• Bakı 20° C

    5.21 m/s

  • USD - 1.7

    EUR - 1.8198

    RUB - 0.0182

 “Bəzi teatrlar monopoliyadadır” - Firuz Mustafa

MÜSAHİBƏ

15 Sentyabr 2022 | 16:32

 “Bəzi teatrlar monopoliyadadır” - Firuz Mustafa

70 yaşına rəğmən çox məhsuldar çalışır. Bu gün də bədii yaradıcılıqla, elmi fəaliyyətlə məşğul olur. Əsərləri nəşr olunur, başqa dillərə tərcümə edilir, pyesləri Azərbaycanda və ölkədən kənarda müxtəlif teatrlarda müntəzəm oynanılır. Səhnə həyatı yaşayan əsərlərinin dəqiq sayını itirsə də mədəniyyət sahəsinə cavabdeh rəsmi qurumların, teatr rəhbərlərinin dramaturqlara münasibətindən narazıdır.

Nasir, dramaturq, Əməkdar incəsənət xadimi və filosof Firuz Mustafa Bakıvaxtı.az-a ədəbiyyat, həyat, bu günümüzün problemləri barədə danışıb.

“Teatra əsər təqdim etmək əsərin özünü yazmaqdan da zülmə dönüb”

- Firuz müəllim, yeni teatr mövsümü başlayır. Son dövrlər teatrla ən sıx yaradıcılıq əlaqələri saxlayan, pyesləri Rusiyada, Ukraynada tamaşaya qoyulan dramaturqlardan biri kimi gözləntiləriniz necədir?

- Əvvəla onu deyim ki, tək Azərbaycanda deyil, hər yerdə dramaturqların sayı çox azdır, çünki bu, çox çətin sahədir. Bizdə isə ikiqat çətindir, elə vəziyyət yaradıblar ki, teatra əsər təqdim etmək əsərin özünü yazmaqdan da zülmə dönüb. Üstəlik, açıq deyim ki, bəzi teatrlar direktorların, bədii rəhbərlərin monopoliyasındadır, onlar yaradıcılıq prosesinə, baş rejissorun işinə müdaxilə edirlər. Bunu sizə tamaşaya qoyulan əsərlərinin sayını itirən Firuz Mustafa deyir, özü də tam məsuliyyəti ilə. İndi görün bu sahəyə gəlmək istəyən gənc bir müəllifi nə çətinliklər gözləyir. Bir neçə ildir ki, Mədəniyyət Nazirliyinin rəhbərliyi dəyişib, yeni kadrlar gəlib. Nə olsun? İndi heç nazirliyin yerləşdiyi binaya yaxın düşmək mümkün deyil. Nazirliyin rəhbərliyində təmsil olunan insanlar dünya şöhrətli Rüstəm İbrahimbəyovu Əməkdar artist kimi tanıyırlarsa nədən danışasan?

Dramaturq kimi yeni teatr mövsümündən təbii ki, gözləntilərim çoxdur, bunun əksini desəm, sizdə sual yaranar. Haqlı olaraq deyə bilərsiniz heç nə gözləmirsinizsə bəs onda niyə yazırsınız? Çox istərdim bu sahədə elan olunan islahat yeni teatr mövsümündə sözdən işə keçsin, islahatın real nəticələrini izləyə bilək. Hələ ki, ümid edirik, gözləyək görək, həyat nə göstərir...

- Siz həm də tanınmış filosofsunuz. Bədii əsər üzərində işləyəndə, xüsusi ilə pyes yazanda filosofluğunuz sizə nə dərəcədə yardımçı olur?

- Fəlsəfə bütün elmlərdən fərqlənir. Bəziləri fəlsəfəni elm, bəziləri isə dünyagörüşü hesab edir, uzun illərdir ki, bu mübahisə gedir. Bu, ayrı bir söhbətin mövzusu ola bilər. Bədii yaradıcılıqla məşğul olmaq, yəni şeir, hekayə, povest, roman və ya dram əsəri yazmaq zahirən filosofluğa yaxındır, amma təbii ki, fərq çoxdur. Başlıca fərqinə gəlincə, adından göründüyü kimi, fəlsəfə təbiətin, cəmiyyətin, insan idrakının ən ümumi qanunlarını öyrənir. Yəni, fəlsəfədə heç bir konkret ada rast gələ bilməzsən, çünki o fərdiləşdirmir. Bədii ədəbiyyat isə fərdlər barədə danışır, orda filosofluğa ehtiyac da yoxdur, fəlsəfə əsərin mahiyyətində üzə çıxmalıdır. Ona görə mən nəsr əsərlərimdə, pyeslərimdə filosofluq eləmirəm.

