Bakıda Mir Cəlal küçəsi ilə Hüseyn Seyidzadə küçəsinin kəsişməsində, piyadalar üçün nəzərdə tutulmuş səkinin ortasında reklam lövhəsi yerləşdirilib.
Bakıvaxtı.az-a danışan sakinlər bildirib ki, reklam lövhəsi hərəkəti çətinləşdirir.
Sakinlərin sözlərinə görə, reklam lövhəsi quraşdırılarkən onun yaşlı, uşaqlı və fiziki məhdudiyyətli şəxslər üçün yaratdığı risklər nəzərə alınmayıb.
Qeyd edək ki, yolların kəsişməsində quraşdırılan reklam lövhələri yol hərəkətinin təşkilində təhlükəsizliyə də xələl gətirə bilər. Belə ki, reklam lövhəsində rəngarənglik və işıq qurğuları düzgün tənzimlənmədikdə, yola tuşlandıqda, o sürücülərin gözlərini qamaşdırar, görməni çətinləşdirər və diqqəti yayındırar.
“Reklam haqqında” qanun 26.5-ci maddəsinə açıq məkanda yerləşdirilən reklam yol hərəkətinin təhlükəsizliyi tələblərinə cavab verməli, yol hərəkəti iştirakçıları üçün təhlükə yaratmamalı, sürücülərin yol şəraitini qiymətləndirməsinə mane olmamalı və çətinləşdirməməli, yol hərəkəti nişanlarına və yazılarına bənzəməməlidir. Yol örtüyünün üzərində, yol hərəkəti nişanlarında, onların dirəklərində və digər tənzimləmə vasitələrində, yol qurğularında reklamın yerləşdirilməsi qadağandır.
Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) mətbuat katibi Hüseyn Azəri Bakıvaxtı.az-a bildirib ki, “Reklam qurğularının yol kənarında yerləşdirilməsi standartları”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin qərarına əsasən yol hərəkət iştirakçılarına mane olmadığı halda səkilərdə də reklam lövhəsi yerləşdirilə bilər.
Ramid İbrahimov
















