“14 iyul 1969-cu il yaddaşlara Azərbaycanın XX əsrdəki inkişafının başlanğıc günü kimi həkk olunub".
Bunu Bakıvaxtı.az-a Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü, deputat Cavanşir Paşazadə deyib. Onun sözlərinə görə, həmin gün siyasi hakimiyyətə gələn ulu öndər Heydər Əliyev, sözün həqiqi mənasında, tədricən republikanın həyatında əsaslı dəyişikliyə nail olub, milli, müstəqil dövlətin qurulması üçün zəruri olan bütün işləri görüb və Azərbyacanın sosial-iqtisadi, elmi-texniki və mədəni inkişafının başlanğıc tarixini yazıb. "Həmin tarix həm də milli özünüdərkin oyanışının, soykökə qayıdışın başlanğıc dövrüdür. Ulu öndər həmin dövrdə bütün ideoloji-siyasi maneələrə sinə gərərək, Azərbaycan xalqının milli inkişaf konsepsiyasını irəli sürüb, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi və iqtisadi yüksəlişlərə ruhlandırıb. Heydər Əliyevin azərbaycançılıq ideyası hər bir soydaşımızda xalqın nə vaxtsa öz azadlığına, istiqlaliyyətinə qovuşacağına inam yaradıb. 14 iyul 1969-cu ildən başlanan yol Azərbaycan xalqını tərdicən müstəqilliyə doğru apardı”.
Deputat qeyd edib ki, Azərbaycan 1969-cu ilə qədər aqrar əyalət kimi tanınıb, lakin Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan bu dönəmdən sonra sənaye ölkəsinə çevrildi: “1969-1985-ci illərdə Azərbaycanda 213 yeni iri sənaye müəssisəsi istismara verilib, dünyanın 65 ölkəsinə 350 adda məhsul ixrac olunub. Həmin illər ərzində Azərbaycanın milli gəlirinin ümumi həcmi 2,5 dəfə artdı. Ulu öndər Heydər Əliyev hələ 1969-1982-ci illərdə rəhbər olduğu dövrlərdə Azərbaycan dövlətçiliyinin gələcək müstəqilliyinin siyasi- iqtisadi əsaslarını yarada bilmişdi. Müstəqilliyi əldə etmək üçün möhkəm təməl, iqtisadi inkişaf lazım idi. Buna görə də 1969-cu ildən başlayaraq Azərbaycan iqtisadiyyatının gücləndirilməsi Ulu Öndərimizin siyasi xəttinin əsasını təşkil edirdi”.
C.Paşazadənin sözlərinə görə, Sovet dönəmində və müstəqillik dövründə Azərbaycan üçün, xalqımız üçün ən həlledici anlarda Heydər Əliyevin liderlik keyfiyyətləri, onun müdrikliyi, düşünülmüş siyasəti və cəsarətli addımları xalqımızı böyük bəlalardan xilas edib: “Xalq öz rəhbərinə inanırdı, onu sevirdi və bütün dövrlərdə ona arxa-dayaq olurdu. 1969-cu ildən başlayaraq Azərbaycan sosial-iqtisadi göstəricilərə görə qabaqcıl respublikalardan birinə çevrildi. Ulu öndərin xalqına, millətinə, Vətəninə sonsuz məhəbbəti onun hər addımında özünü büruzə verirdi. Müdrik şəxsiyyətin on üç il ərzində yorulmaz fəaliyyəti nəticəsində sovet məkanında Azərbaycanın adı daim ön sıralarda çəkildi. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş milli inkişaf konsepsiyası bu gün uğurla davam etdirilir. Dövlət başçısı İlham Əliyev bu məsuliyyətli vəzifəni üzərinə götürərkən bəyan etmişdir ki, bütün fəaliyyətini Heydər Əliyev siyasəti, insana qayğı və diqqət üzərində quraraq sosialyönümlü siyasət həyata keçirəcəkdir. Görülən işlər ölkəmizi günü-gündən irəliyə doğru aparır”.
Nuranə Daxilqızı
















