Bu gün Novruz bayramının sonuncu çərşənbəsi - İlaxır çərşənbədir
Bakıvaxtı.az xəbər verir ki, çərşənbələrin sonuncusu “İlaxır çərşənbə”, “Torpaq çərşənbə”, “Axır çərşənbə”, “Böyük çərşənbə” və s. adlarla tanınır.
Bakı Dövlət Universitetinin Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasınınn dosenti, filologiya üzrə fəlsəfə doktoru Məhəmməd Məmmədli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, bu çərşənbə torpağın qış yuxusundan ayılması, əkinçilik həyatının başlanğıcını rəmzləşdirir: “Torpaq həyat mənbəyi və yaradıcı olduğundan ona “ana torpaq” deyə ehtiram göstərirlər. Bu gün də torpağa sədaqət, məhəbbət Anaya, Vətənə məhəbbətlə bərabər tutulur, Qədim türk düşüncəsinə görə, torpaq təpərdir, onda qeyri-adi güc var. Bu çərşənbə torpağın və özündən əvvəlki 3 mühüm ünsürün –su, od, yelin oyanması və əkinçilik həyatının başlanmasına işarədir. Bir sıra bölgələrdə, o cümlədən Naxcıvan, Urmiya, Ərdəbil və s. ərazilərdə bu çərşənbə özünün təntənəsi, ayin və inancları ilə Novruz şənliyinin özünü belə kölgədə qoyur. İlaxır çərşənbə gecəsinin dan qaranlığında, yəni səhər tezdən insanlar su üstünə gedər, suya salam verib, 3 dəfə suyun üstündən hoppanar, həmin axar suyun əl-ayaqdan uzaq bir səmtində saxsıdan olan bir qab sındırıb deyərlər: ”Nə ki, ağrı-acımız, qada-bəlamız varsa, hamısı bu saxsıynan getsin”. Sonra sudan bir səhəng doldurub gətirər həyət-bacaya, ev-eşiyə, mal-qara üstünə səpilir. Bu ilin xoş keçməsi, ağrı-acının olmaması istəyini ifadə edir”.
Onun sözlərinə görə, axşam isə tonqallar alovlanar, üzərlik yandırılar, bacalardan qurşaqlar, şallar sallanar, qulaq falına çıxar, oyunlar oynanılardı: “Axır çərşənbə günü tonqalı ilə hər kəs və hər şey çillədən təmizlənir. İnsanlar odun üstündən tullananda onların bütün ağırlıqları - qada-bəlaları, xəstəlikləri, çətinlikləri oda tökülərək yanır. Cavanlar göyün üzünə lopa atıb onu işığa qərq etməklə, sanki səmanı da köhnə ilin ağırlıqlarından, pisliklərindən təmizləmək istəyirlər. İlaxır çərşənbədə təzə paltar geyinmək uğur gətirər, küsülülər barışar, içki içilməz, nəlayiq işlər görülməz. İlaxır çərşənbədə el ağsaqqalları səməni xonçası hazırlatdırıb bütün kənddə evləri gəzər, evində qara bayram olan və ya bayramı qeyd edə bilməyənləri bu xonçaya qonaq edər, kasıb insanların evlərinə bayram nemətləri göndərərdilər. Bu da bir daha sübut edir ki, Novruz həm də xeyirxahlıq, bərabərlik və humanizm bayramıdır”.
M.Məmmədli deyib ki, İlaxır çərşənbə süfrəsində “yeddiləvin və ya yeddilöyün” xonçası mühüm yer tutur: “Xonça 7 nemətdən - çörək, duz, üzərlik, kömür, güzgü, su və yumurtadan ibarət olur. Bu zaman süfrəyə şirniyyat, çərəz, şam düzülməli, həmçinin çığırtma və ya kişmişli ləvəngi plov qoyulmalıdır. Azərbaycanın bəzi bölgələrində, xüsusilə Ordubadda ilaxır çərşənbə ”yeddiləvin” adı ilə məşhurdur. Xonçanın adındakı “Yeddi” müqəddəs rəqəmdir və 7 planeti, göyün 7 qatını, yəni dünyanın, kainatın birliyini, tamlığı ifadə edir. İlaxır çərşənbə və Novruz bayramı süfrəsi üçün tutulmuş xonçada adları “s” hərfi ilə başlayan, “Yeddi sin” adlanan 7 nəsnə olmalıdır. Buraya su, səməni, sünbül, sumaq, soğan, sucuq və sarımsaq daxildir. Bəzi tədqiqatçılar bildirirlər ki, “Yeddi sin” xonçasında yalnız şirin şeylər, yəni su, səməni, sünbül, süd, səbzi, səməni halvası və sucuq olmalıdır. Ərdəbildə “Həft sin” mərasimi üçün aşağıdakılardan istifadə edilir: sirkə, sarımsaq, səbzi, sumaq, sikkə, saat, su. Sirkə-fəallığı, gücü, sarımsaq sağlamlığın, səhhətin, səbzi (göyərti) ümidin, sumaq- bolluq və niyyəti, sikkə zənginliyin, var-dövlətin, saat uzun ömürlülüyün, su isə aydınlığın rəmzi hesab edilir”.