Azərbaycan və dünya ədəbiyyatında nəhəng imzalar var, məsələn, özünün konsepsiyasını yaradan Nəsiminin və yaxud, konseptual baxışları olan Hüqonun, Tolstoyun, əgər dramaturqlardan danışsaq Sartın, Kamyunun, Brextin, İoneskunun adlarını çəkə bilərik. Amma onlar heç bir bədii əsərində filosofluq etməyiblər. Əgər yazıçı öz əsərində filosofluq edirsə, deməli o, yazıçı deyil.

“Bu gün təbiətin özü insandan asılıdır”

- Bu gün cəmiyyətdə baş verənlərə bir filosof kimi münasibətinizi bilmək maraqlı olardı...

- Proseslərə müxtəlif baxış bucaqları, yanaşmalar ola bilir. Hər hansı bir məsələyə kulturoloq bir cür yanaşır, sosioloq başqa cür, politoloqun fikri isə tamam fərqli olur. Biz sovet dövrünü yaşamış insanlarıq, yaxşı bilirik ki, o dövrdə qapalı bir mühit formalaşmışdı. Obrazlı şəkildə desək, sualtı müharibələr gedirdi, problem kimi görünən məsələlərə kosmetik bərbəzək vurur, suvaq çəkirdilər. Amma indi çox maraqlı bir zamanda yaşayırıq, eyni zamanda dəhşətli xaos var. Əvvəllər insan yaşadığı təbiətdən asılı idisə bu gün təbiətin özü bizdən asılıdır. Axmaq bir dövlət başçısı əlinin altındakı düyməni basmaqla dünyanı məhv edə bilər. Son günlər Ermənistanla həmsərhəd ərazilərimizdə baş verənlər, xain qonşuların mövqelərimizə hücumu bir daha göstərdi ki, hər an müharibə təhlükəsi ilə üz-üzəyik. Qlobal götürəndə dünyanın müxtəlif yerlərində belə həssas, gərgin nöqtələr var, müharibələr, silahlı münaqişələr gedir. Belə bir gərginlikdə yaşamaq insan üçün çox çətindir. Böyük Səməd Vurğun hələ ötən əsrin ortalarında yazırdı ki, qalib gələcəkmi cahanda kamal?! Əsr, zaman dəyişib, lakin bu sual hələ də aktuallığını saxlayır, necə deyərlər, əbədi bir sualdır. Hər halda ümid edirəm ki, bəşəriyyət öz sonluğuna imza atmayacaq.

- Ədəbiyyatımız bu gün cəmiyyətdə baş verənlərə adekvatdırmı?

- Bu mövzu daim cəmiyyətdə, ziyalılar arasında ciddi müzakirə mövzusu olur, mən özüm də yazılarımda, müsahibələrimdə münasibətimi bildirmişəm. Mənim qənaətimə görə, bu gün ədəbiyyatın da missiyası dəyişib. Tutaq ki, mən Tolstoyu, Folkneri, Heminqueyi, Markesi, Drayzeri, Borxesi, Aytmatovu oxuyanda həm də onların yaşadığı cəmiyyət barədə informasiya almağa çalışırdım. Lakin indi hər birimizin istifadə etdiyi mobil telefonlar bu missiyanı yerinə yetirir.

İndi bədii ədəbiyyatın bir vacib xüsusiyyəti də milli insanın düşüncəsində, əxlaqında, dünya görüşündə baş verənləri dünyanın istənilən nöqtəsində yaşayan insanın düşüncəsinə, əhvalına uyğunlaşdırmaqdır. Yəni, bu gün Gədəbəydə, Lənkəranda, Ucarda yaşayan müəllimin, bağbanın, çobanın başına gələn qəziyyə ümumbəşəri kontekstdə qəbul olunmalıdır. Bu gün dövlətlər, xalqlar, mədəniyyətlər arasında inteqrasiya bunu bir tələbə çevirib. Bu tələblərə cavab verən əsər yazmaq asan məsələ deyil və belə əsərlər tez-tez yaranmır.

- Məhsuldar yazıb-yaradan Firuz Mustafa indi hansı yeni əsər üzərində işləyir?

- Paralel olaraq bir neçə əsər üzərində işləyə bilirəm. Hələ çox cavan yaşlarımdan özümü buna öyrəşdirmişəm, ona görə də heç bir çətinlik hiss etmirəm. Bu dəqiqə yarımçıq bir neçə nəsr əsərim, iki pyesim var. Qismət olsa onları tamamlayacam. Hazır mənzum komediyam var-“Senatda toy”, digər bir adı isə “Parlamentdə toy”dur. Cəsarətli rejissor lazımdır ki, onu səhnəyə qoysun.

Etibar Cəbrayıloğlu


SON XƏBƏRLƏR