"Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin iyunun 1-nə Azərbaycanda muzdla çalışan işçilərın sayı 1 706 min nəfər olub. 2022-ci ilin yanvarın 1-nə isə ölkə üzrə əməkqabiliyyətli yaşda olan insanların sayı 6 984,5 min nəfər təşkil edib. Başqa sözlə əməkqabiliyyətli yaşda olan insanların yalnız 24,4%-i əməkhaqqı alır".
Bunu Bakıvaxtı.az-a açıqlamasında iqtisadçı-ekspert Toğrul Vəliyev bildirib.
Ekspert müqayisə üçün qeyd edib ki, qonşu ölkədə Gürcüstan Statistika İdarəsinin məlumatına görə, 2022-ci ilin iyun ayında ölkə üzrə 902 min şəxs əməkhaqqı alıb. Məlumata görə, 2022-ci ilin əvvəlinə ölkə üzrə əməkqabiliyyətli yaşda olan insanların sayı isə 2 146,5 min nəfər olub. Başqa sözlə əməkqabiliyyətli yaşda olan insanların 42,02%-i əməkhaqqı alır.
T.Vəliyev iki ölkənin median əməkhaqqı məbləğini də müqayisə edib. O qeyd edib ki, median əməkhaqqı iqtisadiyyatda maaş cədvəlinə qol çəkən bütün işçilərin sayını ikiyə böldükdə həmin bölünmə nöqtəsinə düşən məbləğə bərabərdir.
"Azərbaycanda median əməkhaqqı məbləği 410 manat (241 ABŞ dolları) olduğu halda, Gürcüstanda bu rəqəm 1200 GEL (434 ABŞ dolları) təşkil edir.
Bu onu göstəricisidir ki, orta aylıq nominal əmək haqqı 700-800 manat olmasına baxmayaraq, məşğul əhalinin 50 faizi 400 manatdan aşağı əmək haqqı alır. Bunu müvafiq dövlət qurumları da açıqlayıb. Özəl sektorda çalışan işçilərin əksəriyyəti minimum əmək haqqı alırlar. Burada əhalinin gəlirlərinin hansı səviyyədə olması görünür", - deyə ekspert bildirib.
Ramid İbrahimov
















