• Bakı 22° C

    4.23 m/s

  • USD - 1.7

    EUR - 1.8152

    RUB - 0.018

“Azərbaycan mediasının dadı-duzu qalmayıb” - Kanadada yaşayan azərbaycanlı jurnalist

MÜSAHİBƏ

25 Avqust 2022 | 15:37

“Azərbaycan mediasının dadı-duzu qalmayıb” - Kanadada yaşayan azərbaycanlı jurnalist

Azərbaycan oxucusu üçün tanış olan imza - Lalə Musaqızı - uzun illərdir mətbuatda görünmür. Buna səbəb Lalənin onun ailəsi ilə birlikdə Kanadada yaşamasıdır. Bugünlərdə vətəndə olan həmkarımız Bakıvaxtı.az-a müsahibə  verib.

Müsahibəni təqdim edirik:

- Necə oldu ki, Azərbaycandan getməyə qərar verdiniz?

- Yoldaşımla nişanlı olanda tez-tez təklif edirdi ki, evlənəndən sonra Amerika, ya da Kanadaya köçək. Mən də hər dəfə valideynlərimi, dostlarımı qoyub gedə bilməyəcəyimi deyir və bu fikri ağlından çıxarmasını məsləhət görürdüm. Evləndikdən sonra da yoldaşım tez-tez xaricə köçməklə bağlı xatırlatmalar edirdi. Yenə də bunun mümkün olmayacağını deyirdim. Amma övladımız olandan sonra yoldaşımın dediyinə gəldim. Qızımızın gələcəyi xatirinə yoldaşımla razılaşmalı oldum.

- Hazırda orada nə işlə məşğulsunuz?

- Kanadada ikinci övladım dünyaya gəldiyi üçün burada yaşadığım illər ərzində işləmək, yaxud oxumaq imkanım olmadı. Bu ilin sentyabrından Rəqəmsal Media Marketinq ixtisası üzrə bakalavrdan sonrakı (post-graduate) təhsil pilləsində oxumağa başlayacam. Təhsilimi başa vurandan sonra sözügedən sahə üzrə öz işimi qurmağı planlaşdırıram.

- Hansısa anda yenidən Azərbaycana köçmək istəyiniz olub?

- Doğrusu, soyuqqanlı olduğumdan, üstəlik, yeni mühitə alışmaq, insanlarla ünsiyyət problemim olmadığından ağlımdan qayıtmaqla bağlı fikir keçməyib. Amma əksər immiqrantlar kimi yaşlanandan sonra Türkiyə, yaxud Azərbaycanda yaşamaq haqqında düşünürəm. “Ölməyə vətən yaxşı” misalı...

- Azərbaycanda uzun müddət mediada çalışmısınız. Medianın ovaxtkı və indiki durumunu müqayisə etsəniz, üstünlüyü hansına verərsiniz?

- Medianın nə ovaxtkı, nə də indiki halından razıyam. Media azad olmalıdır ki, oxucusu, dinləyicisi, tamaşaçısı olsun, reklamı olsun, reklamdan pul gəlsin. Medianın azad olması üçün isə azad iqtisadiyyat, azad reklam bazarı olmalıdır.

- Bir neçə il sonra Azərbaycan mediasını necə görürsünüz?

- Azərbaycan mediasının dadı-duzu qalmayıb. Əgər mediadan rahatlıqla hansısa xəbəri çıxarmaq mümkündürsə, bu, artıq sosial mediadır.

- Kanadaya köçdüyünüz ilk illərdə hansı çətinliklərlə üzləşdiniz?

- Burada qış sərt keçir. Təxminən, beş ay çəkir və havanın temperaturu dekabr, yanvar və fevral aylarında çox vaxt mənfi 10-15 dərəcə arasında dəyişir. Heç vaxt mənfi temperatur görməyən adam kimi soyuğa öyrəşmək iki ilimi aldı. Onu da qeyd edim ki, burada mənfi 15 dərəcədə belə yollar bağlanmır, həyat davam edir, qartəmizləyən maşınlar daim yolları və səkiləri təmizləyir. Şaxtaya hesablanaraq satışa çıxarılan üst geyimlər, ayaqqabılar isə qışda özünü isti hiss etməyinə yardımçı olur. Məsələn, -20 dərəcə şaxtada altdan qısaqol köynək, üstdən şaxtaya davamlı kurtka geyinib rahatlıqla bayırda gəzə bilirsən.