Həmçinin, qeyd bildirib ki, İlaxır çərşənbənin adət-ənələrində dünyanın, kainatın, bütün varlıq aləminin, həyatın yaranması öz əksini tapırsa, ikinci bir tərəfdən ilaxır çərşənbənin adət-ənənələrində magiya-sehr və sehr ilə bağlı ovsunlar icra edilir:
“İlaxır çərşənbə ayinlərindən bəzilərini xatırlayaq:
Axır çərşənbə gecəsinin səhəri evin damına buğda atarlar ki, bərəkət artıq olsun.
Bu çərşənbə gecəsi qızlar xeyli aralıdan arxası qapıya durub ayaqlarındakı ayaqqabınn bir tayın geriyə doğru atarlar. Əgər ayaqqabının burnu qapıya tərəf düşsə demək yaxın vaxta həmin qız ərə gedəcək və səadətinə qovuşacaq.
Başqa bir inamda deyilir ki, axır çərşənbə axşamında bir neçə parça kömürü, bir ovuc duz və bir-iki dənə də qara pulu bir kuzəyə qoyub damdan atarlar. Deyilənə görə, kömür qara günləri, duz gözü şorluğu, acgözlüyü, qara pul isə yoxsulluğun əlamətidir. Onları kuzəyə qoyub damdan atmaqla məqsəd qara gündən, gözüşorluqdan, yoxsulluqdan bir dəfəlik canını qurtarmaq arzusu ilə bağlıdır.
Axır çərşənbədə dünyadan köçənlərin ruhu bir anlığa evinə, oğul-uşağına, qohum əqrabasına baş çəkməyə gəlir. Gün axşama qədər ev-eşikdə, qapı-bacada xoş ovqatlı, üzügülər olmaq, ətirli-dadlı yeməklərdən bişirmək gərəkdir ki, uluların ruhu gəlib özlərindən sonrakıların gün-güzəranını xoş görsün ki, qayıdıb əmin-arxayın gedə bilsin və s.”.
Dosent vurğulayıb ki, axır çərşənbənin əsas adətlərindən biri qurşaqsallama, şalsallama, papaqatdı, baca-baca, “nünnünü” adlanır: “Axır çərşənbə gecəsi cavanlar qapı ağzına qurşaq, dısmal və ya bel şalı atıb gözə görünməyərək pusquda durmaqla evlərdəki Çərşənbə süfrələrindən pay istəyirlər. Ev sahibləri də dəsmala bayram sovqatı qoyub geri qaytarardılar. Bəzən cavanlar gözaltı etdikləri qızların evlərinə bel şalını bacadan, pəncərədən və ya damdan həyatə sallamaqla, qızın və ailəsinin bu işə münasibətini verilən paydan müəyyənləşdirərdilər, belə ki, payın bol qoyulması, şirin şeylər razılıq əlamətini bildirirdi. İlaxır çərşənbədə insanlar müxtəlif əyləncələr, oyunlar, fallar keçirməklə bədxah qüvvələrə meydan oxumuşlar. Məsələn, “qulaq falı”. “qulağagetmə”, “qapıpusma” və s. adlarla tanınan, bəxt, niyyəti sınamaq məqsədilə icra olunan ayindir. Novruz bayramının ilaxır çərşənbəsində hava qaralandan sonra qulaq falına çıxırlar. Ürəyində niyyət tutan şəxs özü ilə bir qab su, güzğü, açar götürüb qonşu qapılarına gedirlər. Xəlvətcə içəridə danışılan söz-söhbətə qulaq asır. Eşitdiyi ilk sözləri ürəyində tutduğu niyyətlə tutuşdurur. Əgər sözlə niyyət arasında uyğunluq varsa, deməli, arzu, istək tezliklə həyata keçəcəkdir”.
M.Məmmədli çərşənbədə icra olunan fallar haqqında da məlumat verib: “İlaxır çərşənbədə icra olunan fallardan biri də “Üzüksalma falı”dır. Bu çərşənbədə ərgən qızlar bir otağa yığışıb dilək tası qurardılar. Ortalığa dərin bir mis qab qoyar, sonra hər qız həmin qabın içinə öz üzüyünü atardı. Üzükləri qabın içində iki-üç kərə qarışdırar və balaca bir oğlan uşağına bildirərdilər ki, bayatı oxunub başa çatan kimi tasın içindəki üzüklərdən birisini götürüb gətirərsən. Bayatıdan sonra kimin üzüyü qabdan çıxarılsa, onun diləyi həmin bayatıdakı diləyə yaxın bir axarda yozulardı. İlaxır çərşənbədə gənc qızların keçirtdiyi fallar içərisində “İynə falı” xüsusi yer tutur. Gənc qızlarsu dolu kasaya uclarına pambıq sarınmış 2 iynə salırlar. Əgər suda üzən iynələr ulduz tərəfdən bir-birinə yaxınlaşarsa, ürəyində niyyət tutan istəyinə çatacağına inanır və s. Torpağın müqəddəsliyinə, qüdrətinə inanan əcdadlarımız “Torpağın bərəkətli olsun!”, “Torpağın həmişə gül bitirsin!” alqışlarını, and içərkən “Torpaq haqqı, yer haqqı”, - demişlər”.
Qeyd edək ki, Azərbaycanda Su çərşənbəsi 21 fevralda, Od çərşənbəsi 28 fevralda, Yel çərşənbəsi 7 martda qeyd olunub.
Azərbaycana yaz fəsli 21 martda Bakı vaxtı ilə saat 01:24-də daxil olacaq.
Bütün arzu və istəklərinizin həyata keçməsi diləyi ilə, İlaxır çərşənbəniz mübarək!
Aytac Aslan
















