q
  • Bakı 14° C

    7.34 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.2439

Azərbaycan-Ukrayna münasibətləri yeni mərhələyə keçir

SİYASƏT

26 Aprel 2026 | 11:10

Azərbaycan-Ukrayna münasibətləri yeni mərhələyə keçir

Çağdaş beynəlxalq münasibətlər sistemində regional işbirliyi modelləri coğrafi yaxınlıqdan daha üstün – ortaq təhlükəsizlik anlayışı, qarşılıqlı iqtisadi bağlar və siyasi iradə ilə müəyyən olunur. Bu baxımdan, Prezident İlham Əliyev ilə Prezident Volodimir Zelenski arasında görüş və onun nəticəsi kimi verilmiş bəyanatlar Azərbaycan–Ukrayna münasibətlərinin keyfiyyətcə yeni mərhələyə daxil olduğunu göstərən önəmli siyasi hadisədir.

Gəlin birincisi, siyasi dialoqun institusional dərinliyini vurğulayaq.

Azərbaycan Prezidentinin bəyanatı iki ölkə arasında münasibətlərin sistemli və davamlı xarakter daşıdığını göstərir. Prezidentlər son dörd ildə yeddi dəfə görüşüb – Bax, bu, əlaqələrimizin yüksək intensivlikdə inkişaf etdiyini nemayiş etdirir. Bu isə klassik diplomatik münasibətlərdən daha çox “strateji tərəfdaşlıq” modelinə uyğun gəlir.

Bəli, 2008 və 2011-ci illərdə imzalanmış sənədlərdə əks olunan prinsiplər – suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı – iki ölkə arasında münasibətlərin normativ əsasını təşkil edir. Bir daha vurğulamaqda fayda var. Yəni münasibətləri ikitərəfli işbirliyi çərçivəsindən çıxarıb, onları beynəlxalq hüququn fundamental prinsiplərinə söykənən, dərinləşdirilmiş, genişləndirilmiş işbirliyi səviyyəsinə yüksəldir. Bu isə dostluq münasibətlərimizin şaquli və üfüqi böyümənin ifadəsidir.

Burada diqqətəlayiq məqam ondan ibarətdir ki, hər iki dövlət öz milli təhlükəsizlik strategiyalarında oxşar çağırışlarla üz-üzədir. Bu oxşarlıq siyasi mövqelərin koordinasiyasını zəruri edir və onu təbii şəkildə dərinləşdirir.

İkincisi, enerji diplomatiyası və iqtisadi inteqrasiya mövzusudur.

Azərbaycan–Ukrayna münasibətlərinin əsas sütunlarından birinin enerji sahəsində işbirliyi olduğu heç kəs üçün sirr deyil. Azərbaycanın dövlət enerji şirkəti olan SOCAR-ın Ukraynada fəaliyyəti həm iqtisadi, həm də geosiyasi önəm daşıyır. Bu fəaliyyət enerji təhlükəsizliyinin şaxələndirilməsi baxımından Ukrayna üçün alternativ imkanlar yaradır.

Ticarət dövriyyəsinin yarım milyard dolları keçməsi isə iqtisadi bağların dinamik artım mərhələsində olduğunu göstərir; lakin bu rəqəm potensialla müqayisədə hələ də başlanğıc mərhələ hesab edilə bilər. 

Bəyanatda da vurğulandığı kimi, tərəflər bu göstəricini artırmaq niyyətindədir. 

İqtisadi münasibətləri hansı istiqamətlər üzrə inkişaf etdirmək lazım olduğu aydındır. Bunlar:

-enerji və neft-qaz sektoru;

-daşımalar və logistika (Xəzər–Qara dəniz xətti);

-kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi;

-yatırım layihələri və sənaye kooperasiyasıdır.

Hərbi-texniki işbirliyi – yeni geosiyasi getçəkliklər fonunda – bu, çox önəmli məsələ üçüncü vurğumuz olsun.

Bəyanatda xüsusi vurğulanan sahələrdən biri hərbi-texniki işbirliyidir. Bu, əlbəttə, təsadüfi deyil. XXI yüzillikdə dövlətlərarası münasibətlərdə təhlükəsizlik komponenti digər bütün sahələrdən daha çox prioritet qazanmışdır.

Azərbaycan və Ukraynanın hərbi sənaye komplekslərinin inkişaf mərhələsində olması onların qarşılıqlı texnoloji alış-veriş və birgə istehsal imkanlarını artırır. Bəs bu hansı nəticələrə gətirib çıxara bilər? Ən azı üç istiqaməti vurğulaya bilərik:

-regional müdafiə sənayesinin güclənməsi;

-texnoloji transfer və innovasiya mühiti;

-strateji müstəqilliyin dərinləşməsi.

Bu işbirliyi modeli həm də sənaye inkişafının katalizatoruna çevrilə bilər.

Dördüncü vurğumuz, diplomatik sinxronluq və beynəlxalq platformlardır.

Azərbaycan və Ukrayna beynəlxalq təşkilatlarda bir-birinin ərazi bütövlüyünü dəstəkləməklə faktiki olaraq diplomatik sinxronluq nümayiş etdirir. Bu sinxronluq önəmli qılan məqamları yada salaq:

-beynəlxalq hüququn selektiv tətbiqinə qarşı ortaq mövqe;

-çoxtərəfli diplomatiyada qarşılıqlı dəstək;

-qlobal siyasi balansda koordinasiyalı iştirak.

Bsx, bu yanaşma, özəlliklə savaşsonrası və savaş gerçəkləri fonunda daha güncəl xarakter alır.

Nəhayət, kulturoloji və sivilizasiya aspektini vurğulayaq.

Azərbaycan–Ukrayna münasibətlərini yalnız siyasi və iqtisadi çərçivədə qalmır; münasibətlərimizi həm də “mədəni körpü” kimi dəyərləndirmək olar. Hər iki xalq tarix boyu müxtəlif imperiyaların təsirində olmuş, lakin öz milli kimliyini qoruyaraq müstəqillik ideyasını yaşatmışdır.

Bu baxımdan, münasibətlər yalnız maraq deyil, həm də “tarixi təcrübələrin rezonansı” üzərində qurulur.

Bəli, prezidentlərin görüşü və verilən bəyanat göstərir ki, Azərbaycan–Ukrayna münasibətləri artıq klassik diplomatik əlaqələr mərhələsini keçərək çoxşaxəli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.

Bu münasibətlərin gələcəyinin, inkişaf trayektoriyasının üç əsas sütun üzərində qurulacağı görünür:

1. siyasi və diplomatik koordinasiya;

2. iqtisadi və enerji inteqrasiyası;

3. təhlükəsizlik və hərbi-texniki işbirliyi.

Beləliklə, bu səfər iki ölkə arasında bağların növbəti mərhələsi olmaqla birgə, Avrasiya məkanında yeni geosiyasi konfiqurasiyanın formalaşmasında da önəmli hadisə kimi qiymətləndirilə bilər.

Əkbər Qoşalı 

Bakıvaxtı.az


SON XƏBƏRLƏR

25 Aprel 2026