"Azərbaycan və Ermənistan arasında sülh müzakirələrində ciddi irəliləyiş gözlənilmir".
Bunu Bakıvaxtı.az-a açıqlamasında sabiq xarici işləri naziri Elmar Məmmədyarov deyib.
Onun sözlərinə görə, tərəflər arasında aparılan danışıqlarda müəyyən irəliləyişlər 2025-ci ildə mümkündür:
"Məlumdur ki, Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin fəaliyyət müddəti iki ildən sonra, yəni 2025-ci ildə bitəcək və onların bölgədən çıxarılması məsələsinə baxılacaq. Yəqin ki, rus sülhməramlılarının regiondan çıxarılmasından sonra danışıqlarda hansısa irəliləyiş mümkündür”.
Məmmədyarov qeyd edib ki, amma ümumi ritorikaya nəzər yetirsək, Ermənistan tərəfinin sülhə, münasibətlərin normallaşmasına hazır olmadığını görərik. Eks-nazir bildirib ki, sülh müqaviləsində müzakirə olunası məqamlar, suallar hələ qalmaqdadır:
“Sərhədlərin delimitasiya və demarkasiyası məsələsi, prosesin hansı xəritələr əsasında həyata keçiriləcəyi də qeyri-müəyyəndir. Bunların hamısı paket şəklində müzakirə olunmalıdır. Eyni zamanda Zəngəzur dəhlizi məsələsi də gündəmdədir və müxtəlif yanaşmalar var. ABŞ və Brüssel Zəngəzur dəhlizinin işə düşməsinə etiraz etmir və açılmasını istəyir. Əslində Rusiya tərəfi də Zəngəzur dəhlizinin reallaşmasına qarşı deyil. Çünki bu dəhliz Rusiyanın regionda hərəkət imkanlarını artıracaq, iqtisadi baxımdan müsbət təsir göstərəcək. Ona görə də sülh sazişi ilə paralel Zəngəzur dəhlizinin açılması, sərhədlərin müəyyənləşməsi regiona əmin-amanlıq, stabillik gətirər".
Müsahibimiz İrəvan hökumətindən və Qarabağdan gələn açıqlamaları da şərh edib:
"Qarabağdakı separatçılardan hərdənbir açıqlama gəlir ki, "biz döyüşəcəyik, mübarizəmizi davam etdirəcəyik" və s. Döyüşmək üçün silah-sursat, tank, avtomat lazımdır. Separatçı ünsürlər silah-sursatsız güclü Azərbaycan Ordusu ilə necə vuruşacaqlar? Məğlub və gücsüz duruma düşmüş Ermənistan reallığın fərqindədir və ona görə də Nikol Paşinyan ara-sıra sülhdən danışır. Əgər İrəvan hökuməti həqiqətən sülhün tərəfdarıdırsa, onda sülh müqaviləsinə imza atsın. Halva-halva deməklə ağız şirin olmur ki?!"
Ermənistan rəhbərliyinin tez-tez gündəmə gətirdiyi "beynəlxal mexanizm" məsələsindən də danışan E.Məmmədyarov bildirib ki, bunun reallaşması qeyri-mümkündür:
“Görünən odur ki, Ermənistan tərəfi çalışır ki, Qarabağda, Xankəndidə hansısa beynəlxalq təşkilatın ofisi, nümayəndəliyi açılsın. Həmçinin, danışıqlarda beynəlxalq nümayəndələrin olmasını istəyirlər. Bu da bizim üçün qəbuledilməzdir. Əgər çox istəyirlərsə, Bakıda ofis aça bilərlər.
Azərbaycan 44 günlük müharibə ilə öz torpaqlarını işğaldan azad edib. Düzdür, bəzi yerlərdə Rusiya sülhməramlı qüvvələri, eyni zamanda erməni silahlı dəstələri qalmaqdadır. O da zaman məsələsidir, gec-tez həllini tapacaq. Hamı istəyir ki, tez olsun, amma hər şeyin vaxtı var".
E.Məmmədyarov bəyan edib ki, indi danışıqların formatı, müzakirə mövzusu tam dəyişilib:
"Mən nazir kimi danışıqlarda iştirak edəndə torpaqlarımızın 20 faizi işğal altında idi, 1 milyona yaxın qaçqın və məcburi köçkün var idi. Qapalı görüşlərdə bizə deyirdilər ki, "gücünüz varsa, gedin torpaqlarınızı geri qaytarın". Biz də güclü olduğumuzu sübuta yetirdik və torpaqlarımızı işğaldan azad etdik. İndi danışıqlar fərqli müstəvidə aparılır. Bizim üçün əsas o idi ki, dünya ölkələri Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almasın, buna da nail olduq. Hətta Ermənistana hərtərəfli dəstək verən Fransa belə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını vurğulayır".
Aydın Baxış














jpg-1690975287.webp)

