Fransada əsas siyasi partiyalar arasında dərinləşən parçalanma və liderlik böhranı ölkənin daxili siyasi mənzərəsini getdikcə daha mürəkkəb və qeyri-müəyyən edir. Ənənəvi sağ və sol qüvvələrin zəifləməsi, radikal və mərkəzçi alternativlərin önə çıxması isə təkcə Fransanın daxili siyasətinə deyil, onun Avropa İttifaqındakı mövqeyinə də təsirsiz ötüşmür.
Bu fonda yaranan siyasi qeyri-sabitlik və mümkün hakimiyyət dəyişiklikləri Avropada mövcud güc balansının necə formalaşacağı sualını da aktuallaşdırır.
Fransada siyasi qüvvələrin parçalanması Avropa İttifaqında güc balansını necə dəyişə bilər?
Mövzuyla bağlı Bakıvaxtı.az-a danışan politoloq Zeynal Əmrəliyev bildirib ki, Fransa daxilində siyasi partiyalar arasındakı parçalanma və gücün zəifləməsi təxminən 2012-ci ildən başlayıb. Həmin dövrdə prezident seçkilərində Sosialist Partiyasının namizədi Fransua Olland, o zamankı prezident Nikola Sarkozini məğlub etdikdən sonra ölkədə sağ və sol qüvvələr arasında gərginlik artmağa başladı:
"Bu, Şarl de Qoll dövründən formalaşan və sağ-sol partiyaların növbəli hakimiyyət prinsipinə əsaslanan siyasi sistemin zəifləməsinə gətirib çıxardı. Nəticədə, 2017-ci ildə bu ənənə pozuldu və mərkəzçi namizəd Emmanuel Makron prezident seçildi".
Politoloqun sözlərinə görə, hazırda da bu proses davam edir. Bunun əsas səbəbi Fransada həm sağ, həm də sol düşərgədə güclü və birləşdirici liderlərin olmamasıdır. Jak Şirak və Fransua Mitteran kimi fiqurlardan sonra hər iki düşərgədə lider boşluğu açıq şəkildə hiss olunur. Mitteran solda, Şirak isə sağdəsas birləşdirici simalar kimi qəbul edilirdi:
.jpg)
Zeynal Əmrəliyev: Fransada siyasi partiyalar arasındakı parçalanma 2012-ci ildən başlayıb
"Hazırda sol düşərgədə Jan-Lük Melanşon fərqlənsə də, onun radikal çıxışları və xüsusilə Avropa İttifaqına yönələn sərt tənqidləri geniş konsensus yaratmağa mane olur".
Müsahibimiz qeyd edir ki, son bələdiyyə seçkilərində isə əsasən sosialistlər uğur qazanaraq böyük şəhərlərdə üstünlük əldə etdilər. Əgər bu tendensiya davam edərsə və sol qüvvələr hakimiyyətə gələ bilsələr, Fransanın ənənəvi siyasətində ciddi dəyişikliklər baş verə bilər. Bu isə mərkəzləşmiş Avropa İttifaqı modelinə müəyyən təsirlər yarada bilər:
"Bununla belə, daha ciddi ssenari radikal sağçıların hakimiyyətə gəlməsi ehtimalıdır. Marin Le Pen son dövrlərdə nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Ənənəvi sağ-mərkəzçi partiyaların zəifləməsi fonunda onun təmsil etdiyi Milli Cəbhə xətti ön plana çıxır. Əgər radikal sağ qüvvələr hakimiyyətə gələrsə, bu, Fransanın hətta Avropa İttifaqından çıxması kimi ssenariləri də gündəmə gətirə bilər.
Beləliklə, post-Makron dövründə Fransada daxili siyasi gərginliyin artması və Paris ilə Brüssel arasında münasibətlərin daha da kəskinləşməsi ehtimalı yüksək qiymətləndirilir".
Zeynəb Rzayeva
Bakı 




