“Türkiyənin artan önəmi son seçkilərdə özünü göstərdi. Ölkədəki seçkilərin dünya siyasəti baxımından əhəmiyyəti, bu mənada, bir daha ortaya çıxmış oldu”.
Bunu Bakıvaxtı.az-a tarix üzrə elmlər doktoru, Türk İslam Araşdırmaları Mərkəzinin başqanı Telman Nüsrətoğlu deyib.
Onun sözlərinə görə, Türkiyə seçkisi Avrasiya coğrafiyasında geosiyasi proseslərin mahiyyətinə təsir edə biləcək çox kritik seçki idi: “Türk xalqı öz iradəsini ortaya qoyaraq, Rəcəb Tayyib Ərdoğanı növbəti 5 il üçün də prezident seçdi”.
Müsahibimiz qeyd edib ki, Rəcəb tayyib Ərdoğanın andiçmə mərasimində Azərbaycan prezidenti İlham Əliyev diqqət mərkəzində olan insanlardan biri idi: “Çünki Azərbaycan-Türkiyə münasibətlərinin hazırkı səviyyəyə gəlib çatmasında hər iki prezidentin çox müstəsna rolu olub. İlham Əliyevin, xüsusilə Türkiyənin olmadığı beynəlxalq platformlarda “Türkiyə burda yoxdursa, biz varıq” sözləri Azərbaycan-Türkiyə qardaşlığının bariz nümunəsidir. İlham Əliyev Türkiyədə yüksək reytinqi olan, etibara sahib bir dövlət adamı kimi qəbul edilir”.

Telman Nüsrətoğlu, Türk İslam Araşdırmaları Mərkəzinin başqanı
Onun sözlərinə görə, İlham Əliyevin andiçmə mərasimində ciddi diqqət mərkəzində olması Türkiyə-Azərbaycan qardaşlığına daha bir sübutdur: “Qarşıdakı illərdə də Azərbaycan-Türkiyə münasibətləri dərinləşərək davam edəcək. Bu, müdafiə sənayesindən tutmuş ordularımızın daha da artan inteqrasiyasına qədər hər bir sahədə önəmli olacaq”.
T.Nüsrətoğlu bildirib ki, Türkiyə və Azərbaycan bu gün tamamlanmamış, əskik görülən istiqamətlərdə də ciddi fəaliyyət göstərəcəklər: “Təsadüfi deyil ki, cənab Ərdoğanın ilk xarici səfərini Azərbaycana edəcəyi gözlənilir. Hökumət üzlərinin siyahısından da görünür ki, yeni kabinet daha çox dövlət adamları və təcrübəsinin ön plana çıxarıldığı yerdir. Təyin edilən adamlardan da görürük ki, təcrübə çox böyük rol oynayır”.
Müsahibimiz əlavə edib ki, əlbəttə, burda iqtisadiyyat önəmlidir. Çünki Türkiyənin müəyyən iqtisadi problemləri var: “Bunu həll etmək üçün daim dünya iqtisadiyyatı ilə əlaqəsi olan Mehmet Şimşəyin xəzinə və maliyyə naziri postuna gətirilməsi də, problemlərin həll edilməsinin Türkiyənin qarşısında olan önəmlii məsələlərdən olduğunu göstərir”.
Aytac Aslan
















