DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin dövriyyəsini təşkil edən şəxslərə qarşı növbəti əməliyyat keçirilib.
Bakıvaxtı.az DİN-ə istinadən xəbər verir ki, daxil olmuş məlumat əsasında keçirilən tədbirlər zamanı Əvəz Hüseynovun şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşının təklifi ilə narkotik vasitələri Füzuli rayonu ərazisindən Bakı şəhərinə gətirmək üçün əldə etdiyi müəyyən edilib və o, Sabunçu rayonu ərazisində saxlanılıb.
Onun narkotiklərin dövriyyəsində istifadə etdiyi avtomobildən 18 kq 500 qram tərkibinə xüsusi zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.
Davam etdirilən əməliyyat tədbirləri nəticəsində digər narkokuryer Müslüm Yaqubov isə Xəzər rayonu ərazisində saxlanılıb. Onun kirayə yaşadığı evdən 7 kq 500 qram tərkibinə xüsusi zərərli maddələr əlavə edilmiş marixuana və 1 kq 150 qram metamfetamin aşkarlanıb.
Sonuncu əməliyyat zamanı 27 kq-dan artıq narkotik maddə qanunsuz dövriyyədən çıxarılıb.
Faktla bağlı cinayət işi başlanılıb və həmin narkokuryerlər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Əməliyyat tədbirləri davam etdirilir.