Bayram tətili insanların gündəlik iş tempindən uzaqlaşaraq istirahət etməsi, psixoloji və fiziki baxımdan yenilənməsi üçün mühüm fürsət yaradır. Bu müddətdə həyat ritmi dəyişir, gündəlik öhdəliklər azalır və daha sərbəst rejim formalaşır. Nəticədə fərdlər həm zehni, həm də fiziki baxımdan müəyyən qədər rahatlama imkanı əldə edir.
Lakin bu fasilədən sonra yenidən iş rejiminə qayıtmaq bir çoxları üçün düşündüyü qədər asan olmur. Tətil müddətində dəyişən yuxu rejimi, azalan iş yükü və rahat həyat tərzi, sonradan əvvəlki ritmə uyğunlaşmanı çətinləşdirə bilər. İş mühitinə dönüş zamanı diqqətin bərpası və əvvəlki məhsuldarlıq səviyyəsinə çatmaq müəyyən vaxt tələb edir.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlamasında psixoloq Elnur Rüstəmov bildirib ki, bayram tətilindən sonra gündəlik iş rejiminə qayıtmaq bir çox insan üçün psixoloji baxımdan müəyyən çətinliklərlə müşayət oluna bilər. Onun sözlərinə görə, bu, tamamilə təbii bir prosesdir və insan psixikasının adaptasiya mexanizmləri ilə bağlıdır:
“Çünki uzunmüddətli istirahət dövründə beyin daha sərbəst, daha az strukturlaşdırılmış rejimə keçir, məsuliyyət və tələblər nisbətən azalır, gündəlik ritm dəyişir. Bu zaman dopamin və rahatlıqla bağlı digər neyrobioloji mexanizmlər daha aktiv olur. Lakin iş həyatına qayıdışla birlikdə birdən-birə struktur, intizam, vaxt məhdudiyyəti və məsuliyyət artımı baş verir ki, bu da psixoloji gərginlik yarada bilər”.
Psixoloq qeyd edib ki, ən çox müşahidə olunan hallar motivasiya azalması, yorğunluq hissi, diqqətin dağılması, emosional həssaslıq və bəzən hətta yüngül narahatlıq vəziyyətidir. Dediyinə görə, insan sanki “yenidən başlama” mərhələsinə daxil olur. Bu vəziyyət xüsusilə işindən yüksək məsuliyyət tələb olunan şəxslərdə daha qabarıq görünə bilər. Müsahibimiz bildirib ki, bəzi hallarda isə bu adaptasiya prosesi gecikdikdə işə qarşı müqavimət və ya prokrastinasiya meyli də yarana bilər.
E.Rüstəmov deyib ki, işə adaptasiyanı daha sağlam və effektiv şəkildə keçmək üçün ilk növbədə özünə qarşı realist yanaşma formalaşdırmaq vacibdir. İnsan dərhal əvvəlki maksimum performansına qayıtmağa çalışmamalıdır. Beyinə və psixikaya keçid üçün zaman verilməlidir. İlk günlərdə daha yüngül tapşırıqlardan başlamaq, iş yükünü mərhələli şəkildə artırmaq adaptasiyanı asanlaşdırır. Bu, həm də uğur hissi yaradır və motivasiyanı tədricən bərpa edir.

Elnur Rüstəmov: Əgər insan işə yalnız yük kimi baxırsa, adaptasiya daha çətin olur
Həmsöhbətimiz əlavə edib ki, digər mühüm məsələ gündəlik rejimin yenidən qurulmasıdır:
“Yuxu saatlarının normallaşdırılması, səhər rutininin formalaşdırılması və günün planlı şəkildə başlanması psixoloji sabitlik yaradır. İnsan nə qədər strukturlaşdırılmış gündəlik rejimə sahib olarsa, adaptasiya prosesi bir o qədər sürətli və stresssiz keçir. Eyni zamanda fiziki aktivlik, açıq havada qısa yürüşlər və balanslı qidalanma da psixoloji vəziyyətə birbaşa müsbət təsir göstərir”.
Elnur Rüstəmovun fikrincə, sosial və emosional faktorlar da bu prosesdə mühüm rol oynayır:
“İş mühitində pozitiv ünsiyyət, kollektivlə əlaqənin bərpası və dəstək hissi insanın adaptasiyasını sürətləndirir. Əgər insan işə yalnız yük kimi baxırsa, adaptasiya daha çətin olur. Amma işin mənasını, məqsədini və şəxsi inkişafla əlaqəsini görmək motivasiyanı artırır və psixoloji müqaviməti azaldır. Ona görə də bayram sonrası işə qayıdış bir növ psixoloji keçid mərhələsidir və düzgün yanaşma ilə bu mərhələ həm rahat, həm də məhsuldar şəkildə idarə oluna bilər. Burada əsas olan özünü anlamaq, tələbləri düzgün bölüşdürmək və bədənlə psixikanın ritmini uyğunlaşdırmaqdır. Bu yanaşma yalnız adaptasiyanı asanlaşdırmır, eyni zamanda uzunmüddətli iş effektivliyini də artırır”.
Aynur Babazadə
Bakı 




