"Mövcud vəziyyətdə rektorlarımızın demək olar ki, hər biri məmurdur və böyük əmlakları var".
Bu sözləri ödənişli təhsillə bağlı vəziyyəti şərh edən təhsil eksperti Elşən Qafarov Bakıvaxtı.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, hər il ödənişli əsaslarla universitetə daxil olan təxminən 2150-2200 tələbə təhsil ala bilmir. Bundan başqa, hər il təqribən 3000 tələbə təhsilini yarımçıq qoymaq məcburiyyətində qalır:
"2021-ci ildə ölkə başçısı İlham Əliyevin sərəncamına əsasən ölkədə Təhsil Tələbə Krediti Fondu yaradılıb. Fond tərəfindən tələbələrə verilən kreditlərin həcmi 120 milyon manatdan yuxarıdır. Bir müddət öncə Fond tələbələrin kirayə və yolpulunun ödənməsi ilə bağlı Nazirlər Kabinetinə müraciət ünvanlayıb. Fikrimcə, Fondun fəaliyyətindən sonra tələbələrin yaşadığı psixoloji sarsıntılar azalıb".
Ekspert iddia edir ki, universitet rəhbərlikləri Təhsil Tələbə Krediti Fondundan vəsait almaq üçün sui-istifadə hallarına yol verirlər.
"Bu gün universitet rektorları universitetin büdcəsinə 5-10 manatın gəlməsi üçün tələbələri bilərəkdən imtahandan kəsirlər. Onlar bu addımla tələbələri kreditə salmaq istəyirlər. Çünki kredit hesabına universitetin büdcəsinə müəyyən məbləğdə vəsait qalır. Bu cür sui-istifadə halı əksər tələbələrin təhsilini yarımçıq qoymasına səbəb olur. Universitetlər sistemi elə qururlar ki, onların bu sui-istifadə halını sübut etmək olmur", - deyə müsahibimiz vurğulayıb.

Elşən Qafarov: Azərbaycanda 1-2 universiteti çıxmaqla, digərləri əmək bazarının tələblərinə uyğun kadr hazırlaya bilmir
E.Qafarov onu da qeyd edib ki, Azərbaycanda 1-2 universiteti çıxmaqla, digərləri əmək bazarının tələblərinə uyğun kadr hazırlaya bilmir. Ona görə də Azərbaycan gənci xarici ölkələrə üz tutur:
“Gənclərimiz yüksək səviyyəli təhsil almaq və peşəkar kadr kimi formalaşmaq üçün xaricə axın edir. Xarici ölkələrə axın edən gənclərin çoxu ölkəyə qayıtmır. Bu isə arzuolunan hal deyil”.
Gülşən Şərif
















