat platformasının yaradılmasını vacib sayır. Onun sözlərinə görə, bu işlərə start verilib, amma hazırkı durumda bu platformanın gördüyü işlər növbəti illərdə bitəcək:
“Nəqliyyat vasitələrinin daim sazlığı, texniki parametrləri yoxlanılmalıdır, onu sürən şəxslər ciddi nəzarət altında idarə etməlidir. Bu zaman belə problemlərə də rast gəlmərik”.
Mina Mikayılova
















