• Bakı 13° C

    5.23 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

Azərbaycanda bu şəxslər icbari tibbi sığortadan yararlana bilmirlər -SƏBƏB

CƏMİYYƏT

30 Aprel 2024 | 10:28

Azərbaycanda bu şəxslər icbari tibbi sığortadan yararlana bilmirlər -SƏBƏB

Azərbaycanda təhsil alan əcnəbi tələbələrlə bağlı müzakirə olunan məsələlərdən biri də sığorta ilə bağlıdır.

Məlumdur ki, icbari tibbi sığorta (İTS) dünya səhiyyəsində əhalinin tibbi yardım almaq hüququnu təmin edən sistemdir. Bu sistem sığorta hadisəsi zamanı sığortaolunanların xidmətlər zərfi çərçivəsində tibbi yardım almasını təmin edir. Statistik məlumatlara görə, Azərbaycan vətəndaşları bu xidmətdən kifayət qədər yararlana bilirlər.

Bəs görəsən, ölkəmizdə təhsil alan xarici tələbələrə icbari tibbi sığorta tətbiq olunurmu?

İlkin İbrahimov, sığorta eksperti

Sığorta eksperti İlkin İbrahimov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, ölkədə icbari tibbi sığortanın tətbiqi müəyyən qisim şəxslər üçün nəzərdə tutulub. Əcnəbi tələbələr isə xidmətdən istifadə etmək üçün ödəniş etməlidirlər.

Ekspertin sözlərinə görə, ölkəmizdə həyat sığortası ilə yanaşı, qeyri-həyat sığortası mövcuddur. Həyat sığortası sağlamlıqla bağlı olan sığorta növüdür. Bura ölüm halı və dəymiş xəsarət halları daxildir. Xəsarət halları isə ağır və az ağır kimi formalarına görə qiymətləndirilir. İcbari tibbi sığorta ilə bağlı olan sığorta isə qeyri-həyat sığortasına şamil olunur:

"Azərbaycanda icbari tibbi sığortanın tətbiqi ölkə vətəndaşlarına və ölkəmizdə yaşasa da, vətəndaşlığı olmayan qaçqın statusu almış şəxslərə aiddir. Digər şəxslər isə sağlamlığı ilə istənilən məsələdə icbari tibbi sığortadan istifadə edə bilməzlər. Bu, qanunla tənzimlənir. Əgər ölkə daxilində yaşayan xarici vətəndaş hər hansısa tibbi xidmətdən istifadə etmək istəyərsə, bu halda xidmət məbləğini qarşılamalıdır".

Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirib ki, “Tibbi sığorta haqqında” Qanuna əsasən Azərbaycan Respublikasında qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər sığortaolunan hesab edilir. Bu şəxslər Xidmətlər Zərfi ilə təminata alınan tibbi xidmətlərdən yararlana bilirlər.

"Həmçinin Azərbaycan Respublikasında əmək müqaviləsi ilə çalışan xarici ölkə vətəndaşları da əməkhaqlarından icbari tibbi sığorta haqqı tutulmaqla icbari tibbi sığortanın qarşıladığı tibbi xidmətlərdən istifadə edə bilirlər. Miqrasiya Məcəlləsinə əsasən ölkəmizdə müvəqqəti olan, müvəqqəti və ya daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tibbi xidmətlərdən istifadə edərkən öz maliyyə vəsaiti hesabına ödəniş etməlidir", - deyə qurumun açıqlamasında qeyd olunub.

Qeyd edək ki, İcbari tibbi sığorta sisteminin tətbiqi (İTS) ilk dəfə 1880-ci ildə Almaniyada yaradılıb. İkinci Dünya müharibəsindən sonra isə bu xidmət növü inkişaf etmiş ölkələrin sosial-iqtisadi inkişafında əhəmiyyətli rola malik olub. Azərbaycanda isə ilk dəfə Mingəçevirdə fəaliyyətə başlayan pilot layihənin 1 yanvar 2020-ci ildən bütün ölkə boyu tətbiqinə qərar verilib.

Gülşən Şərif


SON XƏBƏRLƏR