• Bakı 20° C

    2.5 m/s

  • USD - 1.7

    EUR - 2.0054

    RUB - 2.03

Qlobal investorlar üçün açıq qapı - Prezidentin münasibəti hər bir əməkdaşlığı daha da möhkəmləndirir

SİYASƏT

23 Sentyabr 2025 | 16:47

Qlobal investorlar üçün açıq qapı - Prezidentin münasibəti hər bir əməkdaşlığı daha da möhkəmləndirir

Son illərdə Azərbaycan iqtisadiyyatında həyata keçirilən islahatlar ölkəmizi yalnız regional deyil, həm də qlobal səviyyədə cazibədar investisiya məkanına çevirib. Yaradılmış şəffaf və əlverişli qanunvericilik mühiti, dövlətin iqtisadi siyasətində sabitlik və proqnozlaşdırıla bilənlik investorların etimadını artırıb, ölkəmizə beynəlxalq kapitalın axınını mümkün edib.

Ölkəmizə xarici investorların marağı artmaqdadır və bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin beynəlxalq səfərlərində həyata keçirdiyi görüşlərdə də özünü göstərir. Nyu-York səfəri çərçivəsində dövlətimizin başçısı dünyanın nüfuzlu investisiya şirkətlərinin rəhbərləri ilə görüşüb. İlham Əliyev “Blackstone” şirkətinin prezidenti və baş əməliyyat direktoru Conatan Qrey, “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktoru, eləcə də “Brookfield Asset Management” şirkətinin baş icraçı direktoru ilə danışıqlar aparıb. Görüşlərdə Azərbaycanın investisiya mühiti, iqtisadi inkişaf perspektivləri və əməkdaşlıq imkanları müzakirə edilib, ölkəmizin beynəlxalq investisiya cəmiyyətində daha da etibarlı və perspektivli tərəfdaş kimi mövqeyi vurğulanıb.

Ölkəmizin hədəfləri böyükdür və potensialı daha da yüksəkdir. Azərbaycanda investisiya mühitinin formalaşdırılması ölkəmizi daha rəqabətqabiliyyətli, investorlar üçün isə daha cəlbedici edir.

Vüqar Bayramov: Hər kəs görür ki, Prezidentin qəbul etdiyi qərarlar və onun əsas strategiyası regionda yeni nizam formalaşdırıb

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən deputat Vüqar Bayramovun sözlərinə görə, bütövlükdə müşahidə edirik ki, ölkə daxilindəki nizam və Azərbaycanın xaricdə keçirilən əksər beynəlxalq toplantılarında aparıcı şirkətlərin rəhbərləri Azərbaycan Prezidentinin görüşlərini məhz onların təşəbbüsü ilə təşkil edirlər.

"Bu, bir tərəfdən Prezidentin şəxsi nüfuzunu, digər tərəfdən Azərbaycanın gücünü nümayiş etdirir. Hər kəs görür ki, Prezidentin qəbul etdiyi qərarlar və onun əsas strategiyası regionda yeni nizam formalaşdırıb və Azərbaycan yalnız regionda deyil, beynəlxalq müstəvidə də qərarların qəbulunda təsir imkanına malikdir",- deputat qeyd edib.

Müsahibimizin sözlərinə görə, bu, Azərbaycanın güclü liderliyini və uzaqgörən siyasi baxışını bir daha təsdiqləyir. Dediyinə görə, odur ki, belə görüşlərin qarşı tərəfin təşəbbüsü ilə baş tutması Azərbaycan üçün böyük qürur mənbəyidir.

"Prezidentin münasibəti hər bir əməkdaşlığı daha da möhkəmləndirir. Bu əməkdaşlıq, xüsusilə Brookfield Asset Management kimi dünya səviyyəli şirkətlərlə münasibətlər, Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Belə əməkdaşlıqlar qeyri-neft sektoruna sərmayələrin cəlb olunmasını təşviq edir və ölkəmizin beynəlxalq iqtisadi əlaqələrinin daha da genişlənməsinə xidmət edir",- deyə Vüqar Bayramov fikrini yekunlaşdırıb.

Eldəniz Əmirov: Ölkəmizin potensialı daha böyükdür, hədəfləri isə daha yüksəkdir

İqtisadçı-alim Eldəniz Əmirov isə Bakıvaxtı.az-a bildirib ki, Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar və formalaşdırılmış investisiya mühiti, qanunvericilik baxımından qlobal investorlar üçün əlverişli zəmin yaradıb:

"Hesab edirəm ki, bəzi qanunvericilik məsələləri tam şəkildə tənzimlənəndən sonra ölkəmizə yatırımların daha da sürətlə artdığının şahidi ola bilərik".

Onun sözlərinə görə, ötən il xarici investisiyaların böyük hissəsi neft-qaz sektoruna yönəlmişdi. Halbuki, əsas məqsədimiz qeyri-neft sektorunun inkişafıdır. Bu səbəbdən, təhsil və hüquqi baza ilə yanaşı, praktik səviyyədə, yerlərdə qlobal investorları narahat edən məsələlərə diqqətlə yanaşmaq vacibdir:

"Çünki qeyri-neft sektoru üzrə yatırımlar həcmi hələ qarşıya qoyulmuş hədəflərlə tam uyğunlaşmır. Ölkəmizin potensialı daha böyükdür, hədəfləri isə daha yüksəkdir".

Sonda Eldəniz Əmirov əlavə edib ki, dövlətimizin bu günə qədər formalaşdırdığı investisiya mühiti daha da güclənəcək.

Əli Hüseynov


SON XƏBƏRLƏR