• Bakı 13° C

    2.5 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0898

Hüquqi yardım vətəndaşlar üçün nə qədər əlçatandır? - Hüquqşünas DANIŞDI

SİYASƏT

31 Mart 2026 | 15:43

Hüquqi yardım vətəndaşlar üçün nə qədər əlçatandır? - Hüquqşünas DANIŞDI

Ölkədə hüquqi yardım institutunun daha da gücləndirilməsi dövlətin vətəndaş rifahına yönəlmiş sosial siyasətinin mühüm tərkib hissəsidir.

Son illər bu sahədə görülən işlər hüquqi dövlət quruculuğuna verilən önəmin bariz göstəricisidir. Bununla belə, hüquqşünas və vəkil xidmətlərinə tələbatın artması, cəmiyyətin hüquqi münasibətlərdə daha fəal iştirak etməsi hüquqi yardım institutunun daha da təkmilləşdirilməsini zəruri edir.

Bu kontekstdə həm vətəndaşların hüquqi xidmətlərə daha əlçatan şəkildə çıxışının təmin edilməsi, həm də vəkillərin fəaliyyətinin dövlət tərəfindən daha güclü dəstəklənməsi xüsusi aktuallıq kəsb edir.

Hansı əlavə addımlar atılarsa, hüquqi yardım institutu vətəndaşlar üçün daha əlçatan olar və dövlət vəkillərin fəaliyyətini necə daha səmərəli şəkildə dəstəkləyə bilər?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən hüquqşünas Rüstəm Əzimzadə deyib ki, ölkədə hüquqi yardım institutu vətəndaşların hüquqlarını qorumaqda, ədalətə çıxışını təmin etməkdə və cəmiyyətin hüquqi mədəniyyətinin yüksəldilməsində mühüm rol oynayır:

"Son illər dövlətin bu sahəyə verdiyi diqqət, o cümlədən subsidiyalı hüquqi yardımlar və ictimai hüquqşünas xidmətlərinin təşkili, hüquqi xidmətlərin əhəmiyyətini artırıb, vətəndaşların hüquqlarını qorumaq imkanlarını genişləndirib. Eyni zamanda, hüquqşünas və vəkil xidmətlərinin qiymətinin hələ də yüksək olması, əhalinin müəyyən təbəqələrinin bu xidmətlərə çıxışını məhdudlaşdırır".

Rüstəm Əzimzadə: Hüquqi yardım institutunun inkişafı vətəndaşların hüquqlarının qorunmasını gücləndirər

Həmsöhbətimiz onu da deyib ki, vətəndaşların hüquqi yardıma əlçatanlığını artırmaq üçün bir neçə istiqamətdə addımlar atıla bilər: 

"İlk növbədə, dövlət və qeyri-dövlət sektoru ilə əməkdaşlıqda hüquqi maarifləndirmə proqramları genişləndirilməli, vətəndaşlara hüquqlarını bilmək və qorumaq üçün peşəkar məsləhətlərin daha ucuz və əlçatan formaları təqdim olunmalıdır. İkinci olaraq, ictimai hüquqşünaslıq şəbəkələrinin və hüquqi yardım mərkəzlərinin fəaliyyətinin genişləndirilməsi ilə, xüsusilə bölgələrdə vətəndaşların hüquqi yardıma çıxışı təmin edilə bilər".

Rüstəm Əzimzadənin sözlərinə görə, vəkillər üçün dövlət dəstək mexanizmlərinin təkmilləşdirilməsi də vacibdir: 

"Bu, həm onların peşəkar inkişafına töhfə verər, həm də xidmətlərin keyfiyyətini yüksəldər. Belə mexanizmlər subsidiyalı təlimlər, peşəkar sertifikatlaşma proqramları, vergi güzəştləri, dövlət sifarişli hüquqi xidmət müqavilələri və ya yeni hüquqi texnologiyaların tətbiqində maliyyə dəstəyi şəklində ola bilər. Bununla vəkillər daha geniş əhali qrupuna xidmət göstərə bilər, vətəndaşlar isə hüquqi yardım üçün maddi maneələrdən azad olar".

Müsahibimiz onu da vurğulayıb ki, hüquqi yardım institutunun inkişafı həm vətəndaşların hüquqlarının qorunmasını gücləndirər, həm də hüquqşünasların peşəkar fəaliyyətini stimullaşdırar. Dövlətin bu sahədə gördüyü işlər təqdirəlayiqdir və əlavə dəstək mexanizmlərinin tətbiqi ilə hüquqi yardım institutunun effektivliyi daha da artırıla bilər.

Əli Hüseynov


SON XƏBƏRLƏR