- Hazırda yenə çətinliklər var, yoxsa öz vətəniniz kimi qəbul edirsiniz?

- Artıq öyrəşmişik və burada yaşamaq bizim üçün çox rahatdır. Özəlliklə yaşadığımız Toronto şəhərinin 55 faizi immiqrantlardan ibarət olduğuna görə özümüzü gəlmə kimi hiss etmirik.

- Kanadada nəyi bəyəndiniz, nədən xoşunuz gəlmədi?

- Səhiyyə sistemini heç bəyənmədim. Pulsuz olsa da, keyfiyyət aşağıdır, həkim çatışmazlığı var. Təcili yardıma gedəndə, əgər ölmək təhlükən yoxdursa, ən azı 6-7 saat gözlədirlər. Yaxud, bəzi cərrahi əməliyyatlar üçün bir ilə qədər müddətdə növbədə dayanırsan. Özəl hospitallar olmadığından pulunu verib istədiyin vaxt əməliyyata girmək şansın yoxdur. Buna görə də imkanlı kanadalılar təcili əməliyyat üçün Amerikaya üz tuturlar.

Kanadanın bəyəndiyim tərəfləri çoxdur. Özəlliklə də yaşıllığı. Şəhər meşənin içərisində salınıb və vəhşi təbiət qorunur. İstədiyin vaxt 10-15 dəqiqəlik məsafədə çay, göl qırağında meşəyə gedib dincələ bilirsən. Bunun üçün şəhərdən iki-üç saatlıq məsafəyə maşın sürməyə ehtiyac yoxdur. Parklarda dələ, vəhşi qaz, ququşu, maral, dovşan, tülkü, hətta canavar görə bilərsən. Bir də uşaq üçün əyləncə məkanları çoxdur və demək olar, qiymətlər hər kəs üçün əlçatandır.

Yeri gəlmişkən, Azərbaycanda olarkən uşaqları bir neçə dəfə Bakıda mallardakı uşaq əyləncə mərkəzlərinə apardım. Qiymətlər od tutub yanır. Bir uşağın həftədə bircə dəfə 2 saat əylənməsi üçün ən azı 60 manat lazımdır. Kanadada isə bir gün əylənməsi üçün 40 manat yetərlidir.

- Kanadaya köçmək istəyən azərbaycanlılara nə demək istəyirsiniz?

- Sənət öyrənib sonra bura gəlsinlər. Aşpaz, elektrik, mebel ustası, rəngsaz, saç ustası, çörəkçi, dərzi, ev təmiri ustası və s. işləri bilirsinizsə, rahatlıqla iş tapa biləcəksiniz. Hansı proqramla gəlirsinizsə, gəlin, amma sənət öyrənib gəlin.

Bu yaxınlarda paltarımın ayağını kəsdirmək üçün üz tutduğum dərzilər məndən 80-100 Kanada dolları istədilər. Evə gəlib kollecdə dərzilik sənətini öyrənməklə maraqlandım. Üç ay oxuyub dərzi olursan. Yeri gəlmişkən, dərziliyi öyrənmək də planımda var, ən azı paltarlarımızın əyər-əskiyini özüm düzəldərəm.

- Heç orada jurnalist kimi çalışmağı düşünmüsünüz?

- Bu barədə düşündüm, amma maaşları öyrənəndə, fikrimdən vaz keçdim. Dünyanın əksər yerlərində olduğu kimi, burada da jurnalist əməyinə lazımi qiymət verilmir. Jurnalist kimi işə yeni başlayırsansa, saatına 18 dollar verirlər. Müqayisə üçün deyim ki, fabrikdə adi fəhlə işləmək üçün saatına 20-25 dollardan əməkhaqqı alırsan, yaxud tikintidə fəhlə işləyənlər saatına 30-35 dollar alır. Bu baxımdan Kanadada jurnalist işləmək fədakarlıq tələb edir. Bu fədakarlığı Azərbaycanda etdiyim üçün Kanadada buna ehtiyac görmədim.

Aytac Aslan


SON XƏBƏRLƏR

18 Aprel 2024