• Bakı 13° C

    7.96 m/s

  • USD - 1.7

    EUR - 1.8505

    RUB - 0.0187

Blinkenin zəngi: ABŞ ikitərəfli formatı dəstəkləyir, amma...

SİYASƏT

29 Aprel 2024 | 16:45

Blinkenin zəngi: ABŞ ikitərəfli formatı dəstəkləyir, amma...

Xəbər verdiyimiz kimi, aprelin 28-də ABŞ Dövlət katibi Antoni Blinken Prezident İlham Əliyevə zəng edib.

Antoni Blinken ilk növbədə Ermənistan ilə Azərbaycan arasında sərhədlərin delimitasiyası sahəsində əldə olunmuş razılaşma ilə bağlı təbriklərini çatdırıb. Bunun ABŞ tərəfindən təqdir edildiyini vurğulayıb. Dövlət katibi ABŞ-nin Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyinin irəli aparılması üçün bundan sonra da dəstək göstərməyə hazır olduğunu bildirib.

Dövlətimizin başçısı iki ölkənin delimitasıya komissiyası tərəfindən əldə olunmuş razılaşmanın ikitərəfli əsasda aparılmış dialoq və qarşılıqlı anlaşma şəraitində keçirilmiş müzakirələrin nəticəsi olduğunu qeyd edib. Prezident İlham Əliyev delimitasiya prosesinin ardınca iki ölkənin sərhədində artıq demarkasiya işlərinin başlanmasının da müsbət bir addım olduğunu vurğulayıb.

Prezident sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsi üçün Qazaxıstan tərəfinin təklifinə uyğun olaraq tezliklə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatıda görüşəcəklərini bildirib. Sülh müqaviləsinin və onun əsasını təşkil edən 5 prinsipin təşəbbüskarının Azərbaycan Respublikası olduğunu xatırladan Prezident İlham Əliyev ölkəmizin sülh gündəliyinin bundan sonra da davam etdirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb və Azərbaycanın bu xüsusda qəti siyasi iradəyə malik olduğunu qeyd edib. Dövlətimizin başçısı bildirib ki, Azərbaycan regionda hər hansı ayırıcı xətlər olmadan inteqrasiya olunmuş Cənubi Qafqaz regional əməkdaşlıq modelinin qurulmasını dəstəkləyir.

Siyasi şərhçi Asif Nərimanlı Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, ABŞ Dövlət katibi Antomi Blinkenin Prezident İlham Əliyevlə və Nikol Paşinyanla eyni vaxtda danışması və sərhədin Qazax istiqamətində delimitasiyasını alqışlaması bu məsələnin Bakı-İrəvan xəttində ikitərəfli formatda həllindən qaynaqlanır.

Ekspertin sözlərinə görə, ABŞ bununla ikitərəfli formatı dəstəklədiyini, amma həm də prosesdə aparıcılıq etmək niyyətini də bildirir, yaxud bunu rəqiblərə - Rusiyaya nümayiş etdirməsi kimi qəbul edə bilərik:

"Çünki həm ABŞ, həm Rusiyanın Bakı-İrəvan danışıqlarında aparıcı olması baş tutmur, buna görə hər iki tərəf digərinin iştirakındansa, danışıqların ikitərəfli formatda olmasından maraqlıdır. Dövlət katibinin İrəvan və Bakıya zəngi, prosesi təqdir etməsi ABŞ-nin prosesdə rolunu artırmaq məqsədi daşıyr. Bununla yanaşı, ABŞ başda olmaqla Qərb Azərbaycan-Ermənistan sərhədinin Qazax-Tavuş istiqamətindəki prinsiplərə uyğun delimitasiya-demarkasiya edilməsindən yanadır. Söhbət Almatı bəyyanaməsinə istinaddan gedir, yəni SSRİ dağılanda mövcud xətlərin əsas götürülməsi. Bu, Ermənistana və bu ölkənin təhlükəsizliyi üzərindəın bölgədə mövqelərini gücləndirməyə çalışan Qərbə sərfəlidir. Blinkein zəngində və hazırki delimitasiya-demarkasiya prosesini dəstəkləməsində hədəflərdən biri də sərhədin digər hissələrində də eyni yanaşmanın tətbiq edilməsini istəmələridir".

Asif Nərimanlı, siyası şərhçi

Analitikin fikrincə, belə bir zəng Prezident İlham Əliyevə Azərbaycanın da mövqeyini çatdırmaq imkanı verir:

"Dövlət başçısı konkret mesajlar verdi. Burada diqqətçəkən məqamlardan biri də rəsmi məlumatda “ABŞ-nin Azərbaycanda insan haqları ilə bağlı addımlarını dəstəkləməsi” qeydidir. Bu, “ABŞ Azərbaycana sanksiya tətbiq edəcək” kimi iddiaların doğru olmadığının Blinken tərəfindən bəyan edilməsidir".

Aydın Baxış


SON XƏBƏRLƏR

16 May 2024