Avqustun 8-də Türkiyənin Nevşehir vilayətində, Kapadokiyanın məşhur turizm bölgəsində növbəti Hava Şarları Festivalına start verilib.
Bakıvaxtı.az xəbər verir ki, avqustun 11-dək Göreme şəhərində davam edəcək festivalda Azərbaycan da daxil olmaqla 18 ölkədən hava şarları komandaları iştirak edir.
Səhər tezdən Kapadokiyanın səması dəyirman, fil, qurbağa, kosmik gəmi, tısbağa, canavar, dondurma, ürək və sairə şəklində olanlar da daxil olmaqla, ən qeyri-adi formalı şarlarla dolub.
Şarlar orta hesabla 45 dəqiqə səmada qalıb.
Ötən il Kapadokyada keçirilən Hava Şarları Festivalını 615 min nəfər ziyarət etmişdi. Təşkilatçılar hazırkı tədbirin daha çox turist cəlb edəcəyinə ümid edirlər.