Pandemiya dövrü hər sahədə olduğu kimi, təhsil sahəsində də öz təsirini göstərir. Bu təsirlər nəzərə alınaraq bu il keçirilən bütün imtahanlarda müəyyən dəyişikliklər və yeniliklər edilir. Dünən də müəllimlərin işə qəbulu imtahanı keçirilib. Bəs pandemiyanın MİQ imtahanına təsiri olub? Keçən illə müqayisədə hansı yeniliklər edilib?
Mövzu ilə bağlı Bakıvaxtı.az saytına açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, pedaqoji ixtisaslara qəbul üçün ayrılan plan yeri dayandırılmalıdır:
“İlk növbədə qeyd edim ki, orta təhsil müəssisələrində işə qəbul üçün keçirilən MİQ imtahanları əhatəsinə görə Azərbaycanda ən böyük imtahandır. Təkcə bu il imtahanda iştirak etmək üçün elektron müraciət edən 62 min nəfərdən çox şəxsdən 59 mininin ərizəsi təsdiq edilib. Müəllimlərin işə qəbul imtahanı kütləviliyinə görə artıq dövlət qəbul imtahanlarına bərabər tutulur. Bu artıq Dövlət İmtahan Mərkəzinin imtahan keçirmə bacarıqlarına malik olduğunu göstərir. Digər tərəfdən imtahanda kütləviliyin olması imtahan prosesində şəffaflığın, obyektivliyin olduğunu göstərir. Artıq insanlar imtahan nəticələrinə inanır və bilirlər ki, işə qəbul prosesi yalnız bu vasitə ilə mümkündür. Hesab edirəm ki, bu il insanların kifayət qədər çox olması onu göstərir ki, vakant yerlərlə bağlı məsələyə yenidən baxmaq lazımdır. Çünki bayaq da qeyd etdiyim kimi, imtahanda iştirak etmək üçün 59 minə yaxın insanın ərizəsi təstiq olunub, amma onlardan 8-9 min nəfəri işə qəbul edəcəklər. Vakant yer olmadığına görə 50 mindən çox şəxs isə işə qəbul prosesindən kənarda qalacaq. Hesab edirəm ki, bu rəqəmlər onu deməyə əsas verir ki, pedaqoji ixtisaslara qəbul olmaq üçün olan plan yerini dayandırmalıyıq. Çünki hər il pedaqoji fəaliyyət üçün bu qədər müəllim qəbulu həyata keçiririk, ancaq o qədər vakant yerimiz yoxdur. Kifayət qədər işləməyən insan kütləmiz var. Hələ tək bu il 50 mindən çox şəxs pedaqoji ixtisası bitirsə də, işə qəbul olmaq imkanına malik olmayacaq.”

Ekspert imtahanda daha çox ixtisas biliklərinin yoxlanılmasının vacibliyindən söz açıb:
“Digər vacib bir məqam da imtahan sualları ilə bağlıdır. Hesab edirəm ki, imtahan iştirakçılarına təqdim edilən kurikulum ilə bağlı suallar olmamalıdır. Çünki bununla bağlı Təhsil Nazirliyin hər hansı bir vəsaitinin olmaması birbaşa özəl sektorun rolunu artırır. Təcrübədə görürük ki, keçirilən imtahanlarda mövcud vəsaitin olmaması səbəbilə birmənalı şəkildəTəhsil Nazirliyinin qeyri-rəsmi formada dəsdəklədiyi vəsaitə güc verilir. Ümumiyyətlə, fikrimcə, işə qəbul imtahanında daha çox iştirakçıların ixtisas bilikləri yoxlanılmalıdır. Çünki bizim üçün birmənalı şəkildə orta məktəblərdə ixtisasını bilən şəxslərin olması vacibdir.”
Kamran Əsədov imtahan sualları ilə bağlı iradlarını da qeyd edib:
“Digər imtahanlardan fərqli olaraq, pandemiyanın imtahan nəticələrinə təsirini gözləmirik. Çünki müəllimlərin işə qəbul imtahanında iştirak edən şəxslər ali təhsilli və bu sahə üzrə mütəxəssisdirlər. Yəni onların hər hansı bir hazırlığa və ya ciddi vəsaitə ehtiyacları yoxdur. Ona görə mən hesab edirəm ki, ən vacib məqam orta təhsil müəssisələrində işləyə biləcək daha bilikli, bacarıqlı, psixoloji baxımdan dayanıqlı, problemli situasiyadan çıxa bilən və şagirdlə işləyə bilən şəxsləri seçməyimizdir. Çünki əvvəlki imtahanlarda bəzi yüksək bal toplayan şəxslər sonradan şagirdlərlə işləyə bilmədilər, hətta jurnal yazmaqda belə çətinlik çəkənlər oldu. Bütün bunlar onu deməyə əsas verir ki, bizim yoxlama və ölçmə üçün cəlb etdiyimiz suallar düzgünn seçim etmək üçün kifayət deyil. İşə qəbul prosesinin mərhələləri şəffaf və obyektiv ola bilər, amma biz onu tam olaraq keyfiyyətli hesab edə bilmərik. Çünki bəzi hallarda burda işə qəbul edilən şəxslər özünü doğrultmur. Bütün hallarda, göstərilən etimad qarşıya qoyulmuş məqsədə tam olaraq çatmağa imkan vermir. Ona görə də düşünürəm ki, imtahanda iştirakçıların kurikulum biliklərini yox, yalnız ixtisas biliklərini yoxlamalıyıq ki, daha bilikli şəxslər əmək bazarına daxil olsunlar. Hətta əvvəlki illərdə iştirakçılara məntiq sualları da verilirdi, indi isə bu suallar yoxdur. Məncə bu məsələnin özü belə imtahanın sadələşməsinə gətirib çıxarır. Yəni imtahan iştirakçılarını ixtisasdankənar, fərqli biliklərlə yoxlamamalıyıq. Bizə iqtisadi baxımdan hesablama apara biləcək şəxs yox, ixtisasını bilən şəxslər lazımdır”.
Aytac Aslan
















