Bu gün Bakıda olmağımız iki qonşu xalq arasında tarixi bağları, dostluğu göstərir.
Bakıvaxtı.az xəbər verir ki, bunu Bakıda Azərbaycanın sədrliyi ilə keçirilən Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyasında İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf deyib.
Məhəmməd Baqir Qalibaf bildirib ki, bu gün dünya dərin və çoxölçülü dəyişikliklərdən keçməkdədir: “Dünya əhalisinin təxminən 60 %-nin yaşadığı Asiya bir çox sivilizasiyaların beşiyidir. Bu böyük qitədə xalqlarımız arasında paylaşılan dəyərlərə əsaslanaraq, hər birimiz sülhə, çoxtərəfliliyə və ədalətə dərindən sadiqik. Qlobal qarşılıqlı əlaqənin mövcud olduğu bu dövrdə dünyanın hər hansı bucağında olan problem bütün dünya üzrə siyasət və davranışlara təsir göstərir. Pandemiyalar, iqlim dəyişikliyi, müstəmləkəçilik siyasəti region dövlətlərinin sərhədlərini aşır. Qlobal birliyin keçid mərhələsində çoxtərəflilik münasibətləri sadəcə, seçim deyil. Mövcud beynəlxalq sistemin əsas ehtiyacı çoxtərəfli münasibətlərdir”.
“Qəzzayla bağlı hamımız humanitar məsuliyyət daşıyırıq. İnanırıq ki, Fələstin və Qəzzanın gələcəyinə bütün fələstinlilərin öz müqəddəratını təyin etmə səviyyəsində baxıla bilər. Biz Asiya Parlament Assambleyasına üzv olan bütün parlamentləri Fələstin xalqını dəstəkləməyə çağırırıq. Biz həmçinin ticarət yollarının şaxələndirilməsinin tərəfdarıyıq. İran Parlamenti çoxtərəfliliyi şaxələndirilməsi, Asiyada çoxtərəfli əməkdaşlığı gücləndirmək üçün istənilən addımı atmağa hazırdır”, - deyə İran İslam Şurası Məclisinin sədri vurğulayıb.