• Bakı 5° C

    1.63 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Vaşinqton görüşləri rəsmi Bakının maraqlarına uyğundur - AÇIQLAMA

SİYASƏT

05 Iyul 2023 | 13:24 | Müəllif: Qalib İbrahimoğlu

Vaşinqton görüşləri rəsmi Bakının maraqlarına uyğundur - AÇIQLAMA

"Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ABŞ-ın vasitəçiliyi ilə Vaşinqtonda keçirdikləri sonuncu görüşlər, aparılan müzakirələr daha çox rəsmi Bakının maraqlarına uyğundur".

Bu sözləri Bakıvaxtı.az-a siyasi elmlər doktoru, professor, keçmiş millət vəkili Cümşüd Nuriyev deyib.

Professor bildirib ki, ABŞ öz siyasi mövqeyində Ermənistanla bağlı kifayət qədər korrektələr edib:

"Vaşinqton sanki Azərbaycanın haqq işini qorumağa cəhd göstərir. Uzun müddətdən sonra ABŞ-ın atdığı ən müsbət addımlardan biri budur. Ağ Evlə münasibətlərimiz ötən dövrdə ümumən normal olsa da, əməldə bunun şahidi olmurduq. Ancaq 44 günlük müharibədən sonra bölgədə formalaşan reallıqlar və rəsmi Bakının yürütdüyü xarici siyasət Amerikanı da mövcud həqiqətlərə inandıra bildi. Dünyanın böyük güclərini nəyəsə inandırmaq, həqiqəti qəbul etdirmək kifayət qədər çətindir. Çünki super güclərin öz maraqları hər məsələdən öndə gəlir. Amerika kimi bir ölkə hər regionda ilk növbədə öz mənafelərini güdür”.

Cümşüd Nuriyev: "ABŞ və Avropa İttifaqı Azərbaycan-Ermənistan arasında sülh sazişinin imzalanmasının tərəfdarıdır"

Onun sözlərinə görə, bütün hallarda Vaşinqtonun Cənubi Qafqazla bağlı indiki siyasəti Azərbaycanın maraqları ilə üst-üstə düşür. C.Nuriyevə görə, ABŞ dövlət katibi Entoni Blinken və təhlükəsizlik müşaviri Ceyk Sallivan çalışırlar ki, Azərbaycan və Ermənistan XİN başçıları daha çox məsələdə ortaq məxrəcə gəlsin:

“Vurğulandığı kimi Vaşinqton görüşlərində müəyyən məsələlərdə razılaşmalar var. Təbii ki, bütün müharibələrdən sonra danışıqlar uzun müddət davam edir. Həm də nəzərə alaq ki, qarşı tərəfdəki ölkə Ermənistandır. Ermənistan illər boyu Azərbaycan dövlətinə, xalqına düşmən münasibətdə olub, nifrət hissi ilə yaşayıb. Eyni zamanda müharibədə ağır məğlubiyyətə düçar olub. Görünür, bir qədər də təmkinli olmaq, yavaş-yavaş irəliləmək lazımdır".

Həmsöhbətimiz vurğulayıb ki, ABŞ və Avropa İttifaqı Azərbaycan-Ermənistan arasında sülh sazişinin imzalanmasının tərəfdarıdır:

"Ümumən Qərbdəki platformalar məsələnin həllinə yönəlikdir. Avropada bu işə maneçilik törədən ölkə Fransadır, daha doğrusu prezident Emmanuel Makrondur. Moskva platforması isə açıq-aşkar prosesin uzanmasını, Qarabağ bölgəsində gərginliyin qalmasını, tərəflər arasında yekun sülhün əldə olunmasını istəmir. Sülhdən sonra Cənubi Qafqazda qalmasına heç bir hüquqi əsas tapa bilmir. Rusiyanın siyasi iddiaları nə qədər böyük olsa da, Ukrayna ilə müharibə səbəbindən real imkanları məhdudlaşıb. Ona görə də indiki halda ümid Qərb platformasına, ABŞ və Avropa Birliyinədir. Azərbaycan Prezidenti də Amerika rəhbərinə təbrik məktubunda ABŞ-ın vasitəçilik təşəbbüsünü alqışladığını, danışıqların müsbət nəticələnəcəyinə ümid etdiyini vurğuladı. Qərbin vasitəçiliyi bizim üçün önəmlidir".

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR