Paytaxt mağazalarının birində üzərində marixuananın şəkili olan içki satılır. İçkinin üzərində tərkibini bildiriən etiketdə də vitaminlərlə bərabər xaşxaş bitkisinin olduğu qeyd edilib.
Mağazadan bildirilib ki, içki dövlət qurumlarından alınan rəsmi sənədlər əsasında satışa çıxarılıb. Qida Təhlükəsizliyi Agentliyindən isə bildirilib ki, məsələ dövlət qurumu tərəfindən qeydiyyata alınıb və bununla bağlı araşdırma aparılacaq.
Bu cür məhsulların rəsmi formada satılması nə dərəcədə düzgündür? Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Bakıvaxtı.az-a bildirib ki, ümumiyyətlə, malların etiketləşdirilməsi və keyfiyyət məsələsi ortalıqda qalıb: “Bununla nə İqtisadiyyat Nazirliyi, nə də AQTA məşğul olur. İstehlakçı isə məlumatı etiketdən alır. Ölkədə istehlakçılar üçün məlumat standartı da mövcud deyil”.
Onun sözlərinə görə, bir neçə qanunda, o cümlədən, “Dövlət dili haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunlarda, Nazirlər Kabinetinin 94 saylı qərarında ölkədə satılan bütün malların Azərbaycan dilində etiketləşdirilməsi nəzərdə tutulub. Ancaq bu qayda da pozulub.

Eyyub Hüseynov: Malların etiketləşdirilməsi və keyfiyyət məsələsi ortalıqda qalıb
E.Hüseynov vurğulayıb ki, İran məhsulları satılan dükanlarında malların hamısı xarici dildə markalanıb və zəhərlənmələr var: “Heç insanlar məhsulun buraxılma tarixi ilə yararlılıq müddətini də bilmirlər. Ona görə də, bu cür məsələlər çıxır. Etiketə nəzarət edən yoxdur. AQTA-nın gördüyü işlər isə dayanıqlı və davamlı deyil. AQTA gərək məhsulun etiketinə baxıb daxilində nə olduğu ilə bağlı analizlər aparsın. Bunu etmirlər. İllər boyu milyon dollara yaradılan laboratoriyaların hamısı partizan kimi susur. Bu, anormal bir vəziyyətdir”.
Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Turan Abdullazadə bildirib ki, üzərində marixuana şəkli olan bir içkinin satılması qanunvericiliklə ziddiyyət təşkil edir: “Çünki bu, həmin içkinin qablaşdırılma forması olmasından daha çox təbliğat, təşviqat, reklam xarakteri daşımış olur. İnzibati Xətalar Məcəlləsinə əsasən reklam haqqında qanunvericiliyin pozulması məsuliyyətə səbəb olur. Belə ki, həmin Məcəllənin 428.10-cu maddəsinə əsasən reklamı qadağan olunmuş məhsulların, texnikanın, xidmətlərin reklamına, habelə reklam yayımının qanunla müəyyənləşdirilmiş qayda və tələblərinə əməl edilməməsinə görə - vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir”.

Turan Abdullazadə: Üzərində marixuana şəkli olan içkinin satılması qanunvericiliklə ziddiyyət təşkil edir
Vəkilin sözlərinə görə, nəinki narkotik vasitələr, həmçinin dopinq vasitələrinin təbliği və reklamı da qanunla qadağandır: “Belə ki, dopinq vasitələrindən və (və ya) üsullarından istifadəyə və ya istifadəni təbliğ etməyə görə- fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə cərimə edilir. “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunda uşaqların həyat və sağlamlıqlarına təhlükə yaradan əməlləri təbliğ edən informasiyalardan biri də - uşaqların həyatına, fiziki və psixi sağlamlığına təhlükə yaradan, o cümlədən intiharı, odlu silah və partlayıcı maddələrdən, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarından, alkoqollu və energetik içkilərdən, habelə tütün məmulatlarından istifadəni təbliğ edən informasiyadır”.
T.Abdullazadə vurğulayıb ki, həmin qanunda zorakılığın, qəddarlığın, narkotik vasitələrin və psixotrop maddələrin, alkoqollu və energetik içkilərin, habelə tütün məmulatlarının, cəmiyyət əleyhinə davranışın, pornoqrafik xarakterli informasiyanın təbliğinin yolverilməzliyi prinsipi mövcuddur: “Uşaqların zərərli informasiyadan qorunması haqqında qanunvericiliyin pozulmasına görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üз min manatdan dörd min manatadək məbləğdə cərimə edilir”.
Aytac Aslan
















