Ötən il ərzində ölkədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 56 314 nikah və 17 191 boşanma halları qeydə alınıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə nikahların sayı 2020-ci ilə nisbətən 60 faiz artaraq onun səviyyəsi 5,6, boşanma səviyyəsi isə 13,3 faiz artaraq 1,7 təşkil edib.
Nikah səviyyəsi Bakı şəhərində (6,2), Şəki-Zaqatala (6,1), Dağlıq Şirvan, Qarabağ və Quba-Xaçmaz (5,9) iqtisadi rayonlarında və Naxçıvan Muxtar Respublikasında (5,8), boşanma səviyyəsi isə Bakı şəhərində (2,3), Abşeron-Xızı, Gəncə-Daşkəsən və Şərqi Zəngəzur (2,0), Qarabağ (1,8) iqtisadi rayonlarında ölkə göstəricilərindən yüksək olub.
Əvvəllər rayonlarda boşanma halları az olardı, hətta boşanmalara pis baxılardı. İndi isə... Ümumiyyətlə, boşanmalar nədən artıb?
Sosioloq Əhməd Qəşəmoğlu Bakıvaxtı.az-a bildirib ki, rayonlarda boşanmaların sayının artması xoşəgəlməz haldır: “20-30 il əvvəl evlənən gənc oğlan da, qız da ailə qarşısında məsuliyyətinin olduğunu bilirdi. İndi bu anlayış həm kənd, həm də şəhərdə itib. Məsuliyyətsizcəsinə evlənirlər. Otuz il əvvələ qədər rayonlarda ciddi ictimai qınaq var idi. Kimsə boşananda, evində söz-söhbət olanda qonum-qonşu ona pis baxırdı. O vaxt din baxımdan da məsuliyyətli yanaşırdılar. Düzdür, sovet vaxtında din bir az gizli şəkildə davam edirdi, amma insanlar bu şeylərdən qorxurdu. İndi bunlar hamısı qatışıb bir-birinə”.
Sosioloqun sözlərinə görə, insanın davranışına təsir edən dörd mühüm amil var: İnsanın, xalqın şəxsi xüsusiyyətləri, mühit, alınan informasiyalar və verilən dəyərlər: “Bizim xalqın fərdi xüsusiyyətləri ailə üçün çox yaxşıdır. Azərbaycan xalqının minillik ailə adət-ənənənəsi var, bu potensialdan istifadə etməliyik. Mühit isə pis gündədir, hamı boşanır, məsuliyyət itib. Əvvəllər insanlar yaxşı filmlərə baxır, gözəl ədəbiyyat oxuyur, maraqlı informasiyalar alırdılar. İndi bunların hamısının yerini zorakılıq, sosial şəbəkələrdəki sərgüzəştlər tutub”.
Ə.Qəşəmoğlu deyib ki, mənəvi dəyərlərin öndə olduğu ölkələr özünü tənzimləyir. Mənəvi dəyərləri sıxışdıranda, arxa plana keçəndə belə gərginlik olur. İndi ailələrdə mənəvi dəyərlər arxa plana keçib.
Dediyinə görə, bunun qarşısını almaq üçün ölkədə hökmən humanitar və sosial siyasət dəyişməlidir: “Bu cür getmək olmaz. Təkcə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi burda heç nə edə bilməz. Onlar icraçı mexanizmdir. Ümumən siyasət dəyişməli, hər şey elmi əsaslarla qurulmalıdır. Belə başlı-başına buraxmaq çox təhlükəlidir”.
Sosioloq bildirir ki, boşanma olduqda təkcə ər və arvad düşünülməməlidir. Onlardan beş qat vacib olan evdə böyüyən uşaqlardır. O uşaqların gələcəyi məhv olur, gərginlik, qışqır-bağır, söyüş, qalmaqal içində böyüyür: “O uşaqların təhsili də olmur. Həyata baxışı, vətənpərvərliyi - bir sözlə, hər şeyi zay olur. Ona görə, üç dəfə SOS siqnalı çalmaq və təcili sürətdə bu şeylərin qarşısını almaq lazımdır”.
Aytac Aslan
















